ANAR - “Vurğunluq” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR. “VURĞUNLUQ”

 

Səməd Vurğun – xalqımızın qəlbində, ruhunda, mənəviyyatında müstəsna yer tutan sənətkardır. Bakıdan Makuyacan, Dərbənddən Mərəndəcən, Marağadan Şamaxıyacan – vahid Azərbaycan torpağında şairin adı ən əziz, ən doğma, ən geniş şöhrət qazanmış bir addır. Mən o taylı-bu taylı şəhərlərimizin adlarını qəsdən qoşa çəkirəm. İnsafsız tarixi tale ilə, bizdən asılı olmayan siyasi maraqlarla yurdumuzun bir-birindən ayrılmış parçalarını bu gün yalnız dilimiz birləşdirir. “Dil” sözünün hər iki mənasında: lisan anlamında da, könül anlamında da.

Tarixin elə məqamları var ki, bölünmüş, parçalanmış xalqın yeganə vəhdəti  sözdür. İlk növbədə şair sözü... Ayrılıqdan çox yazıblar. Dostla dostun, qardaşla qardaşın ayrılığından... İki sevən qəlbin hicranından, Cənub və Şimal adıyla bölünmüş, sərhədlərlə kilidlənib qovuşmaz olmuş iki vətən ərazisinin bir-birinə həsrətindən... Bu ayrılığın gözlənilməz və son dərəcə təsirli rəmzi Səməd Vurğunun “Körpünün həsrəti” şeirində ifadə olunmuşdur.

Araz qırağında dayanmış qatarın pəncərəsindən bu tayı, o tayı seyr edən şair sənətkar fəhmiylə sanki daş körpünün insani həsrətini, intizarını duyur, bütün varlığıyla yaşayır.

 

Gözüm körpüdədir... Dayanmış qatar,

Elə bil o, qəsdən saxlayır bizi.

Körpünü basmışdır yabanı otlar,

Nə cığır görünür, nə ayaq izi...

Kim bilir, kim bilir, nə vaxtdan bəri

Bir insan keçməyir bu daş körpüdən.

Elə bil yol çəkir onun gözləri,

Fəqət nə gələn var, nə də bir gedən.

 

Sözə çəpər, fikrə sərhəd yoxdur, şeirə körpü lazım deyil. Şeir özü körpüdür, yoldur, eli oba-oba, oymaq-oymaq dolaşan mənəvi təsəllimiz, ümidimiz, güman yerimizdir.

Xəritələr müxtəlif olur – siyasi xəritələr, fiziki xəritələr, iqlim xəritələri, tarixi xəritələr, Səməd Vurğun yaradıcılığının ən parlaq səhifələri, başda məşhur “Azərbaycan” şeiri olmaqla, yurdumuzun poetik xəritəsidir. Savaşlarla, sazişlərlə, qanla, göz yaşlarıyla parçalanmamış, bölünməmiş bir vətənin poetik xəritəsi Bakıdan Makuyacan, Qarabağdan Qaradağacan, Zəncandan Zəngilanacan...

