Gənclər Kitabxanasında yazıçı, dramaturq Şıxəli Qurbanovun 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

 Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan, milli ruhun və azad düşüncənin fəadakar müdafiəçisi, görkəmli dramaturq, yazıçı, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadimfilologiya elmləri doktoru Şıxəli Qurbanovun anadan olmasının 100 illiyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dramaturqun mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın rəsmi saytında   yerləşdirilən elektron məlumat bazasında Şıxəli Qurbanovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, professor Əziz Mirəhmədovun “Şıxəli Qurbanov fenomeni” və filologiya elmlər doktoru, professor Ramin Əhmədovun “Unudulmaz şəxsiyyət: Şıxəli Qurbanov” kimi məqalələrinin tam mətni təqdim edilir.

 

Elektron bazada görkəmli yazıçının müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Şıxəli Qurbanovun 100  illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Notlar”, “Disseretasiya və avtoreferatlar”, “İzomateriallar”, “Elektron resurslar”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.

 

Kitabxana əməkdaşları tərəfindən yazıçının yubileyi ilə əlaqədar videomaterial da hazırlanıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Şıxəli Qurbanovun fəaliyyətinin təkcə ədəbiyyat, dilçilik və teatr sahəsi ilə məhdudlaşmadığı,  onun milli ideyaların, milli bayramların və azərbaycançılıq düşüncəsinin dövlət səviyyəsində dirçəlişinin əsas təşkilatçılarından biri olması diqqətə çatdırılır. Materialda görkəmli dramaturqun zəngin yaradıcılığı ilə yanaşı,  milli-mənəvi dəyərlərə və maarifçilik ideyalarına əsaslanan geniş ictimai fəaliyyətindən də bəhs edilir, məhz onun sayəsində 1967-ci ildə Novruz bayramının ilk dəfə rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edilməsi haqqında məlumat verilir. Materialda Şıxəli Qurbanovun  Azərbaycan ədəbiyyatına, dramaturgiyasına və ictimai fikrinin inkişafına verdiyi töhfələrlə yanaşı, müxtəlif illərdə fəaliyyətini əks etdirən foto və videogörüntüləri də sərgilənir.

“Yazıçı, dramaturq Şıxəli Qurbanov 100” adlı videomaterial kitabxananın rəsmi saytında  https://www.ryl.az/multimedia/sixeli-qurbanov-100  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.