Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
SON BAHAR ŞEİRİ
“Bu sevda nə sevdadır”,
İnsanın ağlını başından alır,
Bir gün hər şey dağılır, çökür,
Sevgidən kədərli şeirlər qalır.
Nə sən günahkarsan, nə mən gühahkar,
Qismətim bax belə yazılıb, yəqin.
Mənim İLK saydığım təkrarmış, təkrar,
Köhnə kinoları seyr etmək təkin.
Mən də bu sevgiyə aldanmış idim,
Bu sevgi də, demə, növbəti yalan.
Bir başqa sevgidə yaşanılandan
Mənə ötənlərdən mirastək qalan.
Mənə söylədiyin o incə sözlər
Öncə söylənibmiş bir başqasına.
Ürək param-parça parçalanmasın,
Necə tab gətirsin, səbr etsin buna?!
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)