Gözümüzü açıb dünyanı – ağ örpəyi buludlar olan qarlı dağları, durna gözlü bulaqları, bir tərəfi bəhri-Xəzər Bakımızın çıraq-çıraq sahillərini görəndən bəri – sakit axan Arazların, zülm əlindən qurtulmuş quşların səsləriylə bir yerdə qulaqlarımız şeir vəznlərinə, qafiyə ahənglərinə də alışır – ən körpə yaşlarımızdan Səməd Vurğun misraları yaddaşımıza həkk olunur. Həyatda qarşımıza çıxan ilk kitablardan – “Əlifba”, “Ana dili” kitablarından tanış olduğumuz Səməd Vurğun yalnız şair kimi deyil, əsatiri şəxsiyyət kimi canlanır. Çox erkən ağarmış saçları, bir qədər dalğın baxışları, vüqarlı duruşunda əbədilik ruhu, əsatir, əfsanə ölçüləri duyulur – şair sanki elə yaşadığı illərdəcə özü öz abidəsinə çevrilmişdir. Ömrünün son çağında çəkdirdiyi fotolarda o öz yaşından – əlli yaş nədir ki, – çox-çox sinli görünür. Bu gün onun övladları atalarıyla yaşıddırlar. Əlli yaş – yaradıcı ömrün orta yaşıdır, amma Səməd Vurğun haqqında düşünürkən adama elə gəlir ki, onun heç orta yaşı olmayıb, poetik ömürlüyü yalnız iki mərhələdən ibarətdir: odlu, qaynar, çılğın gənclik illəri, bir də müdrik, təmkinli ağsaqqallıq çağı, “heç yana, heç yerə tələsmədiyi” mənəvi yetkinlik dövrü. Belə təsəvvür, əlbəttə, aldadıcıdır, “Ömür dedikləri bir karvan yolu”, bu misra iyirmi bir yaşlı gəncin yazdığı “Dilican dərəsi”ndəndir... “Şair, nə tez qocaldın sən” bu misra isə bir az təəssüf, bir azacıq kədər qarışıq inam dolu şeirin nəqəratıdır – son şeirlərindən birinin, “Dilican dərəsi”ndən son şeirlərinəcən keçən ömür adlı karvan yolu yalnız şairin yolu deyil, bu, həm də tarixin çox mühüm və ziddiyyətli keçidi, zamanın çətin aşırımıdır. Odur ki, Səməd Vurğun irsini – Gənclik həvəsi və Ahıllıq təmkini deyə yalnız iki mərhələylə müəyyənləşdirmək yanlışdır, Səməd Vurğun poeziyasını səciyyələndirən – dövrün bütün mürəkkəbliyi, dolaşıqlığı, enişi-yoxuşudur. Məncə, bu poeziyanın ən böyük dramatizmi şairin özünün özlüyü uğrunda mübarizəsidir, zamanın bütün təlatümləri qarşısında şair təbiətinin, şair xislətinin ilkin mahiyyətini hifz etmək, saxlamaq əzmidir...

Səməd Vurğunun sənətkar təbiətinin, şair xislətinin təməl cəhətləri, həqiqi mahiyyəti nədən ibarətdir? Şəksizdir ki, belə zəngin yaradıcılıq aləminə malik bir şəxsiyyətin sənət genişliyini bir, ya iki cəhətlə məhdudlaşdırmaq lazım deyil, daha doğrusu, mümkün də deyil. Bir məsələ də var; hamının ümumi Səməd Vurğunu olduğu kimi, hərənin öz şəxsi, fərdi Səməd Vurğunu da mövcuddur. Yəni şairin əlvan dünyasından hər oxucu öz zövqünə, qəlbinə daha yaxın, daha munis olanı seçib-sevir. Məsələn, mənimçün Səməd Vurğun yaradıcılığının “Dağlar” rədifli iki şeiri, “Yadıma düşdü”, “Tənha məzar”, “Mən tələsmirəm”, “Şair, nə tez qocaldın sən”, “Gödəkcə”, “Yada sal məni” kimi inciləri şairin bəzi poemalarından daha qiymətli, daha əhəmiyyətlidirlər. “Muğan” poemasının özündə – bu əsərin poetik zirvəsi – bulaq suyu kimi duru və şəffaf “Ceyran” qoşmasıdır. Mən heç bir vəchlə şairin ayrı-ayrı şeirlərini onun poemalarına qarşı qoymaq istəmirəm. Əksinə, “Komsomol poeması” kimi həqiqi romantikayla, səmimi gənclik ruhuyla aşılanmış əsər fəlsəfi dolğunluğu baxımından da, məsələn, “İstiqbal təranəsi”, yaxud “Ayın əfsanəsi” kimi əsərlərdən daha yığcam, daha bitkindir, daha dərin təsir bağışlayır. “Komsomol poeması”nda vaxtın nəbzi vurur, zamanın çırpıntısı eşidilir, mühitin havası duyulur. Axıcı, sərrast sətirlərdən neçə-neçə insan taleyi, insan xarakteri boylanır. “Ayazlı, şaxtalı bir qış axşamı” başlanan hünər və kədər dolu əhvalat Humaysız qalmış başqa bir axşamla tamamlanır – qaranlıq sularda əks olunmuş ay işığında. Qızğın sinfi mübarizələrdən və nakam bir məhəbbətdən, Novruz bayramının xoş ovqatından və kənddə ilk teatr tamaşasının maraqlı təfərrüatından bəhs edən bu gözəl sənət əsərində dövrün dəqiq əlamətləri, adət-ənənələrin dürüst nişanələri, zamanın konkret tələbləri, çağırışları, anlayışları əks olunub. Və gerçəkliyi, dövrü, insan münasibətlərinin əlvan bəlirlərini son dərəcə əyani cizgilərlə canlandıran poemanın mətni içində – qəfil püskürtü kimi, hər şeyin – illərin, fərdlərin, məfkurələrin fövqünə yüksələn əbədi bir poeziyanın nəfəsini duyuruq:

