ANAR: Rəsul Rzayla Səməd Vurğun necə bir düşmən olublar? Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

 

ANAR. YARADICILIQ MÜBARİZƏSİ

 

“Səməd hələ getməyib. Bizə gəlmişdi. Bir az söyüşdük, təzədən barışdıq. Deyəsən, bu dəfə, doğrudan, barışmışıq (çaxırsız, araqsız)”...

(Kiçik bir şərh: “çaxırsız, araqsız barış”malarını xüsusi qeyd etməsi, güman ki, Səməd Vurğunun yarıciddi-yarızarafat işlətdiyi bir ifadəylə: “Ayə, içək, səmimi olaq” sözləriylə bağlıdır – A.).

...Əgər bu dəfə də mənim ümidimi qırsa, onda, demək ki, onunla qaldı qiyamətə. Çünki keçən dəfə mənim onunla ürəkdən barışmağıma baxmayaraq, gedib Bakıda bəzi sözlər danışmışdı. Bu söz çox bayağı sözdü. Çünki bizim yaşda adama “küsmək”, “barışmaq” çox gülünc və axmaq şeydir. Bəlkə də burda “uzlaşmaq”, yaxud bir “dil tapmaq” demək lazımdır. Nə isə… Bu dəfə də mən ürəkdən onunla əl verdim, çünki mənim özüm kimi onu da, yaxud onun kimi özümü də millətimə və xalqıma lazım hesab edirəm. Bizim aramızda olan mübarizəmi deyək, davamı deyək, – paxıllıqdan bəzi çaqqallar çox istifadə edirlər. Səməd ilə mənim aramda yaradıcılıq mübarizəsi (bu sözün yaxşı mənasında) hər zaman olacaq. Mən heç bir zaman “səmədləşə” bilməyəcəyim kimi, o da “rzalaşa” bilməz”.

Rəsul Rzanın Nigar Rəfibəyliyə yazdığı

 1936-cı il 14 dekabr tarixli məktubundan

 

Bu məsələyə toxunmaya bilmərəm – Rəsul Rzayla Səməd Vurğunun münasibətləri məsələsinə. Bu münasibətlərdən danışanda bəzən iki bir-birinə zidd və məncə, ikisi də səhv olan fikir yürüdülür. Bəziləri – əlbəttə, xeyirxah məqsədlə – bu iki şairi çox mehriban dost, onların əlaqələrini idillik planda təqdim etmək istəyirlər. Bəziləri isə onları bir-biriylə barışmaz, qatı düşmən sayırlar. Dediyim kimi, hər iki fikir kökündən yanlışdır; bu iki şairin arasında müəyyən illərdə çox isti münasibətlər olsa da, onların dostluğu, tutalım, Səməd Vurğunun Mehdi Hüseynlə, ya Rəsul Rzanın Sabit Rəhmanla dostluğu qədər yaxın olmamışdır. Amma heç vaxt bir-birinə barışmaz düşmən də kəsilməmişlər. Səməd Vurğunun “Lenin” poeması haqqında dediyi və əvvəllərdə gətirdiyim sözlərindən basqa bir neçə məqalə, çıxış və məruzələrində də Rəsul Rzanın adı rəğbətlə çəkilir, şeirləri müsbət qiymətləndirilir. Rəsul Rzanın Səməd Vurğunun yaradıcılığını və şəxsiyyətini yüksək dəyərləndirən üç məqaləsi var və bir sıra başqa yazılarında da, çıxışlarında da böyük şair haqqında fikirlər söyləyib.

Rəsul Rza Səməd Vurğunun altmış illiyində yubiley komissiyasının sədri kimi Moskvada və Bakıda məruzələr etmiş, təntənələrin layiqli səviyyədə keçirilməsi üçün çox işlər görmüşdür. Səməd Vurğunla bağlı yazdığı yazılarında çoxlu xoş xatirələri var.

Yerevanda Sasunlu Davidin yubileyinə gedərkən qatarın Səməd Vurğunun gənclik xatirələriylə bağlı Dilican dərəsindən keçdiyi zaman onun kövrəlməsindən, sonra Yerevanda ora daha əvvəl gəlmiş və pisikdirilmiş Azərbaycan nümayəndələrinə ruh
verməsindən, məclisi ələ almasından fərəhlə danışır, hər ikisinin hansı səbəblərdənsə gözdən düşdüyü vaxtlarda Samur–Dəvəçi kanalının açılışına birgə getmələrindən söz açır, ovçuluq xatirələrini yada salır. Atam ovçuluğa Səməd Vurğun kimi aludə olmasa da, ara-sıra ova gedərdi. Səməd Vurğun əsasən Mikayıl Rzaquluzadə ilə, atam Bəhram Ağayevlə ova çıxardılar, ancaq birlikdə ovçuluq etmələri də olub.

Bu idillik səhnələrdən söz açmaqla mən heç də onların münasibətlərinin həmişə dostcasına, mehriban olduğunu söyləmək istəmirəm, çünki bu da yalan olardı. Bir-birinə iclaslarda ağır sözlər dedikləri məqamlar da olub.

Amma 1951-ci ildə bibim Turə rəhmətə gedəndə Səməd Vurğunun atama necə həssaslıqla, nəvazişlə ürək-dirək verdiyini unutmuram. Atamın bir söhbəti də yadıma gəlir. “Bir dəfə Səməd mənə: – Sən kişisən, – dedi, – sənin yanında filankəs mənim barəmdə hərzə danışanda ağzından vurmusan”.

Atam deyirdi ki, doğrudan da, belə məsələ olmuşdu və bunu Səmədə söhbətdə iştirak edən üçüncü bir adam çatdırıbmış. Amma Səməd Vurğun həmin o filankəsin ünvanına ana söyüşü söymək istəyəndə atam qoymayıb və Səməd: “Sən indi də kişi kimi hərəkət edirsən”, – deyib.

Abbas Zamanov “Kişi şair” adlı xatirələrində yazır: “Səməd Rəsulu bir şair kimi yüksək qiymətləndirirdi. Yazıçılar İttifaqında keçirilən bir yığıncaqda Səmədin dediyi sözlər yadıma düşür: “Rəsul istedaddır, orijinal şairdir. Ancaq tünddür, inaddır, ipə-sapa yatmır. Buna görə biz onu ata bilmərik. Çalışıb onunla əl-ələ verməliyik”.

Abbas müəllim sözünə davam edir:

“Bir dəfə Buzovnada Rəsulun bağında nə münasibətləsə kiçik bir qonaqlıq vardı. Gərək ki, kiminsə ad günü idi. Yadıma gəlir ki, Ənvər, mərhum akademik Mirəli Qaşqay, İsmayıl Əfəndiyev, rəssam Tağı Tağıyev Rəsulun qonağı idilər. Mən də ordaydım. Söhbət müasir ədəbiyyatdan, yazıçıların qarşılıqlı münasibətindən gedirdi. Mirəli Qaşqay Rəsula dedi:

– Ay Rəsul, mən ha eşidirəm ki, Səməd ilə Rəsul yola getmirlər, ancaq niyəsini demirlər. Bəlkə bunu sən deyəsən? Axı sizin nəyiniz ortaq düşüb?

Rəsul cavab verdi:

– Ortaq malımız yoxdur. Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb-barışdığımız vaxtlar da olur. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geydirib ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.

Məncə, bu, doğru izah idi. Əslində Rəsul ilə Səməd bir yolun yolçuları olan əməl dostları idi. Axı dostların da, qardaşların da aralarında müəyyən narazılıqlar olur”.

Abbas müəllimin sözünə qüvvət, belə ara vuranlar, bulanıq suda balıq tutmaq istəyənlər şairlərin sağlıqlarında olduğu kimi, indi də var.

Səməd Vurğunun o vaxtlar “Literaturnaya qazeta”da çap etdirdiyi məqalədə atam haqqında etinasız bir cümlə işlətmişdi. Atam bundan bərk incimişdi və Səməd Vurğunun məqaləsinə cavab yazıb həmin qəzetə göndərmişdi. Yadımdadır ki, bu məqalədə Rəsul Rza hissə qapılaraq Səməd Vurğuna ədalətsiz iradlar da tutmuşdu.

Yaxşı ki, məqalə dərc olunmadı və bir müddət sonra atam “soyuyub” mənim də iştirak etdiyim iclasda həmin məqalədən imtina etdiyini söylədi. Yaxşı yadımdadır, belə dedi: “Səməd yoldaşın iradlarından narazı qalıb mən də məqaləmdə bəzi düzgün olmayan hökmlər vermişdim, bu məqaləni indi yazmış olsaydım, çox şeyləri təshih edərdim”.

Bununla da inciklik, narazılıq, anlaşılmazlıq aradan qalxdı. Amma bugünün özündə də həmin məqaləni ədəbi polemikanın məhsulu kimi deyil, tamam başqa şəkildə yozmağa çalışan vicdansızlar tapılır. Səməd Vurğunla Rəsul Rzanın sağlıqlarında onların arasını vurmaq üçün dəridən-qabıqdan çıxanların mənəvi varisləri indi onların ölülərindən də əl çəkmirlər. Vaqif Səmədoğlu belələrinə mətbuat səhifələrində tutarlı cavab verdi. Yusif Səmədoğlu vaxtsız rəhmətə getdi, amma nə qədər ki Vaqif və mən sağıq, belə cəhdlərə yol verməyəcəyik, bizdən sonra da bu sayaq təşəbbüslərə cavab verən vicdanlı adamlar tapılar.

