Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
QAFİYƏSİZ ŞEİR
Gecə saat ikidə
bu zil-zülmət şəhərdə
qaranlıq bir binada
altıncı mərtəbədə
yalnız bir pəncərədən
işıq süzülüb gəlir.
O pəncərə ardında
Kim var, nə var, görəsən?
Heç kəs oxumayacaq
əsərini yaradan
yuxusuz bir yazarmı?
Yüz dəfə deyiləni
təkrar-təkrar işləyən
yorulmaz bir alimmi?
Ya bəlkə də işıqda
sevişməyi xoşlayan
aşiqlər-məşuqlarmı,
ya balasın itirmiş,
yuxusu ərşə çıxmış
təsəllisiz anamı?
Ya içki məclisində
vaxta məhəl qoymayan
kefcillərmi, rindlərmi
ya bəlkə qaranlıqdan
eymənən bir tənhamı?
Günlərin bir günündə
Bu göydələn binanın
Liftsiz pillələriylə
Mən töyşüyə-töyşüyə
Qalxacam işıq gələn
Altıncı mərtəbəyə.
Qapını döyəcəyəm,
Açacaqlarmı, bilməm.
Ya qapını döymədən
Enəcəyəm aşağı.
Yenə hər gecə yarı
Seyr etməkçün həyətdən
işıqlı pəncərəni
Agah olmadan heç vaxt
Onun məşum və mübhəm
məchul, gizli sirrinə,
ömrün sonuna qədər
hər gecə baxacağam
işıqlı pəncərəyə,
Ta bir gecə qəfildən
o işıq keçənəcən,
ya mən keçinənəcən.
7 may 2012
“Ədəbiyyat və incəsənət”
(02.10.2025)