Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR. “TİKİLMƏMİŞ TÜRMƏLƏRİN HÖRÜLMƏMİŞ HASARI”
Bu yazının başlığı Vaqif Səmədoğlunun şeirindəndir, Vaqifin başqa bir məşhur şeirində də belə misralar var:
Doğuldum 1939-da
1937-də tutuldum.
Bu tarix uyğunsuzluğu çoxlarını çaş-baş salırdı: doğulmadan necə tutulmaq olar?
Yusif Səmədoğlu 1935-ci ildə, mən 1938-ci ildə, Vaqif 1939-cu ildə anadan olmuşuq. Amma bütün bizim nəslə mənsub olanlar kimi, 37-ci il qırğınlarının vahiməsi içində dünyaya göz açmışıq və lap körpə yaşlarından evlərimizdəki xısın danışıqlardan agah olub qorxu, vahimə içində yetişmişik.
“Rus ruletkası” deyilən köhnə bir “oyun” var. Harınlamış zabitlərin özlərinə riskli “əyləncə” tapmaq həvəsindən yaranıb. Tapançalarının xəzinəsinə beş güllə əvəzinə, tutalım, iki, daha riskli üç, hətta dörd güllə qoyub barabanın bir gözünü boş saxlayaraq fırladırmışlar. Sonra da tapançanın lüləsini gicgahlarna dirəyib tətiyi çəkirmişlər. Ya bəxt.
Bir an içində həlak olmaq da mümkündü, sağ qalmaq da.
37-ci ilin məşum hadisələri haqqında düşünəndə, bu ilin getmə-qalma “lotoreya”sını məhz bu “rus ruleti”ylə müqayisə etmək olar. Kimin repressiya qurbanı olması, kimin salamat qalması heç bir səbəblə anlaşılmır. Burda nəinki siyasi, heç adi məntiq də tapmaq mümkün deyil. Siyasi məntiqə gəldikdə, yaxşı, tutaq ki, sovet quruluşuna qarşı olan müsavatçılardan (daha doğrusu, 20-ci illərin repressiyalarından sonra nə şəkildəsə ilişib qalanlarından) intiqam alırdılar, bəs onda həmin bu sovet hakimiyyətini qurmaq üçün dəridən-qabıqdan çıxan, bu rejimə canla-başla xidmət göstərən kommunistlər – Əliheydər Qarayevlər, Həmid Sultanovlar, Çingiz İldırımlar niyə güllələnirdilər, Cümhuriyyət Parlamanında M.Ə.Rəsulzadəyə hücum edən Əliheydər Qarayevə cavab verərkən Məhəmməd Əmin deyir: “Əliheydər, çağırdığın bolşeviklər bir gün sənin özünü güllələyəndə mənim sözlərimi xatırlayarsan”.
Belə də oldu, yəni güllələyənlərin özlərini də güllələdilər. Tutalım, bunlar və yüzlərlə başqa partiya məsulları Mir Cəfər Bağırovoun şəxsi düşmənləri idi, nə səbəbdənsə hamısından yanıqlı idi. İndi əlinə girəvə düşəndə qisasını alırdı. Bəs onda yazıçılardan, artistlərdən, alimlərdən kimin qisasını alırdı?
Əlbəttə, 37-ci il repressiyalari tək Azərbaycanda gedən lokal proses deyildi. Bütün SSRİ-ni bürümüş repressiya qasırğasının güclü bir dalğası Azərbaycanı da altına almışdı. Moskvada Stalin dövlətin və partiyanın üst mərtəbələrində olan kommunistləri, Leninin silahdaşlarını – Zinovyevi, Kamenevi, Buxarini, Tomskini, Rıkovu (Trostkiyə hələ əli çatmırdı) məhv edirdi. NKVD başçısı Yaqoda dünənəcən silahdaşları olanları bir-bir dənləyirdi, qurşuna düzürdü, ta ki onun yerinə karlik Yejov gələnəcən. Yejov adam öldürmək planını artıqlamasıyla yerinə yetirəndən sonra onun özünü də güllələdilər. Yerini Beriya tutdu, o da yerdə qalanları qırdı və vaxtı gələndə onu da cəhənnəmə vasil etdilər.
Rusiyada repressiya qurbanı olan görkəmli yazıçıları, sənət xadimlərini yada salmağa çalışıram: Qumilyov, Meyerhold, Mandelştam, Babel, Pilnyak, Pavel Vasilyev… daha kimlər? Rusiyada repressiya qurbanı olmuş məşhur ədəbiyyat, sənət adamlarından başqaları yadıma düşmür. Bütün respublikalar içində bəlkə də hamıdan çox ədəbiyyat, elm, sənət adamlarını qurban verən Azərbaycan oldu (M.C.Bağırova “eşq olsun!”). Bu illərdə Azərbaycan Daxili İşlər Nazirliyində Xoren Qruqoryanların, Ruben Markaryanların at oynatdıqlarını yada salsaq, bunu başa düşmək çətin deyil. M.C.Bağırov özü də bunu çox gec anladı – məhkəməsində edam hökmü ərəfəsində.