 

Yerlərə baxıram – bağçalı, bağlı,

Göylərə baxıram – qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı

Əzəldən yaranıb tamaşa dünya.

 

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur

Bir yandan boşalır, bir yandan dolur

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömür amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa dünya!

 

Bəlkə də bu, subyektiv bir mülahizədir, amma şəxsən mənimçün Səməd Vurğun poeziyasının ülviyyəti, özünəməxsusluğu, qüdrəti məhz, bax, bu şeirdə və bu səpkili əsərlərdədir... Sadə, adi sözlərdən doğan dərin hikmət, dəbdəbəsiz, təmtəraqsız ifadələrin həqiqi fəlsəfi müdrikliyi...

 

Həyat dedikləri şübhəli bir şey,

Ölümsə şübhədən çıxmaq deməkdir...

 

İyirmi iki yaşlı şairin qələmindən çıxmış bu misralarda varlığın məğzini və mahiyyətini çox erkən çağlardan anlamaq cəhdi var.

 

Sakit bir yuxuya getmişdi dəniz,

Dərin bir məqsədi, fikri var kimi, –

 

beyti gözlərimiz önündə əyani bir lövhə yaradırsa, Kamal! Sən bir günəşsən ki, camalından şəfəq parlar misrasının mənasını dərk etmək çətindir.

 

Əsir bahar yeli qəlblərimizə,

Təbiət varlığa belə qarğamış...

 

Sözlər necə də yerli-yerində işlənmişdir, bədii dilin ən xəsis vasitələriylə necə yaddaqalan bir obraz yaranmışdır. Sözün şöhrətinə həsr olunmuş şeirdə isə söz bolluğu poetik obrazlılığı üstələyir, ifadənin təsir gücünü axıdıb aparır...

Səməd Vurğun poeziyasının yuxarıda bəhs etdiyim daxili dramatizmindən danışarkən mən məhz bunu nəzərdə tuturdum – fitri poetik təbin şəffaflığı, saflığı, sənətkar istedadının həqiqi, sadədil müdrikliyi, lirik səmimiyyətşairin ilkin yaradıcılıq xislətindədir. Fəqət zamanın elə keçidləri olur ki, şairdən səmimiyyət, təbiilik, özünəxaslıq yox, dəbdəbəli təriflər, təmtəraqlı tərənnümlər, zahiri bər-bəzək tələb edilir. Səməd Vurğun poeziyasının həqiqi varlığı, xalq şeir qaynaqlarından qidalanmış yüksək sadəliyi hər cürə gözqamaşdırıcı və ruhuna yabançı saray naxışlarının həmləsi qarşısında özlüyünü qoruyubsaxlamağa çalışır. Bu mübarizəni danmaqla, onun üstündən sükutla keçməklə biz Səməd Vurğun iradəsininçətin döyüşlərin sınaqlarından qalib çıxmış şair iradəsinin gücünə göz yummuş oluruq.