Yenə də Abbas Zamanovun xatirələrindən bir parçanı gətirmək istəyirəm: “Təsadüfi deyil ki, Yusif, Vaqif və Anar şüurlu həyata qədəm basdıqları günlərdən dostdurlar, özü də adicə dost deyil, doğma qardaş kimidirlər. Heç şübhəsiz, bu dostluq onlara atalarından keçmişdir”.

Abbas müəllim haqlıdır, bizim evdə atamın, anamın dilindən Səməd Vurğuna qarşı heç bir nalayiq söz eşitmədiyimiz kimi, Yusiflə Vaqifin də dediyinə görə, onların ataları Rəsul Rza haqqında pis danışmazmış.

Rəhmətlik Yusif həmişə Vaqiflə mənə “biz üç qardaşıq” deyirdi. Mən də hər ikisini doğma qardaş kimi, həm də ədəbiyyatımızın çox istedadlı nasiri və şairi kimi sevirdim və sevirəm. Xəbis ürəkli adamlar özləri heç vaxt dostluqda sədaqətin, etibarın nə olduğunu bilmədikləri üçün bizim münasibətin səmimiyyətini ağıllarına sığışdıra bilmirlər.

Səməd Vurğunla Rəsul Rzanın ədəbi üslub fərqlərinə gəldikdə isə, bu iki müxtəlif cərəyanlara meyillərini, guya ki, Səməd Vurğunun ancaq milli şeir vəznlərinə aludəliyi, Rəsul Rzanın isə bu ənənələrə biganəliyi kimi dəyərləndirənlər kökündən yanılırlar. Gəncliyində orijinal sərbəst şeirlər yazan Səməd Vurğun Vladimir Mayakovski, Nazim Hikmət kimi novator şairləri yüksək qiymətləndirirdi. Rəsul Rza da Nəsimidən, Füzulidən, M.P.Vaqifdən, Sabirdən gələn klassik Azərbaycan şeirinə bir övlad qayğıkeşliyi ilə yanaşırdı.

Bu mövcud olmayan qarşıdurmanı uyduranlarçün Rəsul Rzanın iki misrası bəhanə olmuşdu. Yazıçıların II Qurultayında Yazıçılar İttifaqının sədri Süleyman Rəhimov məruzəsində deyirdi: “Tənqiddə R.Rzanın xalq yaradıcılığına biganə olduğunu deyirlər. Mətbuat səhifələrində ciddi münaqişə və etiraza səbəb olan bir məsələyə qarşı mən də qurultay qarşısında bir məruzəçi kimi öz münasibətimi bildirmək istəyirəm:

 

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası, yaxşı ki, yoxdur...

Boz dağın ətəyi insan əlindən

İndi yarıq-yarıq, oyuq-oyuqdur.

 

(Xatırladım ki, M.P.Vaqifin şeirində misra belədir: “Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur” – A.).

Mingəçevir tikintisiylə bağlansa da, ruh və məna etibarilə bu şeir düzgün deyildir. Rəsul Rza öz şeirini nəhəng Vaqif tradisiyasına qarşı qoyur, ona ehtiram və məhəbbətlə yanaşmadığını göstərir. Sözdə R.Rza tamamilə başqa cürə deyir, Vaqif yaradıcılığına pərəstiş etdiyini söyləyir. Biz isə bu şeiri Vaqif ənənələrinə sadiq olan şairlərə etiraz, yanlış münasibət kimi qiymətləndirmək istəyirik!” (“Ədəbiyyat və incəsənət” qəzeti, 17 aprel 1954).

Rəsul Rza yalnız sözdə deyil, həqiqətən də Vaqif şeirinə dərin hörmət bəsləyirdi, onu keçən əsrlərdə hecayla yazan üç böyük şairimizdən (M.P.Vaqif, M.V.Vidadi, Aşıq Ələsgər) biri hesab edirdi. Hələ 40-cı illərdə yazdığı şeirdə Molla Pənah Vaqif haqqında belə misralar var:

 

Vaqif, vətən torpağının şirin sözlü bəstəkarı,

Anadilli şeirimizin çiçəkləyən şən baharı!

Öz dilində, öz elində, öz xalqına yazan Vaqif,

Farsın bizə yad ruhunu dilimizdən pozan Vaqif.

Qurban oldu gözü qızmış bir azğının qəzəbinə,

Lakin onun təmiz ruhu el qəlbində qaldı yenə...

 

Şairin “Görmədim” müxəmməsi atamın ən çox sevdiyi şeirlərdən idi. Vaqifin bir çox başqa qoşmalarını əzbər bilir, “Sən elə gözəlsən binədən, pəri” misralarını xüsusi heyranlıqla təkrar edərdi.

Hətta haçansa, qırxıncı illərdə bu şeirə elə “Pəri” adlı bənzətmə də yazmışdı:

 

O boy-buxun gözlərimə dəyəndə,

Xəstə ruhum tazələnir, ay Pəri!

Hərdən kaman qaşlarını əyəndə,

Elə bil ki, qırılacaq yay, Pəri!

 

O sallanış, o davranış, o əda,

Şirin olub, qüssə verir Fərhada.

Sən atdı olmusan, könlüm piyada,

Hansı eldə olar sənə tay, Pəri...

 

Səbir dedin, bilmədim ki, dəryadı,

Ərşə çıxdı həsrət, könlüm fəryadı,

Dost elədin hər nadanı, hər yadı,

Çəkdiyim əməklər oldu zay, Pəri.

 

Yerişdə ceyransan, duruşda maral.

Qonmuş yanağına bir cift qara xal.

Dodağın aləmə salıb qilu-qal,

Gözlərinə heyran olub ay, Pəri!

 

O sayaq baxma gəl, sən xumar-xumar,

İllərdir könlümün bir arzusu var,

Səxavətə gəlib bir gün, nə olar,

Ver mərcan ləbindən mənə pay, Pəri!

 

Bu şeiri bütünlüklə gətirirəm ki, Rəsul Rzanın Vaqif poeziyasına da, xalq şeir səpkisinə də münasibəti aydın bilinsin. Göründüyü kimi, bu münasibət heç də məruzəçinin dediyi kimi deyildi.

Vaqifin bir misrasının bu şəkildə dəyişməsini, Molla Pənah Vaqif ənənəsinə, hələ üstəlik Vaqif ənənəsinə sadiq qalan şairlərə qarşı yönəldiyini hansı məntiqlə söyləmək olar? Belə məntiqlə Füzuli və Füzuli ənənəsinə sadiq qalan şairlərə qarşı ən böyük “hörmətsizliyi” Mirzə Ələkbər Sabir göstərib, çünki böyük Füzulinin ən incə, ən zərif qəzəllərini tamamilə başqa səpkili satirik şeirlərində təxmis edib. Misal gətirmirəm, çünki hər bir savadlı azərbaycanlı onları bilir.

Çağdaş poeziyamızda hər iki ədəbi yönün – Səməd Vurğun ədəbi məktəbinin və Rəsul Rza ədəbi məktəbinin özəlliyi haqqında ən obyektiv fikirləri görkəmli alim və şairlərimiz deyib. Ümumtürk şeirinin araşdırıcısı Tərlan Quliyev yazır:

“XX əsrin 20-30-cu illərində şeirimiz öz inkişafının tamamilə yeni bir mərhələsinə qədəm qoyur. Hətta Hüseyn Cavid kimi klassik normalara sadiq qalan bir şair də yaradıcılığında əruz vəzni ilə bərabər heca vəzninə də müraciət edir. Və elə bu andaca Səməd Vurğun öz böyük istedadı ilə meydana çıxır və poeziyada təşəbbüsü öz əlinə alır. İki min ildən artıq tarixi olan heca vəzni Səməd Vurğunun yaradıcılığında, demək olar ki, zirvəyə qalxmışdır. S.Vurğunla bərabər XX əsr şeirimizin poetik simasını müəyyənləşdirən, XX əsr şeirimizdə ayrıca mərhələ olan başqa bir şair Rəsul Rzadır. R.Rza poeziyamız tarixində sərbəst şeirin ilk böyük yaradıcısıdır.

Sərbəst şeir, sərbəst vəzn isə istər bizim ədəbiyyatda, istərsə də dünya ədəbiyyatında hələ öz təşəkkül dövrünü keçirən ən cavan ədəbi formadır. Hələ sərhədləri, normaları müəyyən olmayan bir ədəbi formada isə yazıb-yaratmaq olduqca çətindir. Rəsul Rza istedadının nəticəsidir ki, bir şair kimi həm özünü, həm də sərbəst şeiri poeziyamızda təsdiq etmişdir” (T.Quliyev. “Anadilli şeirimizin inkişaf yolu”. “Azərbaycan müəllimi” qəzeti, 31 yanvar 1992).

