ANAR, “Aşıqsayağı“ Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

AŞIQSAYAĞI

Emin Sabitoğluna

 

Yazda yaşıl yamacları

Qışda qar aldı, qar aldı.

Göyü tutdu qara bulud,

Hava qaraldı, qaraldı.

 

Xoş günümüz əzəl imiş,

Bir-birindən gözəl imiş,

ömrün sonu xəzəl imiş,

Soldu saraldı, saraldı.

 

İllər artdıqca yaşıma,

Yalqızlıq çıxdı qarşıma,

Gen dünya mənim başıma

Yaman daraldı, daraldı.

 

Dost-yoldaşsız necə olum,

Boş qalıbdı sağım-solum,

Sap kimidi ömür yolum,

Harda qırıldı, qırıldı.

 

Araz getdi, dərdi yaman,

Sən qalmışdın mənə həyan,

Sən də getdin bu dünyadan,

İndi təkcə Anar qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.