Məni içdən soydu dərd... – Bir kitab barədə ustad rəyi Featured

 

Meyxoş Abdullah,

Cəlilabad ədəbi mühiti və şağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı-publisist

 

Dərddən yazan şairə...

Gənc şairə, gələcək uğurlarına inandığım Arzu Əyyarqızının mənə hədiyyə etdiyi "Ən müqəddəs pay kəlağay" adlı şeirlər kitabını oxudum.

Çox bəyəndim. Arzu xanım gənc olmasına baxmayaraq, istedadlı, sözün qədr-qiymətini bilən şairədir. Ən çox xoşuma gələn Arzu xanımın bir şair kimi, bir ziyalı kimi içinin narahatlığıdır.

 

"Gözümün yaşıyla yuyur üzümü,

Bürüyür ruhumu, bükür dizimi.

Çəkir iliyimdən, çəkir dözümü,

Alın darıxmağın əlindən məni".

 

Bəli, şairlər dərd çəkən, qəm yoğuran olurlar. Ağacdan vaxtsız bir yarpaq düşəndə, bir körpə sızlayanda, vaxtsız bir atanın qaməti əyiləndə, bir ana övlad dağı görəndə şair ürəyi paramparça olmursa, o şair deyil.

Arzu xanımın şeirləri canlıdır, diridir, belə demək mümkünsə, hər bir şeirinin dupduru ruhu, qanı vardır. Şairə şerlərini şeir xatirinə, vaxt öldürmək, canındakı dərdi, azarı çıxarmaq üçün yazmır, o, şeiri canından, qanından misqal-misqal, qram-qıram qoparıb, süzüb çıxarır.

 

"Saflığım ruhuma ağır yük oldu,

Ruhumun ağrısı cismimə doldu.

Ağaran saçımı ah-nalə yoldu,

Ağ yalan gülüşlü üzdən yoruldum".

 

Arzu xanıma yaradıcılığında uğurlar arzulamaqla yanaşı, ona nikbin əhval-ruhiyyə də arzulayıram. Arzu edirəm ki, Arzu xanım bundan sonra Vətənin tərənnümü, təbiətin gözəlliklərini və qəlbinin sevgisini özündə əks etdirən çoxlu şeirlər yazsın.

Uğurlar arzulayıram, sənə Arzu xanım!

 

Dərd

Hər şey üzdən soyular,

Məni içdən soydu dərd.

Agac içdən oyular,

Məni saçdan oydu dərd.

 

Kədər damdı göl oldu,

Arzu muraz kül oldu,

Ömrüm qəmə yol oldu,

Məni səki qoydu dərd.

 

Gecəm gündüz gətirdi,

Ayım ili ötürdü.

Yedi yedi bitirdi,

Görən məndən doydu dərd?

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.