Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir.
ANAR, ŞEİRLƏR
KÜLƏKLİ ŞƏHƏR
Bu şəhərdə doğuldum,
Bu şəhərə oğuldum.
Burda yaşadım, yazdım
Bu yağışlı səhərdən,
bu küləkli şəhərdən
Gəncindən, qocasından,
evindən, küçəsindən,
gündüzü gecəsindən
Bu küləkli şəhərin
Növbənöv adamıyla
Dopdoludur hər yazım.
Daha kimlərdən yazım,
Daha nələrdən yazım?
Bu şəhər qarşısında
borclarımdan azadam.
Mənimtək borclarından
azad olub az adam.
Heç yolumdan azmadım,
Heç vaxt yalan yazmadım,
Təsəllim budur ancaq,
Bir gün küləktək keçsəm
Bu şəhərin üstündən,
Bu şəhərin yadında
yazılarım qalacaq,
qalacaqlar hər yerdə,
Bu dənizli şəhərdə,
Bu küləkli şəhərdə.
22 fevral 2020
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)