Günel Anarqızı - “Vaqifin köhnə yəhudi mahnısı” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir.

 

 

GÜNEL ANARQIZI. VAQİF SƏMƏDOĞLUNUN “KÖHNƏ YƏHUDİ MAHNISI...”

 

“...Musiqi dominantada kəsildi. Film bitdi”.

Vaqif əminin “Köhnə yəhudi mahnısı” adlı, 33 il bundan öncə (nəzərdə 1971-ci il tutulur – red.) qələmə aldığı kinopovesti bu sözlərlə qurtarır. Vəssalam, şüttamam...

Əslində, belə sonluq təsadüfi deyil. Axı əsərin yazıldığı janrdan da bəllidir ki, bu, bir növ, kinossenari xarakteri daşıyır, məhz kino üçün nəzərdə tutulub və oxucu əsəri bitirər-bitirməz onu dərhal geniş ekranda, nədənsə mütləq ağ-qara rənglərdə və vaxt ucbatından bir az solmuş, bir az da cızıq-cızıq olmuş əski kinolentlər kimi təsəvvür edir. Bilmirəm, bəlkə də təsəvvür etmir... Bəlkə onu yalnız mən beləcə təsəvvür edirəm, necə ki, xəyalımda “Bizim Cəbiş müəllim”i və ya “Şərikli çörəy”i, ya da adıkeçənlərə nisbətən müasir həyatdan bəhs edən “Gün keçdi”ni canlandırıram. Eləcə, lenti bir az solmuş, bir az cızılmış, sanki tamam başqa bir həyatdan miras qalmış qiymətli yadigar kimi... Və bir də qəribə fikir gəlir ağlıma... Bəlkə mən hər şeyi unudub elə qısa müddətə rejissor olum? Yalnız bir filmi, Vaqif Səmədoğlunun bu kinopovestini ekranda canlandırmaq üçün? Bəlkə də yox... bilmirəm. Axı mənim rejissor təhsilim yoxdur, əslinə qalsa, heç hər hansı başqa kino təhsilim də yoxdur ki, heç olmasa bu filmin nə vaxtsa gerçəkləşəcək (buna 100 faiz əminəm) çəkilişlərində ya operator, ya işıqçı, ya da elə butaforçunun köməkçisi kimi iştirak edim... Amma bir ümidim var: bəlkə Vaqif əmi köhnə tanışlığımızı nəzərə alıb məni filmin gələcək rejissoruna tapşırıb, ondan çəkilişlərə hərdənbir gəlib gözucu baxmağıma icazə istəyər... Elə olsa, özümü çox bəxtəvər adam sanaram. Sanki dənizdən çıxıb daha ora düşməyə naümid qalan və hansısa bir möcüzə nəticəsində suya qayıda bilən bir balıq kimi... Onda bəlkə mən də rejissorun yanına yol tapıb onunla bu əsər haqqında bəzi düşüncələrimi paylaşar, içimdən keçənləri, məni narahat edən hisslərimi bölüşərəm. Bəlkə də rejissor dediklərimdən çaşar, bəlkə məəttəl qalar, ola bilsin, məni bir az dəli də sanar, ola bilər...

Əslinə qalsa, mənim nəinki kinoşünas, heç ədəbi tənqidçi təcrübəm də yoxdur ki, tam məsuliyyət və qətiyyətlə deyəm: Vaqif Səmədoğlunun “Köhnə yəhudi mahnısı” mənə assosiativ olaraq italyan neorealizminin banilərindən Viskontinin filmlərini, hərdən İkinci Dünya müharibəsi haqqında klassik sovet (müəyyən məqamlarda sırf gürcü) kinolentlərini, bəzən Klod Lelüşün fransız melodramlarını, sonda isə, heç şübhəsiz, rus kinematoqrafının ən nadir incilərindən olan “Durnalar uçur” kinoşedevrinin final səhnələrini xatırladır. Bəlkə də peşəkar kino tənqidçisi olsaydım, heç bundan yazmazdım da. Amma yazıram... çünki nə peşəkar, nə qeyri-peşəkar tənqidçiyəm, sadəcə, yazdıqlarım ürəyimdən keçir, bunları duyub gün kimi aydın bir həqiqəttək qəbul edirəm. Bir də, tam əminəm ki, “Köhnə yəhudi mahnısı” o vaxtın Dövlət Kinematoqrafiya Komitəsi adlanan mənasız bir qurumun mənasız bir məmurunun əlinə düşməsəydi, indi milli kino xəzinəmizin İkinci Dünya müharibəsi haqqında çəkilmiş ən nadir və koloritli incilərindən biri olardı. Bəlkə də bu çəkilməmiş film gürcülərin “Əsgər atası”, ya rusların “Sabah müharibə başladı” kimi ölməz kino əsərləri ilə bir sırada dayanardı.

Bəlkə də bu işıq üzü görməyən kinolent bütün sovetlər məkanını, çox güman ki, elə xarici kinofestivalları da gəzib-dolaşıb, məmləkətimizdən bixəbər tamaşaçılara Azərbaycanı tanıtdırıb, soydaşlarımızın beynəlmiləlçi ruhunu, qadınlarımızın namusunu, insanlarımızın geniş olduğu qədər həssas qəlbini, incə yumor hissini, hamı kimi sevib-sevildiklərini, hamı kimi eşq iztirabları keçirdiklərini, göz yaşı töküb ağladıqlarını, yeri gəlmişkən, əsir almanlarla eyni zarafatlara güldüklərini və ən əsası, eyni amalla azad dünyaya can atdıqlarını görərdilər. Kim bilir, bəlkə də onda bizim aqibətimiz bir az, lap azacıq başqa cür ola bilərdi... Bəlkə...

Amma film çəkilmədi, “Köhnə yəhudi mahnısı” kinopovesti isə Moskva məmurunun iri masasının dərin siyirtməsinin lap dibinə atıldı. Üstündən də nə az, nə çox – 33 il keçdi. Vəssalam, şüttamam!..

Heyif ki, mən rejissor deyiləm, heyif ki, heç işıqçı da deyiləm... Amma bəlkə nə vaxtsa...

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.