Teymur Padar Aydınoğlunun “Üç hərfli boşluq” kitabına ÖN SÖZ Featured

                                                           

Rəsmiyyə Sabir, professor, “Ədəbiyyat və incəsənət” üçün

 

Son illərdə ədəbiyyatımızda yeni imzalar görünməkdədir. Onların içərisində istedadlıları da az deyil. Doğrudur, ədəbiyyatda zaman amili mühüm rol oynayır. Bəzən istedadlı biri müəyyən müddətdən sonra yaradıcılıqdan vaz keçir, öz potensialını başqa sahədə reallaşdırır. Lakin yaradıcılığı həyat tərzi edənlərin də sayı az olmur.

Teymur Padar Aydınoğluda son illərin yeni imzalarındandır.

 

Əvvəlcə Teymuru, çalışdığım Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul olunmaq istəyən biri kimi tanımışam. Elə ilk görüşdə, qısa söhbətdən sonra bu tərbiyəli gəncin iqtisadi biliyi məni qane etdi. Onun doktoranturaya qəbul olunacağına əmindim. Teymur bütün imtahanları uğurla verərək doktoranturaya qəbul olundu. Doktoranturada təhsil aldığı müddətdə İnstitutun Elmi katibi olduğum üçün müxtəlif məsələlərlə bağlı tez-tez yanıma gəlirdi. Belə görüşlərin birində: “Rəsmiyyə xanım, istəyərdim ki, mənim şeirlərimlə tanış olub fikrinizi bildirəsiniz” – deyə, xahiş etdi.

Hər zaman istedadlı gənclərə kömək edən (istər iqtisadiyyat, istərsə də ədəbiyyat sahəsində) biri olaraq böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, Teymur yeni yazdığı şeirləri ara-sıra mənə gətirirdi. Mən də oxuyub münasibətimi bildirirdim, qeydlərimi söyləyirdim. Həmin vaxtdan bir neçə il keçib. Teymurun son şeirləri ilə tanışlığım onun yaradıcılığındakı irəliləyişdən xəbər verir. 

Vaxtilə ilk kitabıma yazdığı ön sözdə Xalq şairi Sabir Rüstəmxanlı mənim haqqımda qeyd edirdi: “İstedad sahibini adi qafiyə pərdazdan fərqləndirməyə bircə şeir də bəs edir; əlyazma müəllifinin şair olub olmadığını bəzən bir misrayla da ayırmaq mümkündür”.

Bu misraları Teymur Padar Aydınoğlunun yaradıcılığı haqqında da demək olar. Onun şeirlərində maraqlı tapıntılara rast gəlmək mümkündür:

Bir qırıq nəfəsin qopsun küləkdən,

     Qaç, gətir bağçadan beldən, kürəkdən,

Təmizlə ruhumu, solmuş çiçəkdən,

  Saralmış yarpaqdan, ay payız adam.

 

***

         Bir nöqtədən yaranmışdır viranlıq,

             Bax dünyaya, sən də düşün bir anlıq,

             Qaranlıqdan gəldim, sonum qaranlıq,

     İki zülmət arasında nur mənəm.

 

Teymur Padar Aydınoğlunun yaradıcılığında dünya, həyat, sevgi, tale, qismət, ayrılıq və s. mövzulara rast gəlmək olur. Onun şeirlərində bütün gənc yazarlar kimi dünyadan, həyatdan, yaşantılardan giley var:

 

Qara qar ələndi ömür yazıma,

                                      Tanrı da baxmadı etirazıma,

Qələm qara saldı alın yazıma,

         Axdı mürəkkəbi sətrimdən mənim.

 

Və ya

                    Şeh çəkib, pas tutub, ağlım kütləşib,

                       Dünyadan heç bir şey kəsmir ey daha,

           Başqa aləmlərə qoşulub qaçıb,

       Dünyayla barışıb, küsmür ey daha.

 

Bu misralarda şairin həyatla, taleylə barışdığını görürük, lakin “şair olan qəm də yeyir”. Başqa şeirlərində Teymur Padar Aydınoğlu yenə də həyatdan, dünyadan gileylidir. Ancaq bu giley-güzar özünəməxsus formadadır və poetikdir:

 

   Xətrimə çox dəydi bu dünya, lələ,

Çağırdım, gəlmədi mənlə duelə,

 Qoyma haa, məzarda incidə belə,

Məni yaxşı-yaxşı torpağa tapşır.

 

Teymur Padar Aydınoğlunun poeziyası insan ruhunun dərinliklərindən süzülüb gəlir. “Qız ovucumda” şeirində o, ata məhəbbətini elə incəliklə ifadə edir ki, oradakı hər misra valideynin uşağına baxışındakı şəfqəti xatırladır.

                                          Zaman zəmisini biçənə qədər,

Yaxşını pislərdən seçənə qədər,

Ruhumla səmaya köçənə qədər,

                               Bir qız böyüdəcəm öz ovucumda.

Bir qız böyüdəcəm öz ovucumda” misrası sadəcə bir ata vədi deyil, sevginin ən mühafizəkar, ən ülvi formasının ifadəsidir. Bu şeir, həm də onun yaradıcılığının təməlində dayanan insan şəfqətini, saflığı və mərhəməti təcəssüm etdirir.

Bu kitabda toplanan şeirlər sevginin, məhəbbətin və ilahi bağlılığın müxtəlif çalarlarını əks etdirir. Şairin qəlbi bəzən Tanrıya, bəzən qadına, bəzən də öz taleyinə yönəlir - amma hər misrasında eyni təməl duyğu hökm sürür: sevgi.

