Bəyaz gecələrdə xoşbəxtlik Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün yenicə bitirdiyim qısa roman haqqında danışmaq istəyirəm. Əsərin adı “Bəyaz gecələr”dir, müəllifi isə Dostoyevskidir. Qısa roman olmasına baxmayaraq, içində bir çox hadisəni olduqca təsirli şəkildə təsvir edir. Elə bunlardan biri də bu günün ən böyük problemlərindən olan xoşbəxtlik anlayışıdır.

 

Hal-hazırda əksər insanların ən çox axtardığı və heç cür razı düşmədiyi bir xoşbəxtlik sindromu var. İnsanlar xoşbəxtliyi axtarır, amma nə ilə razılaşacaqlarını bilmirlər. Hər kəs xoşbəxtliyi fərqli görür və fərqli arzulayır. Kim üçün bu, bahalı yaşamdır; kimi üçün sakit bir ev; kimi üçün isə bir şeyə bağlı qalmaqdır.

Dostoyevski bu əsərdə göstərir ki, xoşbəxtlik böyük şeylərdə yox, bir anın içində gizlidir. Və o göstərir ki, xoşbəxtlik sahib olmaq yox, hiss etməkdir. Əsərin qəhrəmanı olan xəyalpərəst oğlan öz sevdiyinə qovuşa bilməsə belə, üzülmür. Çünki onun üçün xoşbəxtlik sadəcə sevilmək deyil, sevməyə icazə verilməkdir.

Bəzən xoşbəxtlik o anın varlığı ilə kifayətlənməkdir. Əsərin sonunda deyilir ki, əgər həyatda bircə dəqiqə belə xoşbəxtsənsə, bu bircə dəqiqə bütün bir insan ömrü üçün azdırmı?

Mən isə deyərdim: bəzən bir dəqiqəlik xoşbəxtlik bir ömrə sığmayacaq qədər çoxdur. Həyatda xoşbəxt olduğun bir dəqiqə belə varsa, həyata tutunacaq gücün var deməkdir. Xoşbəxtsənsə, demək ki, yaşayırsan.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.