Poeziyamızın istedadlı nümayəndəsi Çingiz Əlioğlu şeirimizin inkişaf yolları haqqında düşünərkən belə qənaətə gəlir:

“Mən hərdən Azərbaycan şeirinin XX əsr sovet dövrünün iki nəhəng şairi – Səməd Vurğunla Rəsul Rzanı xəyalən müqayisə edir və düşünürəm: görəsən, onları bir-birindən fərqləndirən, ayıran ən əsas cəhət hansı idi? Gəldiyim qənaət belədir: əgər böyük Səməd Vurğun özündənqabaqkı bütün maraqlı başlanğıcların yekunlaşdırıcısı, nöqtə qoyanı idisə, ustad Rəsul Rza Azərbaycan şeirində bütün özündənsonrakı başlanğıcların başlayıcısı, əzəli, ibtidası idi. Məhz bu səbəbdən müasir şeirimizin bütün çağdaş avanqard, modernist və postmodernist axtarışlarının başlanğıc mənbəyini də Rəsul Rzanın metafizik poeziya irsində soraqlamaq lazımdır” (“Poeziyamızın Rəsul Rza məsuliyyəti”. “Ədəbiyyat qəzeti”, 25 may 2001).

Dövrümüzün ən böyük şairlərindən olan Ramiz Rövşən yazır:

“Rəsul Rza 50-ci, xüsusən 60-cı illər Azərbaycan poeziyasının keyfiyyətcə dəyişməsində müstəsna xidməti olmuş şairdir. O, təkcə ənənəvi şeir təsəvvürünü deyil, həm də ümumiyyətlə, şair haqqında təsəvvürü dəyişib... Mənə elə gəlir ki, Rəsul Rzanın bir şair kimi xüsusən son vaxtlar diqqətdən kənar qalmağının, təbii olaraq, cəmiyyətdə gedən proseslərə bağlılığı var. Amma məncə, Rəsul Rzaya xüsusi diqqət yenə olacaq. Söhbət oxucu diqqətindən gedir... Mən buna inanıram. Rəsul Rzanın oxucuları bu gün də var, sabah da çox olacaq. Mən əminəm ki, Rəsul Rza heç vaxt oxucusuz qalmayacaq” (“Bizim əsr” qəzeti, 18 may 2000).

Və nəhayət, bu mövzuda ən mötəbər sözü demək imtiyazına malik olan dövrümüzün başqa bir böyük şairi Vaqif Səmədoğlunun fikirləri: “Rəsul Rza Azərbaycan ədəbiyyatı tarixində ən anlaşılmaz şairdir. Rəsul Rzanı sevənlər də, sevməyənlər də əksərən ona səthi platformadan yanaşırlar” (“Xəzər” dərgisi, №2, 1997).

“Rəsul Rzanın müasirliyi bizim bugünkü çağdaşlığımızdan çox-çox irəli gedən müasirlikdir. Onun poeziyası XXI əsrin yox, XXII əsrin astanasında duran bir poeziyadır. Elə bəlkə o səbəbdən Rəsul Rza öz çağdaşları arasında layiq olduğu populyarlığı qazanmayıb” (“Azərbaycan müəllimi” qəzeti, 6-12 yanvar, 2000).

60-cı illərdə çağdaş şeirimizdə Vaqif Vəkilov (sonralar Vaqif Səmədoğlu) poetik fenomeninin meydana çıxması, həm də onun ilk şeirləri haqqında söz deyən, onları mətbuata təqdim edən Rəsul Rzanın xeyir-duası aləmi bir-birinə qarışdırdı. Şeirlərinin müəyyən dərəcədə Rəsul Rza üslubuna yaxınlığı (“Yazıram şeirin neçə dilində, Yazıram bəzən qorxuram deməyə də Rəsul Rza stilində”) fırtına qopardı. Vaqifi az qala atasına xəyanət edən kimi damğaladılar, qəlbi qara adamlar (avamlar) buna hətta Rəsul Rzanın Səməd Vurğundan qisas alması kimi sərsəm və çirkin fikirlər söylədilər.

Altmışıncı illərdə yetişən ədəbi nəslin hər uğuru Rəsul Rza üçün güvənc yeri, onun iftixarı və fərəhi idisə, gənclərlə bağlı sevincləri çox idisə, qayğıları, “başağrısı”, kədərli anları da az deyildi. İstedadlı gənclər Rəsul Rzaya dayaq, arxa olduqlarına görə, Rəsul Rzanı isə onlara qahmar durduğuna görə tənqid atəşinə tuturdular.

Vaqif Səmədoğlu yazır: “İndi gülünc görünür o şeylər, söhbətlər... Amma o vaxtlar Rəsul Rza olmasaydı, çoxumuzun iradəsi sına bilərdi... yeni şeirə tamamilə ədalətsiz münasibət vardı və bu çəpərləri sındıran, əlbəttə ki, Rəsul Rza idi. Əsas zərbələri məhz o alırdı”.

İllər keçdi, Vaqif Səmədoğlu özünü ədəbiyyatda böyük, orijinal şair kimi təsdiq etdi. Onun haqqında Moskvada “Drujba narodov” jurnalında “Teleqramma s puti” və Azərbaycan mətbuatında ilk iri məqalənin müəllifiyəm (“Allahla söhbət” adlı bu məqaləm həm də Vaqifin “Mən burdayam, İlahi” kitabına ön söz kimi verilib).

Bu yazılarımda Vaqifi heç kəsə bənzəməyən orijinal şair kimi təqdim etməyə çalışmışam. Akademik Nizami Cəfərov “Şairin şöhrəti, şərəfi... Və İstiqlalı” məqaləsində yazır:

“Həm ideya-məzmunda, həm də forma-intonasiyada Səməd Vurğun miqyasına öyrəşmiş ədəbi tənqid, ümumən ədəbi-ictimai təfəkkür Vaqif Səmədoğlu üslubunu uzun müddət qəbul etməkdə bir də ona görə çətinlik çəkdi ki, Vaqif Səmədoğlu Səməd Vurğunun bilavasitə varisi idi. Və tamamilə aydın idi ki, ədəbi ictimaiyyət Vaqif Səmədoğludan məhz Səməd Vurğunun yolu ilə getməsini, hətta onu təqlid etməsini gözləyirdi. Fitrətən azad ruhlu Vaqif Səmədoğlu isə heç kimi təqlid etmək fikrində deyildi!

Həqiqət naminə, heç bir konyunktur güdmədən xatırlatsaq ki, keçən əsrin ortalarından etibarən Azərbaycan poeziyasının biri digərini guya estetik baxımdan inkar edən iki üslub-istiqaməti arasında mübarizə gedirdi və həmin mübarizənin əsasən konyunktur iştirakçıları Vaqif Səmədoğlunun Səməd Vurğun deyil, Rəsul Rza “cəbhə”sində dayanmağından narahat idilər, açıqca etirazlarını bildirirdilər, onda təsəvvür etmək çətin deyil ki, gənc şair hansı yaradıcılıq həyəcanları keçirmişdi. Rəsul Rzanın onu (Vaqif Vəkilovu) müdafiə etməsi gərginliyi daha da gücləndirirdi ki, bu da səmədvurğunçuları, əlbəttə, heç cür razı sala bilməzdi. Əgər sıradan, daha doğrusu, neytral bir istedad olsaydı, başqa məsələ idi. Söhbət Səməd Vurğunun oğlundan gedirdi...

Həmin mürəkkəb (və konyunktur!) mübahisəni, məsələ burasındadır ki, nə səmədvurğunçular, nə də rəsulrzaçılar deyil, məhz Vaqif Vəkilov (Səmədoğlu!) həll etdi. Belə ki, Xalq yazıçısı Anarın sözləri ilə desək, o, həm Səməd Vurğundan, həm də Rəsul Rzadan fərqli bir üslub, Vaqif Səmədoğlunun öz üslubunu yaratdı. Və maraqlıdır ki, ya aktiv, ya da passiv şəkildə ya Səməd Vurğun, ya da Rəsul Rza “mövqe”yində dayanıb Vaqif Səmədoğlunu ya tənqid, ya da təqdir edənlərin çoxu onun səviyyəsinə yüksələ bilmədi.

...Neyləyəsən ki, böyük şairlərin taleyi həmişə belə olub, bundan sonra da, yəqin ki, belə olacaq. Səməd Vurğun kimi, Rəsul Rza kimi, Vaqif Səmədoğlu da çox tənələrə, nadan təhqirlərə məruz qalıb... Ancaq Səməd Vurğun da, Rəsul Rza da, Vaqif Səmədoğlu da hər biri öz dövrünün insan (və millət) azadlığı barəsindəki təsəvvürlərini mümkün qədər açıq bəyan etməkdən, dünyanın dərdini sinə dolusu öz dərdləri kimi çəkməkdən çəkinməyiblər”.

***

 Qəribə paradoks ondan ibarətdir ki, indi, Azərbaycanın müstəqilliyi dövründə ən çox hücumlara məruz qalan yenə də Babəkdir, Qaçaq Nəbidir, Mirzə Cəlildir, Səməd Vurğundur. Bu səfər onlara “özümüzünkülər”in əliylə hücumlar edilir. Erməni millətçilərinin məqsədi aydın idi – Azərbaycan xalqını keçmişsiz, tarixsiz, böyük şəxsiyyətləri olmayan kütlə kimi qələmə vermək və beləliklə, hər növ iddialarına, o cümlədən, ərazi iddialarına haqq qazandırmaq... Bəs “sapı özümüzdən olan baltalar”ın – mənəvi dəyərlərimizi, bu dəyərlərin ən layiqli daşıyıcılarını, klassiklərimizi və çağdaşlarımızı nəyin bahasına olur-olsun rüsvay etmək cəhdlərinin səbəbi nədir?

