Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU
“Söndü gözün qürbət eldə”
Söndü gözün qürbət eldə,
Yad daxmanın şamı kimi.
Yenə qar altda qalmısan,
Evin yastı damı kimi.
Yağı Günəş batan anda
Şah damarda qan donacaq.
Yad olduğun evin üstə
Yağı ulduzlar yanacaq.
Tut əlimi, gəl barışaq,
Dünyanın sazaq vaxtıdır.
Bizim eldə şair sevmək
Qızların qara baxtıdır.
Özümüz yıxan evləri
Fələk bir kərə yıxmadı.
Barı sən dillən, sevgilim,
Allahdan bir səs çıxmadı.
Kaş yenə də uyuyaydım,
Başım sənin sol qolunda.
“Millət” deyə-deyə, gülüm,
Öləydim sənin yolunda...
“Ədəbiyyat və incəsənət”
(05.09.2025)