“Oğuz soraqlı, Vətən sevdalı insanlar” kitabı çap olunub

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu günlərdə “Elm  və təhsil” nəşriyyatında Oğuzun tanınmış yazarlarından Nazim Hüseynlinin yeni “Oğuz soraqlı, Vətən sevdalı insanlar” kitabı çapdan çıxmışdır.

 

Kitabdan bəhs etməmişdən öncə sizə onun müəllifi barədə qısa danışmaq istərdim. Nazim Hüseynli 07 mart 1953-cü ildə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1970-ci ildə həmin kənddəki orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun) Şərqşünaslıq fakültəsinin türk filologiyası bölümündə təhsil almışdır. 1975-ci ildə universiteti bitirib Oğuz rayon qəzetinin redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlamış, sonra şöbə müdiri işləmişdir. Bir müddət digər sahələrdə çalışdıqdan sonra yenidən rayonun mətbu orqanı olan “Lenin bayrağı” (sonrakı “Oğuz yurdu”) qəzetinin redaksiyasına qayıtmış, burada uzun illər redaktor müavini və 25 ildən çox redaktor vəzifələrində çalışmışdır.

Yaradıcılığa orta məktəbin yuxarı siniflərində oxuyarkən başlamış, bədii yazıları respublikanın qəzet və jurnallarında, Yazıçılar Birliyinin ədəbi orqanlarında, “Gənclik” və “Yazıçı” nəşriyyatlarında buraxılmış “Bahar çiçəkləri”, “Yaşıl budaqlar”, ”Yeni səslər” almanaxlarında dərc olunmuşdur. 1991-ci ildə “Yazıçı” nəşriyyatında hekayələrdən ibarət “Şabalıdlı dərə” adlı ilk kitabı çap edilmişdir. N.Hüseynli həm də Oğuz yazarlarının yaradıcılıq nümunələri toplanmış “Kövrək addımlar” və “Oğuzun sözü” almanaxlarının tərtibçisi və redaktorudur. Bu gün Nazim müəllim nəinki Oğuzda, bütün ölkədə tanınmış yazarlardandır.

Hekayələrində Qarabağ savaşı, kənd həyatı, kənd adamlarının qarşılaşdıqları problemlər, onların mənəvi dünyasında baş verən aşınmalar, şeir və poemalarında vətənpərvərlik, Azərbaycanın bütövlüyü, türkçülük və turançılıq ideyalarının təbliği mühüm yer tutur.

AYB və AJB-nin üzvü olan N.Hüseynli Prezident təqaüdçüsüdür. Tərəqqi, həmçinin Türkiyənin Adana şəhərində Çukuroba Ədəbiyyatçılar Dərnəyinin düzənlədiyi VII Uluslararası Şeir və Musiqi Festivalı adına təsis olunmuş Atatürk medallarına layiq görülmüşdür. O, həm də “Qızıl qələm” media mükafatı laureantı, müxtəlif müsabiqələrin qalibidir.

Zənnimizcə, Nazim Hüseynlinin yazılarını iki yerə bölmək olar: bədii

əsərləri (şeir, poema və hekayələri);  publisistik  və Oğuzun tarixi, keçmişi, bu günü, tanınmış insanları haqqında olan yazılar.

Biz onun sayca 13-cü  olan, yenicə çapdan çıxan və haqqında söhbət açmaq istədiyimiz “Oğuz soraqlı, Vətən sevdalı insanlar”  kitabını da ikinci qrupa aid edirik. Bu kitabda da əvvəlki kitablarının ənənələrinə sadiq qalan müəllif müxtəlif mənbələr, arxiv sənədləri əsasında Oğuz yetirmələrinin həyatını, fəaliyyətini və göstərdikləri xidmətləri işıqlandırır.

Onu da deyək ki, Nazim müəllimin “Oğuz soraqlı, Vətən sevdalı insanlar”   kitabının ilk təqdimatı bu ilin oktyab ayının 6-da Bakı EKSPO Mərkəzində XI Beynəlxalq Kitab Sərgisində baş tutmuşdur. Oradakı təqdimatda digər oxucularla yanaşı oğuzlu oxucular, həmçinin tanınmış yazarlardan AYB-nin üzvləri R.Behrudu, Q.Nəcəfzadə, A.Heydərova və digərləri də işrirak etmişlər.

