“Küllü təpə xəyanəti” - HEKAYƏ Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1953-cü ilin yazı idi. Göyçənin hələ də qarı əriməmiş dağları arxasında günəş çəkincək boylanır, baharın ilk sərin nəfəsi torpağa hopurdu. Amma bu bahar Daşkənd camaatı üçün o qədər də xoş gəlmirdi. Mərkəzi Komitənin illər əvvəl – 1948-ci ildən başlayaraq, gizlicə həyata keçirdiyi plan indi onların da qapısını döymüşdü: Ermənistan ərazisində yaşayan azərbaycanlıların dədə-baba yurdlarından köçürülməsi əmri gəlmişdi. Beş ildir ki, bu “sakit” deportasiya davam edirdi. Sıra indi Daşkəndə çatmışdı. Kənddə hər kəs narahat idi: kimisi həyətindəki gilas ağacına baxır, kimisi ata-babasının qəbrini ziyarət edib göz yaşını silir, kimisi də qapısının ağzında susqun dayanıb qonşunun üzünə baxmağa utanırdı. Heç kəs köçmək istəmirdi. Rəsmi izah isə guya “kasıbçılığın aradan qaldırılması” idi. Deyirdilər ki, guya Azərbaycan SSR-də daha yaxşı dolanışıq var, köçürülənlər oradakı kolxoz və sovxozlarda işlə təmin ediləcək. Amma hər kəs bilirdi ki, bu, yalanın naxışlanmış örtüyüdür. Əsl məqsəd Ermənistanı azərbaycanlılardan təmizləmək idi. Bu acı həqiqəti dilə gətirmək  özünə ölüm hökmü yazdırmaqla eyni idi. Repressiya illərinin qorxusu, müharibənin yarası hələ sağalmamışdı. İnsanların ürəyi etiraz edirdi, amma dili susurdu.

Kəndin ağsaqqalı Fəzi kişi günlərlə kəndin başbilənləri ilə məsləhətləşir, çıxış yolu axtarırdı. Həmin gün də evinin eyvanında oturmuş, qalyanını yandırıb dərindən fikrə getmişdi. İllərlə hər cür çətinliyin qarşısında dik dayanmış bu kişi indi özünü aciz, çarəsiz hiss edirdi. 41–45-ci illərin qanlı müharibəsindən sağ qayıtmışdı. Amma indi qarşısında dayanan düşmən top-tüfənglə yox, məkrlə, əmrlə, köç adı ilə gəlirdi.

“Nə deyim camaata? Hara getsinlər, necə getsinlər, niyə getsinlər?” – suallar beynini qurd kimiyeyirdi. Onun yadına 1918-ci il hadisələri düşdü. O vaxt da düşmənin niyyəti eyni idi, sadəcə üsulu dəyişmişdi. O illərdə Fəzinin 13-14 yaşı olardı. Göyçə gölünün üstündə sükut asılmışdı. Sanki gölün mavi suları baş verənləri görmək istəmir, səmanı əks etdirməyə belə utanırdı. Amma Daşkənd camaatı artıq susa bilmirdi. Həmin vaxt daşnak qoşunlarının başında Andranikin silahdaşı, amansız Selikov dayanırdı. O, kəndləri bir-bir yandırır, qoca-cavan demədən insanları qırır, Göyçə ətrafını qana boyayırdı. Lakin bu torpaqlar daş kimi sərt, su kimi coşqun oğullar yetişdirmişdi. O igidlərdən biri də Hacı Rəhim idi. Artıq səbr kasası daşan Hacı Rəhim yoldaşları ilə məsləhətləşdi. Selikovun hərəkət marşrutunu, sərxoşluq vərdişlərini və qəfil hücum yerlərini öyrəndilər. Bir səhər tezdən Zod kəndi yaxınlığındakı dar dağ yolunda pusqu qurdular. Bura elə bir yer idi ki, qartallar belə nadir hallarda enirdi. Selikov dəstəsi həmin yoldan keçərkən qəfil hücum başladı. Döyüşdə Hacı Rəhim qılıncı ilə Selikovun başını bədənindən ayırdı. Bu qisas xəbəri daşnakların qəzəbini daha da artırdı. Onlar yeni hiylə qurdular: kəndin ağsaqqallarını və başbilənlərini: Aşıq Nəcəfi, Məşədi Qasımı, Aşıq Ələsgəri, Hacı Rəhimi və başqalarını “barışıq” adı ilə qonaqlığa çağırdılar.Barışıq qonaqlığı Küllü təpə deyilə ərazidə baş tutacaqdı. Bəziləri bu dəvətə inanmadı, bəziləri isə ümidlə getdi. Məşədi Qasım isə ehtiyatlı idi. Çuxasının qolunda gizlətdiyi köhnə tapançasını sazladı. O, bilirdi ki, erməni ilə barış Göyçə gölünə Quran ayəsi yazmaq kimidir. Qonaqlıqda əvvəlcə şərbət, sonra yemək gətirildi. Amma bu bəzi qonaqların son qurtumu olacaqdı. Məşədi Qasım ermənilərin hərəkətindən şübhələnib tapança ilə atəş açdı. Anidən dava başladı. Hacı Rəhim və Məşədi Qasım mühasirəni yarıb bir neçə nəfəri xilas etdi. Amma Aşıq Nəcəfi ələ keçirdilər. Daşnaklar xalqın sevimli söz ustadını – Aşıq Ələsgərin şəyirdini yerə yıxıb belinə samovar bağladılar. Onun sazını doğrayıb qalaqladılar, samovarı qalaqları ilə alışdırdılar, sonra isə odu elə aşığın kürəyində yandırdılar. Aşığın kürəyində samovar qaynasa da, nəğmə oxuyur, gülür,elini,obasını məth edirdi. Düşməni sevinməyə qoymurdu.. Hələ bu da azmış kimi, ermənilər onun dörd oğlunu Küllü Təpəyə gətirib gözləri önündə güllələdilər. Ölən öldü, qalanları isə yaralı halda diri-diri torpağa basdırdılar.