Hər bir dövrün sənətçiləri haqqında söz açarkən hökmən o dövrün şəraitini, şərtlərini, mühitini, tələblərini nəzərə almaq lazımdır. Tarixilik hissi məhz bundadır. Tarixi unudub dünəni bugünün icazəli “cəsarət”iylə mühakimə etmək ədalətsizlikdir. Ona qalsa, ucdantutma hamını – o sıradan elə bu sayaq yazı müəlliflərini də suçlamaq olar ki, indi dediklərinizi o zamanlar niyə demirdiniz?

Sovet dövrünün yazıçıları çox çətin və əzici şərtlər altında xalqımızın milli qürurunu, dilinin özəlliyini təsdiq etməyə çalışırdılar. Səməd Vurğunun neçə-neçə nəslin dillər əzbəri olan “Vaqif” pyesi də məhz bu amalla yazılıb. Üzeyir bəyin “Koroğlu” operası kimi, “Vaqif” dramı da o dövrün insanlarına ən yüksək vətənsevərlik duyğuları aşılayan əsərlər idi. “Vaqif” dramının qəhrəmanı da Azərbaycanın nüfuzlu xanlarından olan İbrahim xanı devirən, Şuşanı qana boyayan, Vaqif kimi böyük şairə edam hökmü kəsən xacə şah yox, böyük Molla Pənahdır.

Hər bir sənətkarın – özəlliklə də başları üstündə min bir təhlükə dolaşan bir vaxtda, mürəkkəb sovet dövründə yaşayıb-yaradan sənətkarların irsindən bugünə uyğun olmayan, yaxud bu, ya digər uğursuz ifadəni tapıb müəllifləri indiki zəmanənin ölçüləriylə qınamaq çətin iş deyil. Amma “Koroğlu”, “Leyli və Məcnun”, “Arşın mal alan” müəllifi dahi Üzeyir bəyi Stalinə kantata həsr etdiyi üçün gözdən salmaq olarmı? Yaxud tək bir “26-lar” poemasına görə ədəbiyyatımızda böyük məktəb yaratmış Səməd Vurğunun ölməz poeziyasını inkar etmək, onu nalayiq ifadələrlə alçaltmaq rəvadırmı? Nəsiminin yaradıcılığına bələd olanlar onun ən ibarəli ifadələrlə erməniyə mədhiyyə yazdığını da bilirlər. Bir buna görə bu dahi şairin üstünə kölgə salmalıyıq? Son zamanlar Mirzə Cəlilə, mollanəsrəddinçilərə, Səməd Vurğuna haqsız və ədalətsiz hücumlar hər bir azərbaycanlını incitməyə bilməz. Mirzə Cəlil bu cəhətdən “öyrəncəlidir”. Bütün dövrlərin yazıçısı olan M.C.Məmmədquluzadə bütün dövrlərin cahillərinə hədəf olub. Bizim günlər də bu cəhətdən istisna deyil.

Amma bir yandan da təəccüb qalırsan: istər Mirzə Cəlil, istərsə də Səməd Vurğun haqqında qalın-qalın tədqiqatlar yazıb namizəd, doktor olanlar niyə ağızlarına su alıb susur? “Dəymə mənə, dəymərəm sənə”, “Azacıq aşım, ağrımaz başım” əxlaqıyla yaşamaq tarix qarşısında məsuliyyətsizlik deyilmi?

Hər zaman olduğu kimi, bu son hücumlara da cavab verən yenə Yazıçılar Birliyi oldu. Onu da bilirik ki, buna görə növbəti hücumlara, təhqirlərə, böhtanlara məruz qalacağıq. Olsun. Klassiklərin keşiyində durub zərbələr qəbul etmək zərbə vuranların sırasında durmaqdan, ya kənardan baxıb susmaqdan min pay şərəflidir.

İstedadlı və bədbəxt taleli yazıçı olan mərhum Rafiq Tağı Səməd Vurğun haqqında son dərəcə ədalətsiz və təhqiramiz sözlər yazdığına görə onu Birliyin üzvlüyündən çıxardıq. İndi, illər keçəndən sonra bu qərarımıza görə bizi qınayanlar bunu nə üçün etdiyimizin heç üstünü vurmurlar.

                                                          ***

Səməd Vurğunun xalq arasında görünməmiş populyarlığına görə Sabit Rəhman ona: “Ay Səməd, pulumuz qurtaranda gərək səni camaata göstərmək üçün bilet sataq”, – deyirmiş.

Səməd Vurğunun cəmiyyətdə, xalq arasında çox böyük populyarlığı, Azərbaycanda, Azərbaycanın hüdudlarından çox uzaqlarda milyonlarla insanın onu ürəkdən sevməsi həm şairin parlaq yaradıcılığı ilə, həm də parlaq şəxsiyyəti ilə bağlıdır. Şəxsiyyət kimi Səməd Vurğun son dərəcə yapışıqlı, istiqanlı, insanlarla tez ünsiyyət tapan, ən müxtəlif adamlarla münasibətində sadə, sözüylə, zarafatıyla, davranışıyla hər məclisdə diqqət çəkməyi bacaran, ürəyə yol tapa bilən nadir insanlardan idi. Əvvəllərdə dediyim kimi, bənzərsiz yumor hissi vardı, bu mizah qabiliyyəti əsərlərində böyük yer tutmasa da, hər halda müəyyən şəkildə ifadə olunmuşdur.

Vurğun təvazökarlıqla:

 

Oxucum, etiraz edirəm qəlbən,

Satira gəlməyir mənim əlimdən,

 

desə də, biz şairin bu qənaəti ilə razılaşa bilmərik. Hədəfi sərrast vuran qüvvətli poetik parçalar Vurğunun satirik istedadının ən tutarlı sübutudur.

Başqa bir uğursuz şairin misralarını lağa qoyaraq yazırdı:

 

Kəndə, kəndə və yenə kəndə!

Belə yazdı bəziləri

Şeirimizin başında turp əkəndə...

 

O da diqqəti çəkir ki, Səməd Vurğun bəzi hallarda fikrini narahat edən, qəlbini nigaran qoyan bir sıra ciddi məsələləri zarafata salıb deyirdi.

Rəsul Rza “Ömür keçdi, gün keçdi” poemasında Səməd Vurğunun Ağahüseynə həsr olunmuş misralarını xatırlayır:

 

Yadıma düşür

Şairin sözləri

Söyün, Vurğun, söyün!

Səni bəyənmir Ağasöyün.

 

Sonralar müxtəlif vəzifələrdə işləyən bu adam bir vaxt hətta respublika prokuroru da olub. 1 may və 7 noyabr nümayişlərində o vaxtlar yazıçılar da dəstəylə tribunanın qarşısından keçirmişlər. Rəhmətlik Əvəz Sadıq danışırdı ki, həmin o Ağasöyün də prokuror olanda hökumət tribunasında dayanırmış və yazıçıların dəstəsi keçəndə bərkdən bağırırmış: Rədd olsun müsavatçılar!

Aydındır ki, yazıçılar da, bütün başqa insanlar kimi, bir-biriylə zarafatlaşmaqdan, bir-birini dostcasına dolamaqdan, sarımaqdan xoşhallanırdılar. Amma bunu hamıdan çox xoşlayan və hamıdan yaxşı bacaran Süleyman Rüstəm idi. Səməd Vurğun, Məmməd Rahim, Mirzə İbrahimov, Mehdi Hüseyn, Rəsul Rza – hamısıyla bağlı iti bir sözü, lətifəsi həmişə hazır olardı. Müharibə vaxtı Yazıçılar İttifaqına gəlib, görüb ki, Səməd Vurğun xəritədə Rostovu axtarır. Ədəbiyyat fondunun müdiri Kabakova deyir: Kabakov, pokaji Rostov”.

Səməd Vurğunun mizah istedadı onun yaradıcılığında tam şəkildə açılmasa da, həyatda, davranışında çox yaddaqalan şəkildə üzə çıxırdı. Bəzən də Səməd Vurğun özü bu imicini – sadədillik, türkəsayalıq obrazını bilərəkdən yaradırdı. Sonralar Hüseyn Arif də, Qabil də bəzən bilərəkdən belə hərəkət edirdilər. Səməd Vurğunun sözlərində, hərəkətlərində qəsdən, yaxud səmimi qəlbdən üzə çıxan ifadələr, davranış çox təbii, duzlu və şirin görünürdü. Yazıçılar İttifaqına qonaq gəlmiş Çin yazıçısını Səməd Vurğun təxminən belə salamlamışdı: – Əziz dostumuzu, görkəmli Çin yazıçısını ürəkdən salamlayırıq, onun əziz adı hamımızın qəlbimizdədir, dilimizin əzbəridir.

Rus dilində dediyi bu sözlərdən sonra əlindəki kağız parçasına uzun-uzadı baxıb yanındakı köməkçilərinə Azərbaycan dilində: Ə, sizə dedim ki, bu köpəyoğlunun adını elə yazın ki, oxuya bilim də”, – demişdi.

