Vaqif Səmədoğlu Anar barədə Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

...SÖZÜ VAQİFİN

 

Anar... unikal Tənha İntellekt Qitəsidir. Nəinki Azərbaycanda, yəqin ki, bütün dünyada belə adamları barmaqla saymaq olar. Və bu mənada Anar mənimçün ilk növbə­də lazımınca istifadə olunmamış Milli sərvətdir.

 Xoşbəxt adamdırmı Anar? Yox. Bədbəxt adamdırmı? Yox. Allah adamıdırmı? Bunu bilmirəm. Ancaq tamamilədəqiq bilirəm ki, ateist alim fanatik dindardan qat-qat artıq Allah adamıdır. Bax, bu mənada nə ateist, nə də dindar olmasa da, Anar Allah adamıdır. Anarın xeyirxahlığı haqqında, əliaçıqlığı haqqında dastanlar, miflər yarana bilərdi, elədiyi yaxşılıqlarından orda-burda danışsaydı, kütlə qarşısında iki-üç populist çıxışlar etsəydi...

...Kimsə deyə bilər ki, filankəs dostluqda Anardan daha möhkəmdir. Mən bu­nu deyə bilmərəm. Çünki bilirəm ki, yaxınlarımı, dostlarımı nigaran qoyduğum dövrlər­də yer üzündə iki adam başlarını yastıq yerinə telefonun üstünə qoyublar gecələr. Biri anam, biri Anar...

Yüzlərlə şeirim var ki, onları nəzərimdə oxucu kimi Anarı tutub yazmışam. Onlarla şeirim var ki, onları Anarın zövqünə uyğun, Anar bəyənsin deyə yazmışam. Və bir neçə şeirim var ki, onları Anarın yerinə yazmışam, onun təbini mənimsəmişəm... Kimsə deyə bilər ki, filankəs Anarı Vaqif Səmədoğludan çox sevir. Mən ölüm, inanmayın o kimsəyə...

 “Oğuz eli” qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışı

1998, fevral

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.