Kənddə silah demək olar ki, yox idi. Amma dayandoldurum, balta, yaba ilə belə insanlar dirəniş göstərməyə çalışdılar. Qadın-kişi, uşaq-ahıl – hamı bir olub namusunu, evini qorumağa qalxdı. Lakin daşnaklar kəndi yandırmağa başladı. Çoban daxmaları, un dəyirmanları, hətta qəbiristanlıqlar belə dağıdıldı. Bu qırğının sonunun görünmədiyini anlayan Məşədi Qasım qadınları, uşaqları və qocaları toplayıb Keydi dağının keçilməz yollarına tərəf apardı. Məqsəd Kəlbəcərə çatmaq idi. Əsrlər boyu sükutla dayanmışdı, xalqın and yerinə çevrilmiş, düşmənə bəla,dostda səngər olmuş dağın indi isə qoynunda bir xalq yurdundan didərgin düşüb  addımlayırdı. Ayaqlar altındakı daşlar belə bu ayrılığı hiss edib ağlayırdı. Körpəsini qucaqlayan analar, babasının addımını təqlid edən uşaqlar – hər addım bir vida idi.

Keydi dağının zirvəsinə çatanda Məşədi Qasım geri döndü. Kəndin alovlar içində yanmasını gördü, diz çökdü. Oğlu Fəzini yanına çağırdı:

— Oğul, sən artıq böyümüsən. El-obamızın taleyi sənin və yoldaşlarının əlindədir.

— Dədə, sən hara gedirsən ki? Elə danışırsan, sanki ayrılırıq.

— Ayrılırıq, oğul. Mən silahdaşlarımla kəndə qayıdıram.

— Kənd alışıb yanır, onların silahı çoxdur. Siz onlara nə edə bilərsiniz?

— Narahat olma, Fəzi. Onların topxanası da olsa, bizim kimi ürəkli olm bilməzlər . Onlar gəlmədilər, yad yerdən gəliblər. Biz isə bu torpağın hər cığırını tanıyırıq. Qalib biz olacağıq. Bir də ki, biz qayıtmasaq, siz geri dönməyi düşünərsinizmi?

— Dönərik, dədə. Evimizi Kəlbəcərə yerləşdirək, sonra birlikdə qayıdaq.
— Bax, gördünmü, oğul? Mənim üçün o kəndin qəbiristanlığında yatanlar da sənin qədər əzizdir. Məni geri çəkən o ruhlardır. Gedin. Bir gün siz qayıdacaqsınız. O zaman kəndin ən yüksək yerinə çıx, mənim nişanımı axtar. Mən ən hündür çinarın başında, ən soyuq bulağın gözündə, ən sərt qayanın qaşında olacağam.

Məşədi Qasım oğlu Fəzini möhkəm qucaqladı:— Anan, bacıların, qardaşın sənə əmanətdir.

Məşədi Qasım bunu deyib, yoldaşları ilə birlikdə dar cığırla kəndə doğru eynməyə başladılar…

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.