Mehdi Hüseynin “Tərlan” romanını tənqidlərdən necə müdafiə etdiyi də yazıçılarımızın xatirində yaşayır. Durub romanı tərifləmiş, bircə tərtibçi rəssamı qınamışdı ki, kitabın üzündə Tərlanın şəklini yaraşıqlı bir qız kimi çəkə bilməyib. Mehdi yerindən “Tərlan qız deyil, oğlandı” replikasını atanda, “bunu elə yaz ki, oğlan, ya qız olduğu aydın olsun da”, – deyə vəziyyətdən çıxmışdı.

Bir gün Səməd Vurğun Yazıçılar İttifaqının rəhbəri olanda Rahim onun üstünə gəlir: – Səməd, sən necə sədrsən ki, sənin şairini adi bir nəşriyyat redaktoru təhqir edir? Səməd: – Ayə, nəşriyyat redaktorunun həddi nədir sənin kimi şairimizi təhqir eləsin, bu saat onun dədəsinə od qoyaram, – deyə telefonun dəstəyini qaldırıb həmin redaktora zəng eləyir, sərt şəkildə ondan cavab tələb edir. Bir müddət redaktorun izahatını dinləyərək: Hə? Belə de... Demək belə, – replikalarını verir. Nəhayət, söhbəti belə yekunlaşdırır: Yaxşı, Rahim səhv eləyib, day sən də məsələni çox uzatma.

Səməd Vurğun rus dilini çox yaxşı bilirdi, bu dildə mətnlər yazır, çıxışlar edirdi. Hətta SSRİ Yazıçılarının Qurultayında sovet poeziyası haqda rus dilində məruzə etmişdi. Ancaq bəzi rus sözlərini çox gülməli şəkildə çaş-baş salırdı (Məncə, bunu qəsdən, zarafat, gülüş xatirinə edirdi). Bir dəfə balaca boylu şair Tələtə: “A Tələt, sən də elə belə filipet (liliput yerinə – A.) qaldın”, – demişdi...

Yadımdadı, bir dəfə atam və Səməd Vurğunla stadiona, futbola gedirdik. Səməd əmi atamın dostu Davud Qiyabovu xəbər aldı: “O, yenə Ermitajda işləyir?” Atam qəhqəhəylə güldü, Ermitajda yox, ay Səməd, arbitrajda.

Stadionda Səməd Vurğunun futbola necə çılğınlıqla baxdığı da yadımda qalıb. Bizimkilər hücuma keçəndə qışqırır, qol vuranda atılıb-düşürdü. Bütün tribuna çevrilib ona baxırdı: əvvəla, Səməd Vurğun olduğuna görə tanımışdılar, ikincisi də, böyük şairin belə uşaq kimi sevinməsinə və sevincini uşaq səmimiliyi ilə ifadə etməsinə görə.

Əvvəllərdə Səməd Vurğunla atam arasında ciddi mübahisələr, fikir ayrılıqları, hətta toqquşmalar, soyuqluq məqamlarının olduğunu da yazmışdım, atamın öz sözlərini də gətirmişdim. Bunun üzərindən keçmək istəmirəm. Fikir ixtilaflarına, əlbəttə, ilk növbədə yaradıcılıq prinsipləriylə poeziyaya baxışlarında fərq olan, həm də insan kimi, şəxsiyyət kimi bütöv xarakterlərə malik şairlərin münasibətləri kimi baxmaq lazımdır. Onları bir-birindən ayıran, bir-birinin yaradıcılığını qarşılıqlı şəkildə qəbul etmədikləri cəhətlər də vardır, bir-birinin poetik məninə hörmət, maraq, rəğbət də. İnsan kimi də sözləri çəp düşən, küsüşdükləri, bir-birindən uzaqlaşdıqları məqamlar da vardır. Bir-biri ilə son dərəcə mehriban, səmimi davranışları, birlikdə deyib-güldükləri, xoş ünsiyyətdə olduqları saatlar, aylar, günlər, illər də az olmayıb.

S.Vurğun haqqında qısa xatirələrinə başlayarkən atam xəbərdarlıq edirdi ki, bu xatirələr xronoloji ardıcıllıqla olmayacaq. “Mənim gündəliyimə bəlkə də aydalıq, ildəlik demək daha doğru olardı”. Bu sözləri bura köçürərkən düşünürəm ki, S.Vurğun, çox güman ki, atamın işlətdiyi aydalıq, ildəlik sözlərini bəyənməzdi. Bu sayaq R.Rzanın neologizmlərini qəbul etmirdi. Atamla bir mübahisələri yadımdadır. Əlbəttə, bu, dostcasına edilən ədəbi bir mübahisə idi. S.Vurğun atamın bir şeirində işlətdiyi “məktəb-məktəb uşaqlar” ifadəsini uğursuz sayırdı. Atam razılaşmırdı: “Niyə dəstə-dəstə uşaqlar demək olar, məktəb-məktəb uşaqlar demək olmaz? Qoşun-qoşun, qatar-qatar demirik? İndiyəcən deməmişik, indən belə deyərik, qulaq alışar. Bu cür ifadə tərzi dilimizin hansı qanununu pozur ki?”

Əlbəttə, bu sənət, dil, neologizm mübahisələrini məişət planına, dedi-qoduya, adi bayağı intriqaya çevirmək istəyənlər, söz gəzdirib ara vuranlar da vardı. Amma ədəbiyyat üçün vacib olan zamanın unudulası olayları yox, poetik mövqelərinin özəllikləridir. Bəzən məsələni çox bəsitləşdirərək Səməd Vurğunun yalnız ənənələrə bağlı, ənənələrin əsiri olub onların çərçivəsində yazıb-yaradan sənətkar kimi, Rəsul Rzanı isə yenilik naminə ənənələrdən tamamilə uzaq bir şair kimi qələmə vermək istəyirlər.

Bu da kökündən yanlışdır. Ənənələrə dərindən bağlı olan Səməd Vurğunun şeirimizə nə qədər yenilik gətirdiyi, ümumən heca şeirimizə yeni bir ruh verdiyi, məzmun və ifadə vasitələri baxımından onun qarşısında yeni üfüqlər açdığı danılmaz həqiqətdir. Eyni cür yeni vəzn, forma, ifadə vasitələrinin yorulmaz, ardıcıl axtarıcısı olan Rəsul Rzanın klassik milli şeirimizin ənənələriylə nə qədər sıx bağlı olduğu da aydın gerçəklikdir.

Bu gün qəribə görünsə də, mübahisələr çox vaxt şeirin zahiri bir cəhətiylə – vəzn məsələsiylə bağlı olurdu – sərbəst, ya heca.

 

Vaqif Səmədoğlu Rəsul Rzanın 90 illik yubileyindəki çıxışında deyirdi:

“Rəsul Rza şəxsən mənim üçün bir insan, bir şair kimi kim idi? Mən 17 yaşım olanda atamı itirdim. Azərbaycanın başqa bir böyük şairini, Səməd Vurğunu itirdik. Mən ədəbiyyata gələndə atam yox idi. Onun müdrik, yolgöstərən məsləhətlərindən tale məni məhrum etmişdi. Ancaq mən xoşbəxt adamam ki, Rəsul Rza mənim əlimdən tutdu. Taleyim belə gətirdi. 1950-ci illərin sonunda, 60-cı illərin əvvəllərində Rəsul Rza mən daxil olmaqla, Azərbaycanın bir qrup gənc şairinə, yazıçısına sözün əsl mənasında həm arxa olub, həm də bizi arxasınca aparan olub. Mən ona əmi deyərdim. Mən burda da Rəsul əminin adına layiq danışmaq istəyirəm və bir məsələyə toxunmasam, onun ruhu məndən inciyər. Bu da Səməd Vurğun və Rəsul Rza münasibətləri idi. Çox ləyaqətsiz söhbətlərə, şayiələrə düçar olmuş bir münasibət. Bilirsinizmi, üç cür mübahisə var. Birincisi həqiqətlə yalanın mübahisəsidir. Burda hər şey aydındır. İkincisi ikrah hissi doğuran bir mübahisə – yalanla yalanın mübahisəsidir. Üçüncüsü çox dramatik mübahisə olan həqiqətlə həqiqətin mübahisəsidir. Bax, bizim bugünümüz – Azərbaycanın müstəqilliyi, ədəbiyyatımızın bugünkü günü sübut etdi ki, bəzən dramatik hallara gələn Səməd Vurğun–Rəsul Rza, Rəsul Rza və Səməd Vurğun mübahisəsi iki həqiqətin mübahisəsi idi və bu, özünü doğrultdu. Yəni həyat sübut etdi ki, Səməd Vurğunun ənənəvi formadakı poeziyası nə qədər novator idisə, Rəsul Rzanın yeni formada yazdığı əsərləri, şeirləri o qədər Azərbaycan poeziyasının gözəl, ən qabaqcıl ənənələrinə söykənir. Bu, sübut olundu...”

 

***

Rəsul Rzanın Səməd Vurğunla kəskin bir toqquşması haqda bu hadisədən çox sonralar anam danışmışdı mənə. Yazıçılar İttifaqının Rəyasət heyətinin iclasında, ittifaqın sədri Mirzə İbrahimovun kabinetində tutuşmuşdular. Hansısa məsələylə əlaqədar mübahisələri düşmüşdü və Səməd Vurğun atama ağır sözlər demişdi, Rəsul Rza dərhal daha ağır sözlərlə ona cavab vermişdi.

