Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
TAKSİ VƏ VAXT
Bəxtiyar Vahabzadəyə
Taksi, gəncliyimə apararmısan,
Keçmiş ünvanları axtararmısan,
Bircə gün, bircə an geri dönsəydim...
Zamanın hökmünü sındırarmısan?
Taksi, gəncliyimə apararmısan,
Ötən illərimi qaytararmısan,
Bu özləm, bu həsrət üzdü qəlbimi,
Məni bu həsrətdən qurtararmısan?
Sayğacda rəqəmlər ötdü yaşımı,
İllər də yollartək geridə qaldı.
Saçları ağarmış bəyaz başımı
Arxaya baxmağa qaldırarmısan?
Taksi, gəncliyimə apararmısan,
İtən sevdaları arayarmısan,
Zaman qürbətinə düşmüşəm indi,
Məni öz vaxtıma çatdırarmısan?
25 avqust 2005
İstanbul
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)