Teymur Padar Aydınoğlunun poeziyasında sevgi təkcə insana yönəlmir. Onun “Din kimi bir şey” adlı şeiri məhəbbətin metafizik qatına  toxunur. Burada eşq artıq sadəcə hiss deyil - bir inanc, bir məzhəb, bir təriqət kimi təqdim olunur.

Saat əqrəbindən gözüm yıxılır,

   Eşqim sözlərimdən daşıb dağılır,

Tanrı dərgahından qəlbə yığılır,

                               Yaranır köksümdə din kimi bir şey.

“Yaranır köksümdə din kimi bir şey” misrası şairin öz iç dünyasında ilahi eşqin təcəlla tapdığını göstərir. Bu məhəbbət bəzən onu yandırır, bəzən saflaşdırır, amma heç vaxt tərk etmir.

“Gərəksən” şeirində isə sevgi bəşəri ölçülərə yüksəlir. Burada şair sevgilisinə səcdə edir, onu “Tanrıdan, dindən belə gərəkli” sayır.

   Cənnətə getməkdir niyyətim mənim,

Sənədir namazım, rükətim mənim,

Dizlərin üstüdür cənnətim mənim,

                             Sən tanrıdan, dindən belə gərəksən.

Bu misralar yalnız bir qadına deyil, həyatın özünə, varlığın mənasına yönəlmiş bir təslimiyyətin ifadəsidir.

Teymur Padar Aydınoğlunun şeirlərində insanın mənəvi bütövlüyü, ilahi sevgi ilə dünyəvi eşqin birləşməsi hiss olunur. “Kosmik məhəbbət” şeirində o, artıq bu dünyanın sərhədlərini aşır. O, kainatla, ulduzlarla, zamanla dialoqa girir. Eşqi bir kosmik hadisə kimi təqdim edir: “Bir hidrogen atomudur eşqimiz” deyərək, sevginin elmi, enerjili, əbədi təbiətini poetik dillə ifadə edir.

           Bir hidrogen atomudur eşqimiz,

             Zərrəciyəm mən nüvəyə dolanan,

              Bu məhəbbət nurlu günəş yaradıb,

                                    Səyyarəyəm sitarəyə dolanan.

Teymur Padar Aydınoğlu sevginin bütün rənglərini, ağrısını, işığını, təbəssümünü misralarına hopdurub. Onun qələmində sevgi bir anın emosiyası deyil - həyat fəlsəfəsidir. Bu kitab, oxucunu təkcə şeirlərlə tanış etmir, həm də onu sevginin min bir halı ilə üz-üzə qoyur: ata sevgisi, qadın sevgisi, Tanrı sevgisi, insan sevgisi…

Şairin misralarında bir səmimiyyət var - saxta pafosdan uzaq, sanki içdən gələn, dərin bir nəfəs kimi. Onun poeziyasının dili sadədir, amma məna yükü ağırdır. “Səndən danışır” deyərkən, o, həm sevgilisindən, həm kainatdan, həm də insanın öz varlığından danışır.

   Bu nəhəng kainat gözlərdədi tək,

Həyatın mənası sözlərdədi tək,

Sözlərin qüdrəti cüzlərdədi tək,

   “Ta, ha”lar, “ha, mim”lər səndən danışır.

Hər oxucu bu kitabda öz “səndən danışır”ını tapacaq - çünki sevgi hər kəs üçün başqa cür, amma eyni dərəcədə müqəddəsdir. Bu şeirlər toplusu, əslində, bir insan ömrünün, bir qəlbin gündəliyidir. Hər şeir bir hissin, bir təcrübənin, bir ömür parçasının səsi kimi səslənir.

Teymur Padar Aydınoğlu sevgini həm yaşayır, həm öyrədir, həm də ona əfsanəvi bir dəyər verir. Onun üçün sevgi həyatın başlanğıcı, davamı və sonudur. Oxucu bu kitabı vərəqlədikcə, Teymur Padar Aydınoğlunun misralarında öz ürəyinin ritmini tapacaq. Çünki sevgi - insanın ən böyük səbəbidir.

           Yaşamağı bilər, sevmək öyrənən,

        Zəlalətə düşər eşqdən iyrənən,

          Varlıq nəticədir eşqdən törənən,

Səbəbi olmayan, səbəbdir sevgi.

Bu kitab oxucuya sadəcə şeir deyil, həm də bir həyat nəfəsi təqdim edir.  Sevginin hər halında bir dua, bir təsəlli, bir Tanrı işığı var. 

Teymur Padar Aydınoğlunun ilk kitabına yazdığım ön sözü onun özünün misralarıyla yekunlaşdırmaq istəyirəm:

               Teymuram fərəhim, dilşadım oldu,

               Zülmətdə mayakım, irşadım oldu,

                 Böyütdüm, bəslədim övladım oldu,

                                     Mən onun atası, balamdı şeir.

Sonuncu misra yaradıcılığını çox sevdiyim Məlahət Yusifqızının aşağıdakı misralarını mənə xatırlatdı:

Axı mənim nəyimdi söz,

     Basdım bağrımdan o yana...

 

Bilmirəm, Teymur Padar Aydınoğlu ömrünü ədəbiyyata həsr edəcək, yoxsa iqtisadiyyata?... Bəlkə də hər ikisinə. Bunu zaman göstərəcək. Mən isə Ona poeziyanın çətin və şərəfli yollarında uğurlar diləyirəm. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına töhfələr verməsini, öz yolunun olmasını arzulayıram! İstəyirəm ki, Teymur Padar Aydınoğlu “balası” bildiyi sözü “böyüdə” bilsin!...

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.