VAQİF SƏMƏDOĞLU, “Günlər oxşamaz bir-birinə...” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

     “Günlər oxşamaz bir-birinə...”

 

Telefon nömrələri

oxşamaz bir-birinə.

Amma hamısında

insan səsi.

 

İnsan səsləri

oxşamaz bir-birinə:

birində sevinc,

birində kədər.

 

Kədərlər oxşamaz,

oxşamaz bir-birinə:

biri ümidsiz,

biri ümidli.

 

Ümidlər

oxşamaz bir-birinə:

biri Allahdan asılı,

biri insan əlindən.

 

İnsan əlləri

oxşamaz bir-birinə:

biri torpaq şumlayar,

biri insan ömrünü.

 

İnsan ömürləri

oxşamaz bir-birinə:

biri yaşayar,

biri dözər.

 

İnsan dözümü

oxşamaz bir-birinə:

biri dartılar,

biri sınar.

 

İnsan siniri

oxşamaz bir-birinə:

biri ortadan bölünər,

biri tikə-tikə.

 

Tikələr

oxşamaz bir-birinə:

biri əsr boyda,

biri gün boyda.

 

Günlər

oxşamaz bir-birinə:

biri yaxşı,

biri pis.

 

Pis günlər

oxşamaz bir-birinə:

birində özün susarsan,

birində telefon.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.