Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ELÇİNƏ
Dərdimi suya dedim,
Od tutub alışmadı.
Ölümümlə barışdım,
Həyatım barışmadı.
Dostumu incitmədim,
Sözümü daşa dedim.
Əks-səda verdimi?
Bu dünyadan gedəndə
Dönəcəyik birdəmi?
Bulud olub torpağa
Yağacağıq birdəmi?
Ağac olub, ot olub
Bitəcəyik burdamı?
Kölgələrə qarışıb
İtəcəyik burdamı?
Bir gün mənsiz qalanda,
Telefon zəng çalanda,
ani bir aldanışla
ürəyin diksinəcək,
Görəsən, Anardımı?
Yox, yadına düşməsəm,
Bunun suçu kimdədir –
Elçində, Anardamı?
Nədir ömrün mənası?
Belə qısadır neçin?
Mən ki bunu bilmədim,
Sən bilirmisən, Elçin?
Noyabr, 1999
“Ədəbiyyat və incəsənət”
(23.10.2025)