Əski müsavatçılar Əhməd Cavad, Müznib, Cümhuriyyət hökumətinin Türkiyədə səfiri Yusif Vəzir Çəmənzəminli, M.Ə.Rəsulzadənin qohumu Seyid Hüseynlə bərabər kommunist yazıçılar Tağı Şahbazi (Simurq), Böyükağa Talıblı, Hacıbaba Nəzərli, Kazım Ələkbərli də gedər-gəlməz yolunun yolçuları oldular.
Böyük Cavid də repressiya qurbanı oldu, ona göz verib, işıq verməyən Əhməd Triniç də, Əhməd Cavad da, ona qan udduran “qızıl tənqidçilər” də, “Oxu, tar, oxu, tar, səni kim unudar” şeirini yazan Müşfiq də, tarı qadağan edən maarif komissarı Mustafa Quliyev də.
Yazıçı Böyükağa Talıblı müstəntiqin “Yazıçılar İttifaqının ayrı-ayrı üzvlərinin əksinqilabçı fəaliyyəti haqqında sizə nə məlumdur?” sualına, şübhəsiz ki, olmazın işgəncələrdən sonra belə cavab verir:
“Mənə Azərbaycan Yazıçılar İttifaqının əksinqilabçı əhval-ruhiyyədə olan üzvlərinin apardığı işlər məlum idi: Abdulla Şaiq, Kazım Ələkbərli, H.Cavid, Ə.Cavad, M.Müşfiq, Tağı Şahbazi, Əli Nazim, Yusif Vəzir, Süleyman Rüstəm”.
Yeni işgəncələrdən sonra əlavə edir:
“Hacı Nəzərli Yazıçılar İttifaqının daxilində Səməd Vurğundan, Mehdi Hüseyndən, Rəsul Rzadan, İsmayıl Hafizdən (sonralar tarixçi alim olan akademik İsmayıl Hüseynov o vaxtlar şair kimi tanınırdı – A.) ibarət möhkəm əksinqilabi qrup yaratmışdı”.
Elə həmin ildə güllələnmiş Böyükağa Talıblıdan bu sözlərin nəyin bahasına, necə dözülməz əzab-əziyyətdən sonra alındığını təsəvvür etsək, onu zərrə qədər günahlandırmağa mənəvi haqqımız yoxdur. Amma sonrakı firavan nəsillərin bəzi nümayəndələrinin də Abdulla Şaiqi, Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Mehdi Hüseyni o illərdən salamat çıxdıqlarına görə qınamağa heç bir əsası yoxdur. Məhz bizim günlərdə belə ittihamlar arabir səsləndiyinə görə Süleyman Rüstəmin 90 illik yubileyində çıxış edən Ulu Öndər Heydər Əliyev dedi:
“Biz Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli şəxslərin repressiya qurbanları olması haqqında onillərdi ki, böyük ürək ağırısı ilə danışırıq. İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər, onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onlara da onillərlə ağlayacaqdıq. Biz Allaha şükür etməliyik ki, belə insanlar o ağır dövrlərdə o xatalardan qurtara bildilər. Əgər 30-cu illərdə o itkilərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan başqa görkəmli şairlərimiz olmasaydı və onlar yazıb-yaratmasaydılar, o əsərlər olmasaydı, indi bizm o dövr tariximizin ədəbiyyat, mənəviyyat, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vurğunsuz, Rəsul Rzasız, Süleyman Rüstəmsiz təsəvvür edə bilmərəm.
Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə Süleyman Rüstəmin dırnağı qədər də ola bilməzlər” (1998-ci il martın 26-sı)
Cümhuriyyət dövründə yaşamış Üzeyir Hacıbəyli və ondan da gənc Cəfər Cabbarlı yeni dövrdə də məhdud imkanlar daxilində belə xalqa, onun milli musiqisinə, ədəbiyyatına, teatrına xidmət etməyin mümkün olduğunu dərk edərək sovet illərində şah əsərlərini yaratdılar.
Ancaq 20-30-cu illərin gənc yazıçıları, şairləri gözlərini açıb elə bu cəmiyyəti görmüşdülər.
O dövrdə ədəbiyyata gəlmiş və ədəbiyyatda qalmış şairlər içində Süleyman Rüstəm (1906-cı ildə doğulmuş), Səməd Vurğun (1906), Mikayıl Müşfiq (1909), Məmməd Rahim (1907), Rəsul Rza (1910) – ikisi – Səməd Vurğun və Rəsul Rza Bakıya əyalətdən gəlmişdilər. Adları çəkilən digərləri isə köklü-köməcli bakılılar idi. Bunun da əhəmiyyəti var. Səməd Vurğunçün də, Rəsul Rzayçün də (üç-dörd il yaş fərqləri olsa da) XX əsr 30-cu illərdə Bakıda başlanırdı. Göyçay kimi əyalət şəhərində, yaxud Qazaxın aşıqlı-sazlı mühitində gənc şairlər zamanın nəbzini çətin tuta bilərdilər. Əgər qısa sürən müstəqillik illərinin dadı damaqlarında qalmış Cəfər Cabbarlı və Üzeyir bəy “yeni dünya” quranların sıralarına qoşulmuşdularsa, 10-14 yaşlı əyalət çocuqlarının Cümhuriyyət dövrü haqqında nə təsəvvürləri ola bilərdi?
Rəsul Rza və Səməd Vurğun iflasa uğramış xan və bəy nəslindən idilər, