Gənclər Kitabxanasında Firidun Şuşinskinin xatirəsi anılıb

 

 

Ötən gün Azərbaycanın görkəmli musiqi tədqiqatçısı-alimi, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin anadan olmasının 100 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qarabağın görkəmli siması Firidun Şuşinski” adlı videomaterial və “Xalq musiqisinin böyük tədqiqatçısı  Firidun Şuşinski -100” adlı məlumat bülleteni hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” prtalına Kitabxanadan verilən məlumata görə, videomaterialda Azərbaycan musiqi mədəniyyətinin tanınmış tədqiqatçısı, musiqişünas, publisist və pedaqoq Firidun Şuşinskinin həyat və yaradıcılığı əhatəli şəkildə təqdim olunur. Kitabxananın rəsmi saytında yerləşdirilən https://www.ryl.az/multimedia/qarabagin-gorkemli-simasi-firidun-susinski  materialda onun xalq musiqisinin qorunması və təbliği sahəsindəki fəaliyyəti, xüsusilə muğam sənətinin tədqiqi istiqamətində apardığı mühüm işlərdən bəhs edilir. Firidun Şuşinskinin Qarabağ musiqi mühitinin öyrənilməsinə verdiyi töhfələr, tanınmış xanəndələr, ifaçılar və bəstəkarlarla bağlı yazdığı tədqiqat əsərləri xüsusi vurğulanır.  Videomaterialda həmçinin alim haqqında çap olunmuş kitablar, onun müəllifi olduğu nəşrlər təqdim edilir. Bu əsərlərdə Firidun Şuşinskinin Azərbaycan musiqi irsinin toplanması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsindəki xidmətləri diqqətə çatdırılır.

“Xalq musiqisinin böyük tədqiqatçısı  Firidun Şuşinski -100” adlı məlumat bülletenində akademik Nizami Cəfərovun “Firidun Şuşinski haqqında ilk kitab” və tarixçi Aslan Kənanın “Heydər Əliyevin qoruduğu Şuşalı: "Azərbaycan xalqının “türk” adı özünə qaytarılmalıdır" adlı məqalələrinin tam mətni təqdim edilir. Bundan əlavə məlumat bülletenində Firidun Şuşinskinin müəllifi olduğu və onu haqqında qələmə alınan “Azərbaycan musiqi xəzinəsi”, “Sadıqcan”, “XX əsrin görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski”, “Musiqişünasın düşüncələri”, “Şuşa”, “Azərbaycan xalq musiqiçiləri” kimi kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı sərgilənir. Məlumat bülleteni kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.