Sədr Mirzə İbrahimov: “Bu saat mübahisənizi telefon edib yoldaş Bağırova çatdıracam”, – deyib. Lap elə bil uşaqlar kimi dalaşırmışlar. Həm də uşaqlara olunan hədə – “böyüyə deyərəm ha”. Səməd Vurğun iclası tərk etmək istəyib. Qapıda atama deyib ki, sən mənə indi bu sözləri deyirsən, amma vaxtilə çox çətin bir vaxtda mən səni müdafiə etmişəm. Rəsul Rza da Səməd Vurğuna deyib ki, sən bir dəfə də mənə belə ağır söz demişdin, onda sənə cavab verməmişdim. Haçan, hansı şəraitdə olub bu hadisələr? Hər iki hadisə? Bilmirəm! Soruşdum, anam da bilmirdi (Atam isə mənimlə heç vaxt belə söhbətlər eləməzdi). Anam deyirdi ki, Rəsul söz götürən deyil, bəlkə İttifaq sədri olanda susmalı olub. Amma İttifaq sədri olduğu müddətdə Səməd Vurğunla çox mehriban imiş. Kim bilir, bəlkə elə bu mehribançılıq müddətində belə toqquşmaları olub. O nəsil yazıçıların münasibətləri elə tez-tez dəyişirdi ki... Nə isə, elə həmin iclasda anam Səmədlə Rəsulu barışdırıb, İttifaqdan birgə çıxıb evlərinə bərabər piyada gediblər. Kitab passajından keçəndə Rəsul: “Səməd, gedək bizə”, – deyə təklif edib. Səməd: – “Yox, ayə, hələ mən xeyli vaxt sənin evinə gələ bilmərəm”, – deyib. Anam danışırdı bunları.

Təbii ki, sonralar münasibətləri düzəlib və bir-birinin evinə gedib-gəliblər. 1949-cu ildə Təranənin bir yaşını qeyd edəndə bizdə Səməd Vurğunun dediyi tost yadımdadı: Nə şairanə ad qoymusuz qıza – Təranə. Qoy bütün ömrü gözəl bir Təranə kimi olsun.

Həbibə Məmmədxanlı və rəssam Tağı Tağıyevin toyunda atam Səməd Vurğunu da dəvət etmişdi. Toy Tağıgilin Zərgərpalanda dədə-baba evində idi. Biz nədənsə bir az gecikmişdik. Məclis olan otağa girəndə Səməd Vurğun atama: “Ayə, gəl bura, mənim yanımda otur, – dedi, – mənim şöhrətimi artırarsan”. Atam da: “Sənin şöhrətinlə mənim şöhrətim yan-yana olsa, qabağında dağ da dayanmaz”, – deyə zarafata zarafatla cavab verdi. Həmin məclisdə atamın Səməd Vurğunun şərəfinə dediyi çox dəbdəbəli tost, Səməd Vurğunun Həbibəylə Tağının sağlığına dediyi təmtəraqlı sözlər konkret kəlmələriylə deyil, ümumi ruhuyla yadımda qalıb.

Kür üzərində körpünün açılışına getdiyimiz zaman, bağda böyük banketdə də Səməd Vurğun çox parlaq tost söylədi, banketdə zabitlər onu əllərinin üstünə götürüb atıb-tutmağa başladılar – bu da yadımda qalıb.

Atam Lenin ordeni alanda və ilk dəfə Ziyalılar evində yaxasına orden taxanda Səməd Vurğunun onu necə ürəkdən təbrik etməsi, qucaqlayıb öpməsi də yadımdadı.

1951-ci ildə atam “Lenin” poemasına görə Stalin mükafatı alandan sonra Səməd Vurğun və Məmməd Rahimin onu Yazıçılar İttifaqının qabağında qarşılayıb təbrik etmələri sənədli kinokadrlarda hifz olunub. Amma o il, 51-ci il atamın sevinc ili olmadı, ailəmiz üçün ağır faciəvi il oldu. Kiçik bibim Turə Məmmədxanlı uşaq üstündə vəfat etdi və atam sonbeşik – kiçik bacısının vəfatını çox ağır keçirdi. Bu günlərdə Səməd Vurğun atamın yanındaydı. Yadımdadır, Turənin dəfnindən bizim maşında qayıdırdıq. Atam qabaqda sürücünün yanında oturmuşdu, anam, mən, Səməd Vurğun arxada. Səməd Vurğun arxadan atamı qucaqlayıb ürək-dirək verirdi. “Qəhrəman, – deyirdi, – həmişə iradədən, möhkəmlikdən danışırsan. Özünü ələ al, olacağa çarə yoxdur, gərək indi anana dayaq olasan”.

Ordan bizə gəldik. Səməd Vurğun: “Ananı görmək istəyirəm”, – dedi. Qadınlar olan otağa keçdi, nənəmi bağrına basıb təsəlli sözləri dedi.

Bir il sonra isə nənəmi də itirdik. Səməd Vurğun yenə yas məclislərində iştirak edirdi. O vaxt nə isə Səməd Vurğunun Mirzə İbrahimovla münasibətləri gərginləşmişdi və anam “sonra bir-biriylə toqquşmasınlar” deyə təlaşlanırdı. Atam: “Yasda dalaşmazlar ki...” – dedi, amma hər halda Səməd əmini masanın bir başında, Mirzə müəllim və Əvəz Sadığı o biri başında oturtdu.

İndi bu sözləri yazarkən ilk dəfə ağlıma gəlir ki, atamın nəslindən olan yazıçıların bəzilərinə mən uşaqlığımda “əmi”, bəzilərinə isə “müəllim” deyərdim. Səməd əmi, Sabit əmi, Cəfər əmi, Əvəz əmi, amma Süleyman müəllim, Mirzə müəllim, Mehdi müəllim... Nəyinsə əlamətidirmi bu? Bilmirəm. Amma düşünürəm ki, bu, hər halda təsadüfi deyil. Sabit Rəhman, Cəfər Cəfərov atamın ən yaxın dostları idi, tez-tez bizə gəlib-gedərdilər, Əvəz Sadıq bağ qonşumuz idi. Səməd Vurğunla atam yaxın dost deyildilər. Hər halda, tutalım, Rəsul Rzanın Sabit Rəhman, Cəfər Cəfərovla, yaxud Səməd Vurğunun Osman Sarıvəlli, Mehdi Hüseynlə olan məhrəmliyi yox idi aralarında. Səməd Vurğun bizim evdə (hər halda mənim yadımda qalan budu) cəmisi bir neçə dəfə olmuşdu. Bir dəfə bağımıza qonaq gəlmişdi, bir dəfə də atam məni götürüb onun Şüvəlandakı bağına qonaq aparmışdı. Amma bununla bərabər ona əmi deməyim, yəqin, uşaqlıqdan bu adama ilıq, mehriban hisslər bəslədiyimdən imiş, çünki o yaşlarımda hələ onun sənətkar böyüklüyünü dərk edə bilməzdim, həm də böyük sənətkara “əmi” deməzlər ki... Deməli, bu rəğbət hissi məndə ailəmiz tərəfindən aşılanıb. Anam, nənəm, hətta atam da Səməd Vurğun haqqında həmişə xoş, işıqlı bir təbəssümlə danışardılar. Əlbəttə, bir də təkrar edirəm ki, atamın Səməd əmidən möhkəm incidiyi məqamlar da olub, amma əvvəla, o, heç vaxt bunu evdə büruzə verməzdi, mən bunu çox sonralar dolayı yollarla çıxardığım nəticələr əsasında bilirdim. İkincisi də, heç vaxt atamın dilindən onun haqqında bir ləyaqətsiz söz eşitməmişəm.

Çox vaxt atam ova Bəhramla, Ənvərlə, ya Mikayıl Rzaquluzadə ilə gedərdi, amma bəzi hallarda hamısı bir yerdə gedərdilər. Səməd Vurğunla getdikləri də olurdu. Atam danışırdı ki, bir dəfə kino naziri işləyəndə kinomuzun maşınına yeddi nəfər doluşmuşduq, əsasən də yazıçılardı. Gecə yolda qarşımıza tülkü çıxdı. Faraların işığında biz onun asfaltdan çıxıb çölə qaçdığını gördük. Ovçu həvəsi bizi çəkirdi, yolsuz yerlərdə maşınımızı çölə sürdük, tülkünü təqib etməyə başladıq. Tülkü canını qurtarmaq üçün ora-bura şütüyür, biz də azart içində ayrı heç nəyi görmür, maşının sürətini artırıb sürdürürdük. Birdən şoferimiz kəskin şəkildə əyləci basıb maşını dayandırdı, hamımız bir-birimizin üstünə töküldük. Özümüzə gəlib maşından düşdük. Demə, maşınımız dərin bir dərənin lap qarşısında dayanıbmış. Yaxşı ki, şoferimiz bu uçurumu vaxtında görüb maşını xırp saxlamışdı. Faraların işığında Səməd gah uçuruma, gah maşından düşmüş yazıçılara baxdı. “Ayə, – dedi, – az qala bütün Azərbaycan ədəbiyyatı bir tülküyə qurban getmişdi”.