Özünü öz şairlik təbiətinə sadiq saxlamaq sınağı Vurğun qarşısında yaradıcılığının ilkin dövrlərindən dayanıb. Şairin böyük qardaşı Mehdixan Vəkilov xatırlayır ki, məşhur maarifçi Firidun bəy Köçərli balaca Səmədi seminariyaya qəbul etmək istəməyəndə on iki yaşlı uşaq: Əh! A Firidun bəy, sən nə bilirsən bu ürəkdə nə var?” – deyə qocaman müəllimə xitab etmişdi.Elə bu uşaq yaşlarından Səmədin ürəyi dolu idialtı yaşında anası Məhbub xanımı itirmiş, atasının çaldığı yanıqlı saz havalarının sədaları altında böyümüş, dumanlı-çiskinli dağlar, gül-çiçəkli dərələrin qoynunda dolaşan Qarayazı meşəsinin iydəliklərini, Kür qırağının seyrəngahını gəzə-gəzə, gecələr Keşik dağında yanan işığa baxa-baxa, anadil quşlarının bir-birini çağırmasını dinləyə-dinləyə boya-başa çatmış Səməd Vurğunun rübabıhəzin bir gözəllik telində köklənmişdi.

 

Gəlib xatirimə qərib bir axşam:

Yanıb əriyirdi evimizdə şam.

Durnalar başımın üstdən keçəndə,

Onlara quş kimi qoşulub mən də

Ən uzaq ellərə uçmaq istədim,

Evdən baş götürüb qaçmaq istədim.

İnsan qanadsızdır! Çatıb qaşımı

İlk dəfə arzusu gözündə qaldım...

Anamın dizinə qoyub başımı

Xəyallar içində yuxuya daldım.

 

Belə xəyalpərvər, təbiət gözəlliklərinə həssas, qəlbi ana dağıyla dağlanmış şair ruhlu gəncin eşq bəlalarına da çox erkən yaşlarından giriftar olması təəccüblü deyil... Odur ki, gənc şairin etirafıyla yaşı arasında uyğunsuzluq bizə qəribə görünmür:

 

Çatandan bəridir on beş yaşıma

Çox bəlalar gəlib qanlı başıma.

Baltalar vurulub ömür daşıma,

Bu eşqin yolunda yanan olmuşam.

 

Bu sətirlərdə vurğunluğun ilk rüşeymləri cücərməkdədir. Həm kiçik hərflə vurğunluğun – yeniyetməlik dövründə qıza vurğunluğun, həm də Azərbaycan poeziyasında böyük mərhələ təşkil etmiş, baş hərflə yazılan Vurğunluğun...

Gənc Səməd özünə Vurğun təxəllüsü seçərkən bəlkə də yaradıcılığının qayəsini təsdiqlədiyini düşünmürdü. Dilbərə, pəriyə, gözələ aşiqanə vurğunluq anlayışı çox qısa müddət ərzində dəfə-dəfə geniş, əhatəli bir miqyas qazandı... Xalqa vurğunluq, vətənə vurğunluq kimi dərk olundu, dövrə, zamana vurğunluq keyfiyyətini kəsb etdi. Estetik mövqeyə çevrildi.

Səməd Vurğun dövrün şahidi, səlnaməçisi, “ayinəsi” olmaqdan daha çox zamanın vurğunu oldu, həyata heyran gözlərlə baxdı. Həyata heyran gözlərlə baxmaq isə istər-istəməz nəyəsə göz yummaq deməkdir. Bu, Səməd Vurğun poeziyasının məziyyəti, ya kəsiri deyil, xüsusiyyətidir, səciyyəvi cəhətidir. Səməd Vurğun tam səmimiyyətlə özünü ağ günlərin şairi adlandırırdı və bu konsepsiyaya uyğun gəlməyən hər şeyi şeirindən də, fikrindən də, qəlbindən də uzaqlaşdırmağa çalışırdı... Lakin bu, asan iş deyildi... Öz nəğməsini boğazlayan Mayakovski kimi, Səməd Vurğun da daxili ehtiraslar, fikirlər, şübhələr çarpışmasından xali deyildi... Səməd Vurğun şeir-sənət aləminə acılı-şirinli məhəbbət duyğuları gətirmişdi, onun ilhamı qanadlı xəyallardan mayalanmışdı, amma yaradıcılığının ən ilkin çağlarından sərt barışmazlıqla özü öz təbi qarşısında yasaqlar qoyurdu:

 

Mən and içmişəm ki, bir də qələmim

Gözəllərdən ilham almayacaqdır.