Oğuzun ilk ali təhsilli müəllimləri (S.Əbdürrəhmanbəyzadə və A.Tahirzadə) haqqında oçerklərlə başlayan “Oğuz soraqlı, Vətən sevdalı insanlar” kitabında, N.Hüseynlinin özünün “Ön söz”də yazdığı kimi, “Oğuz bölgəsində dünyaya gəlmiş, buradan qanadlanıb müxtəlif yerlərdə, müxtəlif sahələrdə fəaliyyət göstərərək xalqa, elə fayda verərək ad-san qazanmış, Oğuzun başını ucaltmış” insanlardan söz açılır. Onlar I və II Qarabağ müharibələrinin şəhid və veteranlarıdırlar. Təhsil və mədəniyyət işçiləri, həkimlər, hüquqşünaslar və qanun keçikşiləri, oğuzlu yazarlar, oğuzlu alimlər və ali məktəb müəllimləri, ölkədə və onun ayrı-ayrı regionlarında Oğuzu layaqətlə təmsil edənlər, iş adamları, rayonun özündə fəaliyyət göstərərək onun yüksəlişi üçün çalışanlardır. Bu gün də xoş xatirələrlə yad olunan insanlardır. Kitabda ayrıca oçerklər həsr olunmuş bu cür insanlara  şəhidlərdən K.Rəhimov, A.Əliyev, T.Babayev, V.İbrahimov və N.İbrahimlini, uzun illər RTŞ-nə rəhbərlik etmiş Əməkdar müəllim Ə.Aslanovu, müharibə veteranı M.Hacıyevi, SSRİ Rəssamlar İttifaqının üzvü olmuş xalçaçı M.Dəftəzanovanı, alimlərdən İ.Çələbi, S.Vahabova, M.Yolçuyev və G.Əliyeva/Əyyubovanı, Əməkdar həkim İ.Abdullayevi, həkim  A.Hüseynovu, Əməkdar müğənni, Dağıstanın Xalq artisti Ə.Oğuzu,  yazarlardan Azərbaycan və İsrail YB-nin üzvü S.Şeyda, V.Oğuz, E.Əzimli, R.Şərifi və onlarla başqalarını nümunə göstərmək olar.

Təqdirə layiq haldır ki, bu kitabda da müəllif əvvəlki kitablarında olduğu kimi rayonda təhsilin inkişafında xidmətləri olmuş fədakar müəllimlərimiz haqqında xeyli məlumat verir. Tanınmış müəllimlər Ə.Aslanov, Emin Əzimli, Fərrux Əbilov, Abdulla Həsənov, Nüşabə Hacıyeva, Dilguşə Süleymanova, Azadə Xəlilova, Sədrəddin Qarayev, Gülbala Həmidov, Qəmzə Süleymanova, Afət Məmmədova, Samir Cəbrayılov, Rumiyyə Camalova, Anar Məcidov haqqında təqdim olunan məlumatlar buna misal ola bilər. Bunu hörmətli yazarımızım müəllimə olan böyük hörmət və ehtiramı sayırıq.

Onu əlavə edək ki, kitaba müəllifin bəzi informasiya vasitələrində çap olunmuş bir sıra məqalələri, yazıları da daxil edilmişdir.

İnanırıq ki, N.Hüseynlinin “Oğuz soraqlı, Vətən sevdalı insanlar” kitabında öz əksini tapmış informasiyalar gələcəkdə Oğuzun tarixi, onun tanınmış simaları ilə maraqlananlar üçün qiymətli bir mənbəyə çevriləcəkdir.

Özünün də yazdığı kimi, hələ əlindən qələm düşməyən, Dədə Qorqud yurdu olan Oğuzun tarixində, dünənində və bu günündə xidmətləri, izi olan insanların tanıdılması, onların fəaliyyətlərinin işıqlandırılması sahəsində öz işini bundan sonra da davam etdirmək ümidi ilə yaşayan N.Hüseynliyə yeni-yeni uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.