Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
XXI ƏSRİN İLK NİKBİN ŞEİRİ
Keçib getdi yüz il, min il,
keçib getdi on il, son il,
keçib gedir son ay, son gün, son dəqiqə,
son saniyə,
əsim-əsim əsir səsim, axı əsir səsim niyə?
Mən əsrimin əsiriyəm,
Mən əsrimin əsəriyəm.
Duyğularım, fikrim, hissim,
Əsəblərim, əsərlərim,
Qəlbimdə qalan sirlərim,
Ağlı-qaralı aylarım,
Fərəhlərim, bayramlarım,
Umudlarım, ağrılarım,
İtkilərim, ağılarım,
Başdaşlarım, göz yaşlarım,
Durmadan artan yaşlarım,
Döyüşlərim,
Görüşlərim,
Gülüşlərim
nəyim yoxdur, nəyim vardır
– bu yüz ildən yadigardır.
Tərk edirəm İyirmini,
Tərk edirəm iki mini,
tərk edirəm vətən kimi.
Ümidimi, həsrətimi
yeni əsrə daşıyıram.
Düşmənlərin acığına
yaşamışam, yaşayıram
İyirmi Bir
– yeni vətən
Min illərin sərhədini mən aşacam,
Yaşamışam, yaşayıram, yaşayacam.
31 dekabr 2000
“Ədəbiyyat və incəsənət”
(27.10.2025)