 

 Başqa bir səciyyəvi etiraf:

 

 Bütün arzularım gülür yarına,

Xəyaldan ilhamlar almamaq üçün!

 

Bu qədər zəngin fikri təxəyyülə malik olan sənətkarın xəyaldan imtina etməsi, ilhamını xəyaldan ayırmaq istəməsi nəylə bağlıydı? Dövrün tələbi, daha doğrusu, estetik meyarları tələb edirdi və müəyyən bir etapda şairə elə gəlirdi ki, “dəstədən geriyə qalmamaq üçün” o, “nəfəsləri benzin və kükürd qoxulu milyonların şairi olmalıdır”. Digər tərəfdən, “gülləri, çiçəkləri sayrışan, tər cunalı yazların, sarı simləri sarılıq gətirən ağ sədəfli sazların, zurnalı düyünlərin” şairi olmamalıdır. Poetik manifest aydın və qeydsiz-şərtsizdir, lakin həqiqi şair özünün bizə bəyan etdiyi proqramların və manifestlərin çərçivələrinə sığışmır, içində yaşayan bir ruhla, nəfəslə, qəlbinin səsiylə yazıb-yaradır... Səməd Vurğunun poetik hünəri dövrün ötəri şüarlarından vaz keçmədən – öz üzvü, təbii şairlik xislətini qoruyub saxlamasıdır.

Mehdixan Vəkilovun xatirələrində maraqlı və Vurğun xarakterini anlamaq baxımından çox səciyyəvi bir epizod nəql edilir... “Səmədi əvvəlcə Ermənistan kommunist gənclərinin qurultayına, sonra Zaqafqaziya kommunist gənclərinin qurultayına, ordan da Ümumittifaq komsomol qurultayına nümayəndə seçmişdilər. Lakin şair qatarla Tiflisdən Moskvaya gedərkən Ağstafa stansiyasına çatanda Göyəzən dağını, Qazağı görmüş, sevgilisini xatırlamış və “dəli şairə” məxsus bir tövrlə qatardan düşərək birbaşa Qazağa, nənəsinin yanınaqayıtmışdı...”

Bu hadisə yalnız Vurğun şəxsiyyətinin maraqlı əksi deyil, həm də onun yaradıcılığının müəyyən səmtlərinə, xüsusilə “Yadıma düşdü” kimi klassik nümunəsinə bir açardır.

İlk məhəbbət, təbiət şeirlərini yazdıqdan bir müddət sonra Səməd Vurğun həmin əsərlərini “ölən şeirlərim” ifadəsiylə damğalayır, hətta “Dilican dərəsi” kimi incə bir qoşmanın da üstündən qələm çəkir. Moskvada təhsil illərində şair paytaxtın qaynar mühitinə düşür, “bu yerdə nə hicran, nə qayğı, nə qəm, nə Sənan eşqi, nə intizar” olduğunu söyləyir; könüllər sərbəst, duyğular azad olan bu yeni dünyanın şairi “dərdli günlərini heç edirmi yad” deyir. Vurğun yaradıcılığının sərbəst vəznli, “Raport”, “Fanar” səpkili keçidini adlayır, adına həm geniş ümumxalq məhəbbəti, həm də rəsmi təqdirlər gətirən bir sıra məşhur şeirlərini, o cümlədən, Stalini tərənnüm edən əsərlərini yaradır, yüksəksəviyyəli görüşlərdə iştirak edir, səsi ən mötəbər kürsülərdən ucalır. Şairin təbii, səmimi, fitri vurğunluğu yalnız poetik istiqamət kimi deyil, rəsmi mövqe kimi də təsdiq olunur. Və elə bu vaxt, şöhrətin, mənsəbin yüksək pilləsində Səməd Vurğun ölümsüz şeirini yaradır:

 

Başına döndüyüm gül üzlü sona!

