Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
BRODSKİ MƏSƏLƏSİ
Səməd Vurğunun 60 illiyi keçirilərkən yubiley komissiyasının sədri Rəsul Rza və Vaqif Səmədoğlu Leninqrada bu tədbirə gediblər. Elə bu illərdə böyük rus şairi İosif Brodski sürgün olunmuşdu, adını çəkmək belə qadağandı.
Səməd Vurğunun yubiley tədbirindən sonra ziyafətdə Vaqif tost deyib:
– Mən bu qədəhi üç poeziya şəhərinin – Aleksandr Puşkinin Peterburqunun, Aleksandr Blokun Petroqradının və İosif Brodskinin Leninqradının şərəfinə qaldrırıram.
Vaqifin danışığına görə araya mübhəm bir sükut çökür. Kimsə hətta məclisi tərk edir.
Restorandan çıxanda Vaqif Səmədoğlu Rəsul Rzadan soruşdur: – Nahaq dedim bu sağlığı?
Rəsul Rza deyir:
– Nahaq dedin, amma əcəb elədin!
HƏRDƏMXƏYAL VAQİF
Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanımın xatirəsi – Vaqifə xitabən:
1995-ci ildə sənin “Mən burdayam, İlahi” kitabını çapa hazırlayırdım. Sən evə gələndə əlindəki qovluqdan bir neçə vərəq çıxartdın. “Ön sözdür. Anar yazıb, dedi ki, nəyi bəyənməsən, içindən çıxart”, dedin.
Tez oxudum. Böyük, dəyərli yazıydı. Esseni oxuduqca qürur duyurdum. Axı mən sənin poeziyanla təzə tanış olurdum) Ancaq dostluğunuza ərk edərək Anarın orda səsləndirdiyi “hərdəmxəyallığın” kimi fikirlər məni təəccübləndirdi. Mən bilmirdim heş sənin hərdəmxəyal olmağını. Anar “nəyi bəyənməsən çıxart” deyəndə bu yerini nəzərdə tuturmuş, yəqin. Bunu sənə deyəndə sən tez Anara zəng edib gülə-gülə dedin: “Anar, Nüşabə deyir ki, sənin bu xüsusiyyətlərini bilsəydim, heç sənə ərə getməzdim…”
Mən ucadan dedim: Yox, elə deməmişəm.
Heç nə çıxarılmadı. Anar necə yazmışdısa, elə də çapa getdi.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


