Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
AZADLIQ EŞQİ
Başqa-başqa zamanların övladlarıyıq,
Sənin əsrin məndən yaman uzaqdı axı.
Zamanımdan, dövranımdan çıxa bilmərəm,
Öz ömrünü tərk eləmək yasaqdı axı.
Özgə-özgə şəhərlərin sakinləriyik,
Aramızda uçurumlar dərindi axı.
Ha çağıram – eşitməzsən mənim səsimi,
Sənsiz, səssiz yaşamaq da çətindi axı.
Ayrı-ayrı dənizlərin sahilindəyik,
Bu dənizdən o dənizə yol yoxdu axı.
Kəsib yolu çaylar, çöllər, fəsillər, illər,
Məni səndən ayıranlar nə çoxdu axı...
4 oktyabr 2003
İstanbul–Paris uçağı
“Ədəbiyyat və incəsənət”
(09.10.2025)