Ömrümün ilk çağı yadıma düşdü.

 

Şairin yadınadüşən hər lövhə, keçib getmiş illərin hər səhnəsi qəlbin ən incə tellərini titrədir: payız fəslində bostan içində şamamanın tağı da, ceyranın duruşu, durnanın zü, kəkliyin ayağı da, gəlinlərin bayramqabağı fəsəli yayması da, nişanlı qızların görüşdən qabaq telini saymağı dayalnız şair hafizəsindəyaşayan yaddaş adaları deyilVurğun poetik varlığının təməl dəyərləri, unuduluşu mümkün olmayan sərvətidir... Şair illərin, yolların, məcburi sözlərin üzərindən uzaq keçmişlərə boylanır, xəyalı dağı, aranı gəzir və eyni zamanda, o öz poetik təbiətinin, sənətkar məninin özülünə, başlanğıcına qayıdır. Yadıma düşdü adi, sadə mətləblərdən bəhs etsə də, proqram şeirdir, dahadoğrusu, məhz elə sadə, adi mətləblərdən bəhs etməsiylə proqram əsərdir. Şeirin altında 1936-cı il tarixi yazılıb. Faciəvi hadisələr ərəfəsində, havada gələcək qanlı-qadalı müharibənin nəfəsi duyulan bir vaxtda Səməd Vurğun qışın buz qatığını, yayın ayranını, payızın qaymağını yadınasalır. Əlbəttə, həmin illərdə, aylarda, günlərdə şair dövrün hadisələriylə bilavasitə bağlı olan şeirlər də yazıb. Amma əlli il sonra, bugün, yazılma tarixindən yarım əsr keçdiyi vaxt Yadıma düşdü bizimçün həqiqi poeziyanın ən müasir səslənən kamil örnəklərindən biridir...

Böyük ədəbiyyatın, əsl sənətin amalı, məqsədi bir, yolları isə müxtəlifdir. Nə yaxşı ki, belədir, hamı bir yolla getsə, necə basabas, tünlük olardı. Tünlük isə sənətin qənimidir. Səməd Vurğun ədəbiyyatda, şeirdə bir-birinə oxşamaq azarını çox dürüst göstərmişdir:

 

Bəzən qoyulmayır hər söz yerinə,

Şeirimiz oxşayır biri-birinə,

Eyni xəritələr, eyni şəkillər

Xəyala açmayır yeni bir səhər.

 

Ədəbiyyatda geniş bir yol var – zamanın vüsətli tərənnümü, insan hünərinin, döyüş və əmək qəhrəmanlığının ilhamlı vəsfi, varlığa, dünyaya, həyata vurğunluq. Səməd Vurğun yaradıcılığı bu şərəfli yolun bariz və parlaq örnəyidir.

Ancaq həyatda uğursuz iqballı insanlar da var, dünyanın acıları-ağrıları da, zamanın ziddiyyətləri də, düyünləri də var və ədəbiyyat bunlardan da vaz keçə bilməz. Sənət yalnız insanı öymür, ona təsəlli də verir, mərhəmət, şəfqət əlini də uzadır. Və nəhayət, ədəbiyyatın mühüm bir vəzifəsi də fənalıqları göstərmək, naqislikləri döymək, mənfilikləri gülüşlə, istehzayla, satirayla damğalamaqdır – Sabir, Mirzə Cəlil yolu.

Səməd Vurğunun şair təbiəti, idrak xüsusiyyəti, dünyaduyumu eləydi ki, o, həyatı yalnız işıqlı görmək istəyirdi. Amma o, heç də qaranlığın mövcud olduğunu danmır, ədəbiyyatı zülmətin qalıqlarıyla mübarizədən çəkindirmirdi. Bəzən şairin satirik janrlara müəyyən biganəliyini onun ümumən satiraya pis münasibəti kimi qələmə verirlər. Bu, əlbəttə, düz deyil. Vurğun təvazökarlıqla:

 

Oxucum, etiraf edirəm qəlbən,

Satira gəlməyir mənim əlimdən, –

 

esə də, biz şairin bu qənaətiylə razılaşa bilmərik.

