ANAR, “Ürək qatarı” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

 

ÜRƏK QATARI

Atamın yaşını ötəndə onun “Yol. Qatar” şeirini ayrı gözlə oxudum

 

O gün exoqrammada

Dinlədim ürəyimi.

Eynən qatar səsiydi

Relslər üstə

çık-çırık… çık…çırık…çık…çırık…

harasa tələsirdi.

Duraqlarda durmadan

Hey irəli, irəli

qatar gedirdi hara?

Haçan çatacaq ora?

Hələ ana bətnində

Yollara çıxır “qatar”,

Sonra dünyaya gəlir,

Davam edir bu səfər

Hər axşam, gecə, səhər.

Keçib gedir, ötüşür,

dəyişir pəncərələr

Həftələr, aylar, illər…

Keçir gənclik, qocalıq,

Sona az qalır artıq.

Pillələri qalxanda qatar bir az töyşüyür,

Bir az yeyin döyünür.

Bədxahlığı görəndə istidə də üşüyür.

Sonuncu duraq – sükut

Gəlib ora çatanda

bir anda

çık-çırık dayananda

Susacaqdır qatarın

relslərdə döyüntüsü

Başlanacaq əbədi

səssizlik-səmirsizlik.

Bu yolun gerisi yox,

Amma hələ ki, gedir,

hələ yoldadır qatar,

Şükür,

dayanmır qatar.

Son durağa bir az var…

Darıxmayın,

bir az var

Saniyələr, saatlar,

Yenə tələsir, qaçır

Yenə də axşam düşür,

yenə də şər qarışır.

Külək səndən söz açır,

Yağış səndən danışır.

 

Zamanın təkərini

necə geri döndərim?

Yadımda qalanları

sənə necə göndərim?

 

Sənsiz kimdi, əzizim

Məni tanıyan, sayan,

Söhbətimi, sözümü

Bütün aləmə yayan?

 

Ay batanda ağlayıb,

Gün çıxanda gülürsən.

Dünyanı gah bağlayıb,

Gah açmağı bilirsən.

 

Dənizləri örtəndə

buludların kölgəsi

Ayla başlayacaqdır

dənizin qabarması,

dənizin çəkilməsi.

Ayla, günlə nə işim,

tək səninlə bağlıdır

könlümün hər kəlməsi.

                            25 yanvar 2015

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.