Rəyasət heyətində toqquşmalarını, dediyim kimi, mənə anam danışmışdı. Amma qəribədir ki, hadisədən neçə il sonra o sözləri Səməd Vurğunun öz dilindən eşitdim. Atama başqa bir yazıçıdan gileylənirdi: “Rəsula ağır söz dedim, o da mənə ağır cavab qaytardı, amma heç vaxt bir-birimizə namərdlik eləməmişik”, – deyirdi.

Amma sonralar Rəsul Rza Səməd Vurğunun Ümumittifaq Yazıçılar Qurultayındakı məruzəsində onun haqqında dediyi tənqidi sözlərdən də narazı qalmışdı, onları haqsız sayırdı. Münasibətləri yenə soyumuşdu. 53-cü ildə Stalinin ölüm xəbəri gələndə atam öz təşəbbüsü ilə bilet alıb dəfndə iştirak etmək üçün Moskvaya uçdu. Təyyarədə Səməd Vurğunu görüb. Biləndə ki, atam öz təşəbbüsüylə gedir, Səməd əmi: “Mən də elə bildim sənin səfərini Cəfər Cəfərov təşkil edib”, – deyib. Cəfər Cəfərov o vaxt Mərkəzi Komitədə işləyirdi və Səməd əmi elə hesab edirdi ki, son illərdə M.C.Bağırovla Səməd Vurğunun münasibətlərinin dəyişməsində, pisləşməsində Cəfər Cəfərovun barmağı var. Cəfər Cəfərov ömrünün sonuna kimi bunu inkar edirdi.

 

Vaxtilə M.C.Bağırov Səməd Vurğunu Stalinə təqdim etmişdi. Şair təltif olunmuşdu, deputat və akademik seçilmişdi, iki dəfə Stalin mükafatına layiq görülmüşdü. Amma müəyyən dövrlərdə Bağırovun Səməd Vurğunu gözdən saldığı, izlədiyi, haqqında material topladığı məqamlar da olub. Bunları Mirzə İbrahimov da xatırlayır:

 “Bağırov bir neçə dəfə şəxsən mənə Səməddən çoxlu material daxil olduğunu danışdı”.

Bağırovun məhkəməsində bəlli oldu ki, müəyyən illərdə NKVD-də Mirzə İbrahimovun özü haqqında böhtan ifadələr almağa çalışmışlar, Bağırovun Səməd Vurğuna acığı tutanda ona Vəkilbəyov, Mirzəyə acığı tutanda Əjdəroğlu deyərmiş. Atam deyirdi ki, Bağırov neçə dəfə bizi, yazıçıları “sizə bir divan tutacam ki, 37-ci il yalan olacaq”, – deyə hədələmişdi.

Eşitdiyimə görə, bir dəfə Nazim Hikmətlə Səməd Vurğunun söhbəti Rəfilidən düşüb. Nazim Rəfilinin yenidən şeirə qayıtmasını arzuladığını bildirib. Səməd Vurğun: “Onda mən gərək qələmi yerə qoyum”, – deyib.

İstərdim ki, bu mükalimə düzgün anlaşılsın. Səməd Vurğun Rəfilinin alimliyini, mötəbər ədəbi sima olduğunu inkar etmirdi. Rəfili də Səməd Vurğunu böyük bir şair kimi qiymətləndirirdi. Hətta deyilənə görə, bir dəfə: “Ay Səməd, kaş sənin şeir dilin məndə olaydı”, – deyibmiş. Səməd də: “Ayə, dilim səndə olsaydı, daha nəyim qalardı ki...” – cavabını verib.

Rəfilinin şairliyini isə Səməd Vurğun ta gənclik illərindən qəbul etmirmiş. Səməd Vurğunun Rəfilinin şairliyini ciddi qəbul etməməsi təbiidir və bu, nə Səməd Vurğunun ədəbi zövqünə xələl gətirir, nə də Rəfilinin şair sayılmamasına səbəb olur. Səməd Vurğunu anlamaq olar, o, özünün də, Rəfilinin də poetik imkanlarının miqyaslarını yaxşı dərk edərək Mikayılın şair sayılmasını heç cür şəninə sığışdırmırdı. Təbii ki, Səməd Vurğunun geniş vüsətli, səlis, rəvan dilli poeziyasını və Rəfilinin şeir təcrübələrini eyni müstəviyə qoymaq olmaz.

Stalinin dəfnindən sonra atam və Səməd əmi Moskvada “Bakı” restoranında nahar ediblər. Səməd Vurğun Stalinin ölümünə həsr etdiyi şeiri oxuyub. Atam şeirdə Loğman adına etiraz edib. “Axı o kimdir ki, sən Stalini onunla müqayisə edirsən?” – deyib. “Dinmədi, deyəsən, ağlına batmışdı”, – atam danışırdı. Sonra soruşdu ki, sən də bu barədə şeir yazmısan? Atam da Stalinin ölümünə yazdığı şeiri Səməd əmiyə oxuyub. “Mənə elə gəlir ki, ayaq açıb yerisəm, daşların üzərində ləpirim qalar” misralarını eşidəndə: “Bu, obrazdır, – dedi, – düz deyirsən, Loğman-filan bir şey demir...” Səhərisi mənə dedi ki, Qoslitdə təzə kitabım çıxır, korrekturada hər yerdə “Loğman” adını pozdum.

Sonuncu dəfə bizə 55-ci ilin yanvarında, ana nənəm rəhmətə gedəndə gəlmişdi. O vaxt Mirzə İbrahimov artıq Ali Sovetin Rəyasət Heyətinin sədri, Səməd Vurğun akademiyanın vitse-prezidenti idi. İkisi bir yerdə gəlmişdi, özü də gec idi, axşam saat 11 olardı. Səməd əmi atamın balaca iş otağına baxıb zarafatından qalmadı, “Sənin yaradıcılığına elə bu otaq da bəsdir”, – deyə sataşdı ona. Atam da söz altında qalmadı, “Orda yaradıcılıqla məşğul olmuram, orda sənin kitablarını oxuyuram”, – dedi.

O da yadımdadır ki, o axşam Səməd əmi söhbət edəndə “o tay” yerinə, “o toy” sözlərini işlədirdi. Mirzə İbrahimov güldü: “Ay Səməd, “o toy” niyə deyirsən, “o tay” demirsən, toy axı ayrı sözdür”.

Səməd əmi uzun-uzadı bizim evdəki bir heykələ baxırdı. Balaca heykəli atam vaxtilə Moskvadan, komission dükandan alıb gətirmişdi, belə şeyləri almaq onun şakəri idi. İntibah dövrünün İtaliya heykəltəraşlarından kiminsə əsəri idi. Ananın büstü, qucağında da balaca qız uşağı.

 

    Ana uşağa qəribə həsrətli bir baxışla baxırdı, uşaq isə anasına baxmırdı, gözünü sanki xəyali bir uzaqlığa zilləmişdi. Çox ifadəli heykəl idi. Heykəl Səməd əmini də tutmuşdu, atamdan kimin əsəri olduğunu soruşdu. Atam “Kimin əsəri olduğunu bilmirəm, – dedi, – amma qəribə heykəldir, mənə elə gəlir ki, ikisindən biri ölüb bu heykəldə, ya ana ölüb, bala onu xəyalında canlandırır, ya da bala ölüb, ana onu xatırlayır”.

Səməd Vurğun baxışlarını heykəldən ayırıb indi də atama mat-mat baxdı: “Ayə, vallah, – dedi, – şeytanın ağlına gəlməyən sənin ağlına gəlir”.

Bizim evdə Səməd Vurğun son dəfə o axşam oldu. Bir də ölümündən qabaq son yayda – Kislovodskda gördüm onu.

May ayında Aleksandr Fadeyev intihar etdi.

Atamla anam xəstəxanaya, Səməd əmiyə dəyməyə getmişdilər. Evdə atam başını tutub: “Yazıq Səməd, hayıf ondan”, – deyirdi.

Xəstəxanada son görüşlərində atama Stalinin ifşasıyla bağlı narahatlıqlarını da bildirib. Yəni bu narahatlığı yaradıcılıq irsi sarıdan imiş: “Bəs bizim yazdıqlarımızın yarısı heçə gedəcək, demək?”

Səməd Vurğunun 90 illik yubileyində Respublika Sarayında çıxış edəndə mən...

 

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya

Biz gəldi gedərik, sən yaşa, dünya, –

 

şeirini oxudum və “bu, məgər sovet şairinin dünyaduyumudur?” – dedim. Bir neçə gün sonra keçmişi icazəli cəsarətlə lağa qoymağa alışmış qəzet birinci səhifəsində mənim sözlərimi və Səməd Vurğunun mən gətirdiyim şeirini deyil, partiyaya həsr olunmuş sətirlərini gətirərək yağlı bir sual qoyurdu. Bilmirəm, bu rişxənd, bu kinayə kimə aid idi – mənə, ya Səməd Vurğuna. Ya hər ikimizə. Amma buna baxmayaraq, mən yenə də fikrimdə qalıram. Səməd Vurğunun da o dövrün başqa şairləri kimi Leninə, Stalinə, partiyaya həsr olunmuş əsərləri, o cümlədən, çox ilhamlı şeirləri var. Amma ömrü sovet dövründə keçsə də, “Dünya”, “Yadıma düşdü”, “Ceyran”, “Dağlar”, “Şair, nə tez qocaldın sən”, “Mən tələsmirəm” və neçə-neçə belə klassik şeirləri sovet dünyaduyumunun, sosialist dünyaduyumunun örnəkləri saymaq insafsızlıqdır.

