İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Ötən il fars dilindən doğma dilimizə tərcümə etdiyim olduqca maraqlı, eyni halda İran ədəbiyyatının bestsellərindən olan bir roman bu günlərdə nəfis şəkildə işıq üzü görmüşdür.
Kitabın ümumi məlumatları:
Kitabın adı: "Onun gözləri"
Müəllif: Bozorg Ələvi
Orijinal adı: "Çeşmhayəş" (چشمهایش)
Tərcüməçi: İlqar İsmayılzadə
Redaktor: Dürdanə Ramazanlı
Naşir: "Qanun" nəşriyyatı, Bakı
Janr: Siyasi-ictimai, romantik
Ölçü: 130x200
Səhifə sayı: 304
Kitab haqqında:
“Onun gözləri” romanında təqdim edilən əhvalat Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuş, eyni zamanda İranda sekulyar, milliyyətçi, militarist və antikommunist bir rejim təsis etmiş Rza şah Pəhləvinin (1878–1941) dövründə baş verir. Romanda Pəhləvi hakimiyyəti ilə siyasi mübarizə aparan Makan adlı böyük rəssamdan bəhs edilir. O, rejim tərəfindən həbs edilərək, İranın ucqar bir bölgəsinə sürgün olunur və 3 ildən sonra sürgündə şübhəli şəkildə vəfat edir. Daha sonra onu sevənlərdən bir nəfər ustad rəssam Makanın müəmmalı ölümünün sirrini açmağa çalışır. Onun təsəvvürünə görə, bu ölümün sirri rəssamın sürgündə olarkən təsvir etdiyi və “Onun gözləri” adlandırdığı qadın portretində gizlənmişdir...
Bu roman İran ədəbiyyatının bestsellərindən olaraq artıq dünyada tanınmış və xüsusi şöhrət qazanmışdır. "Tehran Literary Journal"da həmin roman barədə belə yazılmışdır: "Bozorg Ələvinin “Onun gözləri” romanı İran ədəbiyyatında həm siyasi, həm də romantik janrın zirvəsindədir. Rəssam və sirli qadın arasındakı səssiz dialoq oxucunu bir labirintə aparır: burada eşq və inqilab, sənət və cəza birləşir..."
"BBC Persian Literature Review" bu haqda yazır: "Bu roman təkcə sevgi hekayəsi deyil, yaradıcı ruhun repressiya tərəfindən necə sıxışdırıldığını, qadının baxışları ilə bir sistemin çökməsini izah edən incə əsərdir..."
Həmçinin, "Word Literature Today" nəşriyyəsi bu roman haqda belə yazmışdır: "Ələvi bu romanında sükutu ilə danışmağı bacaran nadir yazıçılardan biri kimi çıxış edir. Onun dili poetikdir. Amma təpədən dırnağa qədər ictimai haray daşıyır..."
Bozorg Ələvinin özü də XX əsrdə İranın tanınmış 20 yazıçısından biri kimi təqdim edilir. Onun bu romandan əlavə bir sıra digər roman və hekayələri də vardır. Məlumat üçün qeyd etmək lazımdır ki, təxminən 70 il öncə fars dilində yazılmış bu roman indiyədək yazıldığı ilkin dildən əlavə, ərəb, kürd, gorani, ingilis və alman dillərinə tərcümə edilərək işıq üzü görmüşdür. Hələlik onun son tərcümə dili Azərbaycan dilidir və nə xoş ki, bu uğur da mənə nəsib olmuşdur.
Bu roman bir çoxları tərəfindən təqdir və tərifə layiq görülsə də, indiyədək bəzi iranlı yazarlar və ədəbi tənqidçilər romanla bağlı müəyyən tənqidi fikirlərini irəli sürmüşlər...
Minnətdarlıq:
Burada fürsətdən istifadə edib, kitabın tərcüməsində mənə etimad göstərmiş "Qanun" nəşriyyatı və onun direktoru hörmətli Şahbaz müəllim Xuduoğluna, bu işdə öz iltifatı və dəstəyini əsirgəməmiş dəyərli xanım, yazıçı-publisist, redaktor və ziyalı pedaqoq Aygün Əziz xanıma, həmçinin kitabın nəşrində əməyi olmuş hər kəsə dərin minnətdarlığımı bildirir, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)