Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
ŞEİRLƏR
***
Nəyin istisindən yananlar
arzulayacaq kölgəmi?
Hansı rənglə çəkəcəklər
xəritələrdə ölkəmi?
Şeirlərimi sevəcəklərmi
divarlar arxasında?
Nə parlayıb sönəcək
son günümün yaxasında?
Bazarda
ətin qiyməti düşəcək,
yoxsa
meşə cəngəlliyinin
qoyduğu qiymətdə qalacaq?
Öpüşəcək,
öldürəcək,
düşünəcəklərmi yenə qaranlıqda?
İnsan xoşbəxt olacaqmı
məhəbbətin doğduğu bir anlıqda?
Qatarlarda
axşamüstü
çay paylayacaqlarmı içməyə?
Pasport, viza
gərək olacaqmı sərhədlərdən keçməyə?
Andersenin nağıllarını oxuyacaqlarmı?
Əlifba biləcəkmi hamı?
Kür daşacaq,
yoxsa bəndlər ovcundan
töküləcək Xəzərə?
İnsan bir ömrü boyu
öləcək neçə kərə?
Yol azacaqlarmı?
Məzar qazacaqlarmı?
Məsciddə yuyacaqlarmı meyitləri?
Kim sulayacaq
bulvardakı söyüdləri?..
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)