 

***

38-40-cı illər, Dekada günləri, filarmoniyada, Yazıçılar İttifaqında işlədiyi vaxt atamla Səməd Vurğunun münasibətlərinin, məncə, ən mehriban olan dövrüdür. Təsadüfi deyil ki, birgə çəkdirdikləri şəkillər də elə o dövrə aiddir. Dördlükdə çəkdirdikləri şəkildə (S.Vurğun, R.Rza, A.Quliyev, D.Quliyev) S.Vurğun əllərini mehribanlıqla atamın çiyninə qoyub.

 

Abbas Zamanov xatırlayır: “1941-ci ilin isti avqust günlərindən birində Bakıda qocaman yazıçı Məmməd Səid Ordubadinin sədrlik etdiyi antifaşist mitinq keçirilirdi. Mitinqdə Rəsulun da səsi eşidildi. O, çıxışının sonunda “Bir uşağın barmağını qanadsalar, Bir qıy vurram, göydə uçan quşlar qanad salar” misralarını oxudu. Rəsul kürsüdən düşəndə Səməd ona yaxınlaşıb dedi: “Ay Rəsul, afərin sənə! Bu misraları yaman deyibsən, bu misra bir şair yaradıcılığına bərabərdir”.

Əslində Rəsul ilə Səməd bir yolun yolçusu olan əmək dostları idilər. Axı dostların da, qardaşların da aralarında müəyyən narazılıqlar olur.

Düz deyir Abbas müəllim, atalarımız arasında yaranan, ya qəsdən kimlər tərəfindənsə yaradılmış və dərinləşdirilmiş yarğan üzərindən biz – Yusif, Vaqif, mən bir-birimizə əl uzatdıq və ömrün çətin yollarında bərabər, çiyin-çiyinə addımladıq. Əcəl Yusifi də, Vaqifi də tez aldı məndən. İkisinin də itkisini hər an hiss edirəm. İkisinin də xiffətini çəkirəm. Yusif “biz üç qardaşıq” deyirdi tez-tez. Üçümüz birgə atalarımızın küsüb-barışdığı yaşları da xeyli adladıq. Axıracan sadiq, sədaqətli dostlar olduq. İndi də onların xatirəsini qəlbimdə əziz tuturam, tez-tez dərdləşirəm onlarla.

Yusif bir nasir kimi, Vaqif bir şair kimi mənə çox yaxındırlar. Əsərlərini öz yazdığım kimi anlaya və qavraya bildiyim çox istedadlı sənətkarlar olmaqla bərabər, həm də çox dəyanətli dostlarım idilər. Mən bunu məclislərdə söylənilən bəlağətli sözlər kimi yox, sınaq məqamlarında duyduğum əməllərinə, hərəkətlərinə görə nəticə çıxarıb deyirəm. İllər yükünün bir özəlliyi də odur ki, gənclikdə dostları daha çox qazanırsan, qocalıqda isə itirirsən. Deyəsən, bu fikri əvvəllər də yazmışdım, yadımda deyil. Bu da qocalığın əlamətidir.

 

***

Səməd əmi haqqında şəxsi xatirələrimə gəlincə, onlar həm uşaqlıq illərinə, həm yeniyetməlik yaşlarıma aiddir.

Birinci xatirəmin əvvəli heç özümün də yadıma gəlmir – bu əhvalat, daha doğrusu, zarafat, – Səməd əminin mənimlə zarafatı 5-6 yaşım olanda başlayıb. Dediyim kimi, xatirəmin başlanğıcı yadıma gəlmir, amma sonralar anam danışırdı ki, mənimlə bulvarda gəzəndə Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilova rast gəlib. Söhbət nədən düşüb, bilmirəm, amma Mehdixan müəllim məndən soruşub ki, Azərbaycanın ən böyük şairi kimdir? “Atam, anam”, – demişəm. Bu söhbəti Səməd əmiyə danışıb və bu, artıq yaxşı yadımdadı ki, Səməd əmi hər dəfə məni görəndə bu sualı verərdi: “Azərbaycanın ən yaxşı şairi kimdir? – “Atam, anam”, – deyəndə, “Bəs mən?” – soruşurdu. “Sonra da siz, – deyirdim. Səməd Vurğun gülüb gedirdi və söhbətin ona ləzzət elədiyini görüb mən siyahını bir az da uzadırdım. O vaxt şairlə nasirin, tənqidçinin fərqini bilmədiyim üçün növbəti dəfə Səməd əmi bu sualı mənə verəndə “Atam, anam, Ənvər, Sabit əmim, Cəfər əmim, sonra siz”, – deyərdim. Səməd Vurğun da uğunub gedirdi. O vaxt bir ara Məmməd Rahim bizə tez-tez gəlib-gedirdi və bir dəfə Səməd Vurğun eyni sualı verəndə siyahıya Rahimi də əlavə edib, “Sonra da siz”, – dedim. Səməd Vurğun yenə qəhqəhə çəksə də, bu dəfə, axırı ki, etirazını bildirdi: “Başına dönüm, məni kimdən sonra deyirsən de, Rahimdən sonra demə”.

Səməd əmiylə bağlı ikinci xatirəm yenə uşaqlıq illərimlə – daha dəqiq desəm, 43-cü ilə aiddir. Bu il bacım Fidan anadan olmuşdu. Azərbaycanda Anar adını ilk dəfə mənə qoyduqları kimi, ilk Fidan adını da valideynlərim bacıma vermişdilər. Tanış-bilişlərimizin çoxusu Fidan sözünün dəqiq mənasını bilmirdilər. Atamla anam izah edirdilər: Fidan qönçə, açılmamış pöhrə deməkdir. Mən də bu izahları, təbii ki, eşitmişdim. 43-cü ildə yayda Buzovnayla Mərdəkan arasında işləyən “Ququşka” qatarıyla anamla mən Buzovnadan Mərdəkana dükana gəlmişdik. Dükanın qabağında Səməd Vurğuna rast gəldik. Bağdakı skamyada oturduq, anamla söhbət eləməyə başladı. “Gözün aydın, eşitdim, qızınız olub, adını nə qoydunuz?” – deyə anamdan xəbər aldı. Anam “Fidan”, – dedi. Mən vərdiş üzrə dərhal Səməd Vurğuna izah eləməyə başladım ki, Fidan nə deməkdi. Əlini başıma çəkdi: “Bilirəm, bala, bilirəm”, – dedi. Bunu xatırlayanda indi də utanıram. Mən, beş-altı yaşlı uşaq Azərbaycan dilinin sərrafına “fidan” sözünü izah etmək istəyirəmmiş.

Üçüncü xatirəmin də ili dəqiq yadımdadı. 1955-ci ildi. Yayı Kislovodska getmişdik. Səməd Vurğuna rast gəldik. Yanında bir neçə tanımadığım kişilər də vardı. Deyəsən, restorandan gəlirdilər, kefləri duru idi. Səməd əmi bibim Turəylə, mənimlə mehriban görüşdü. Mənə: “Ayə, eşitdim sən də yazırsan, – dedi. O vaxt özümçün yazı-pozuya başlamışdım. Amma heç bir yazım, təbii ki, heç yerdə çap olunmamışdı. Səməd Vurğun kimdən eşitmişdi bu barədə, bəlkə Yusifdən?! – Ayə, bir dədənlə bacara bilmirik, indi sən də ədəbiyyata gəlirsən”, – deyə ərkyana zarafatla çiynimə vurdu. Gülüşdük. Demə, son dəfə görürdüm onu. Bilmirəm, bəlkə də son dəfə deyilmiş bu. Yusiflə, Vaqiflə bir məktəbdə oxuyurduq, Səməd əmi hərdən məktəbə gələndə salamlaşardıq. Bir hadisə də yadıma düşdü. Bir gün Səməd əmini məktəbə çağırıb oğlu Yusifdən şikayətləniblər. Osman Sarıvəllinin Yusiflə eyni sinifdə oxuyan oğlu Afiqi isə tərifləyiblər. Məktəbdən çıxanda Səməd əmi anama rast gəlib gileylənib: “A Nigar, necə yanmayım, çoban Abdullanın nəvəsi təriflənsin, Yusif ağanın nəvəsi tənbeh olunsun...”

Dediyim kimi, bəlkə bu Kislovodsk görüşündən sonra da onu məktəbdə, ya başqa yerdə görmüşdüm. Amma xəyalımda diri Səməd Vurğunla bağlı qalan son səhnə Kislovodskdakı epizoddur. Kefi kök, gözləri gülən Səməd əmi əlini çiynimə vurub mənimlə ərkyana zarafat eləyir.

56-cı ildə isə amansız ölüm onu tez, çox tez, bu qədər sevdiyi həyatın qoynundan qoparıb apardı.

Xəstəliyin qaçılmaz sonluğundan başqa mənəvi nigarançılıq keçirirmiş Səməd Vurğun.

Səməd Vurğunun həmişəyaşar poetik irsini xatırlayanda nədənsə ilk ağlıma bu misralar gəlir:

 

Bir qonağam bu dünyada,

Bir gün ömrüm gedər bada,

Vurğunu da salar yada

Düz ilqarlı bizim dağlar.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.