Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir.
GÜNEL ANARQIZI.“VAQİF ƏMİ, İSTƏMİRƏM ÖLƏSİZ”
Bilmirəm, bəlkə də mən bu yazını status kimi yox, böyük, sanballı məqalə şəklində yazmalıydım. Bəlkə də yazacam hələ, kim bilir? Ancaq bir şeyi dəqiq hiss edirəm, ona mütləq nə zamansa nəsə ithaf edəcəm. Vaxtilə onunla bir neçə müsahibə (jurnal və TV-də) hazırlamışdım, çəkilməyən filminin ssenarisi haqqında məqalə yazmışdım, o da, öz növbəsində, mənim ilk kitabıma yazılan ön sözün müəllifi idi. Uşaqlıqdan bəri tanıdığım, şeirləri və pyesləri ilə böyüdüyüm, sevdiyim, mənəvi atam kimi qəbul etdiyim, evimizin hər zaman ən əziz qonağı olan nəhəng bir adam üç gün öncə dünyasını dəyişdi.
Bütün bu günlər özümə yer tapa bilmədiyimdən hisslərimi nə burda, nə də başqa bir yerdə ifadə edə bildim. Bu miqyasda adamlar həyatdan köçəndə, demə, belə olurmuş. Bir dəfə ona zəng vurdum. Deyəsən, soyuq bir payız axşamıydı. Bağdaydı. Təkdi. Səsimi eşidib sevindi, bir xeyli söhbət etdik. Məncə, o an əhvalı yaxşı idi. Bir müddət keçəndən sonra görüşəndə saralmış bir bloknot səhifəsində yaşıl qələmlə yazdığı şeiri mənə uzatdı. Demə, həmin şeiri o telefon söhbətindən sonra yazıbmış. Şeiri sizinlə də bölüşmək istəyirəm.
Yer üzünün bir küncündə,
Yalqızlığın bir günündə,
Nə Allahdan, nə bir dindən,
Dünyanın bütün yükündən,
Əyilmiş insan çiynindən,
Zavallı yorğun beyindən,
Təngə gəldiyim bir anda,
Sən demə, özgə bir yalqız
Varmış yalqızlıq yanında.
Telefondan bir səs gəldi,
Gözəl bir avaz gəldi:
– Bir sirrim var, istəyirəm biləsiz,
Vaqif əmi, istəmirəm öləsiz.
Vaqif əmi, o gündən bu günə heç nə dəyişməyib. Allah Sizə rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)


