Respublika Gənclər Kitabxanasında Azərbaycan hərb tarixində xüsusi yeri olan, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından biri, müdafiə naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun 170 illik yubileyi münasibətilə “İlk ordu generalımız Səməd bəy Mehmandarov - 170” adlı daycest hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, material general Səməd bəy Mehmandarovun Vətən və millət qarşısındakı xidmətlərini oxuculara çatdırmaq, xüsusilə gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə hazırlanıb.
Təqdim olunan vəsaitdə Səməd bəy Mehmandarovun həyat və hərb fəaliyyəti, artilleriya generalı kimi Azərbaycan ordusuna və Cümhuriyyətin ordu quruculuğuna verdiyi töhfələrdən bəhs edilir. Daycestdə “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti Atamalı Şahbazovun “Brilyantla bəzədilmiş qızıl Georgi silahını alan ilk azərbaycanlı sərkərdə” adlı məqalənin tam mətni, Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə dair 2013-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa xülasəsi və elektron mənbəsi yer alır.
İlk ordu generalımız Səməd bəy Mehmandarov - 170” adlı daycest kitabxananın rəsmi saytında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)