Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
YAĞIŞ ŞEİRİ
Yağış tikir yeri göyə,
Ağacları, adamları,
yastı-yapalaq damları
Vura-vura, döyə-döyə,
İynə-iynə, lülə-lülə,
İlgə-ilgə, gilə-gilə.
Yağış göyü yerə tikir.
Torpağa damlalar əkir,
Göy – yaş, yer – yaş,
Yağış yağır yavaş-yavaş,
Xəlbirdən süzülür yağış,
Göylərdən üzülür yağış,
Quru yer yox bircə qarış,
Hər yer nəmdi, hər yer yaşdı,
Hovuz, ləyən aşdı-daşdı,
Yağır dağa, daşa yağış,
Yaş üstünə yaşa yağış,
Var ol, yağış, yaşa, yağış,
Bircə sənsən mənə tanış.
19 oktyabr 2004
“Ədəbiyyat və incəsənət”
(08.10.2025)