Hədəfi sərrast vuran qüvvətli poetik parçalar Vurğunun satirik istedadına da ən tutarlı sübutdur:

Özü qorxaq, cüssəsi dar,

Andını da tez unudar,

Sözlərini çeynər, udar,

Hey udqunar asta-asta...

 

O, “mərd” olar yaxşı vaxtda,

Çox danışar hünər haqda,

Çətin işdə, bərk ayaqda

Tez sıpıxar asta-asta.

 

Tilsimlidir o qəhrəman,

Qan da axmaz yarasından.

Odun-suyun arasından

Üzə çıxar asta-asta...

 

Belə kəskin sətirlər yaradan şair satiraya, tənqidə laqeyd qala bilməzdi. Səməd Vurğunun tənqidi gülüş, məzhəkə janrları haqqında yazdığı misralar şairin gələcək ədəbi nəsillərə verdiyi öyüdlər sırasında vacib yer tutur:

 

Başqa bir qüsur da ağrıdır bizi

Bəzən unuduruq gülməyimizi...

Varmı şeirimizdə məzhəkə yazan,

Oxucu gözləyir bunu hər zaman.

Unutmaq olmaz ki, doğrudan da, biz

Böyük Sabirlərin varisləriyiz.

 

O da diqqəti çəkir ki, Səməd Vurğun bəzi hallarda fikrini narahat edən, qəlbini nigaran qoyan bir sıra ciddi mətləbləri zarafata salıb deyirdi:

 

Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...

Bəlkə də hər şirinlik bir acılıq yeməkdir.

Bəlkə yalandır günəş, həqiqətdir gecələr.

Yordu mənim beynimi bu saysız bilməcələr.

Sorsalar, bu pərdəli fəlsəfələr neçindir?

Deyin, bu göz yaşları bir az gülmək üçündür!

Nə yazıq ki, vaxtsız əcəl Səməd Vurğunu əsrin mühüm bir aşırımında, ictimai və siyasi həyatın vacib tarixi keçidində dünyamızdan ayırdı. Yeni dövr şairin ürəyindəkiləri öz ürəyi istədiyi şəkildə deyə bilməsi üçün nə qədər böyük imkanlar verdi, necə geniş üfüqlər açdı.

Vəfatından bizim günlərəcən keçən bu otuz il ərzində böyük şair hələ nələr yarada bilərdi. Bu gün biz Səməd Vurğunun 30 illik yaradıcılıq ömründə ədəbiyyatımıza bəxş etdiyi zəngin sənət xəzinəsiylə öyünürüksə, ölümündən keçən otuz il boyu onun yoxluğundan doğan nisgil də həmişə qəlbimizdədir.

Səməd Vurğunun anadan olmasının 80 illiyini bayram etdiyimiz günlərdə otuz il bundan qabaq şairi itirdiyimizi kədərlə, ağrıyla xatırlayırıq. Və bu gün biz Səməd Vurğunun özü haqqında yazmadığı sətirləri onun özünə şamil edirik:

 

Otuz il, otuz il yaşadıq sənsiz!..

Otuz il, otuz il, sən bizdən uzaq

Bəlkə zinət oldun bu məzarlığa,

Lakin əməllərin alovlanaraq

Günəştək boy atdı bütün varlığa,

Dünya cənnət olsa, dərd unudulmaz,

Of… səndən ayrıldıq bir ilk baharda...

 

İlk bahar son baharla, qış yayla əvəz olunacaq, illər, on illər, otuz illər, əsrlər keçəcək. Səməd Vurğunun böyük adı yurdumuzun hər bucağında, hər qarışında qarla yaşayacaqdır. Hər ay, hər gün elimizi şəhər-şəhər, kənd-kənd, oymaq-oymaq gəzəcəkdir.

Bakıdan Makuyacan, Dərbənddən Mərəndəcən, Qəzvindən Qazaxacan...

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.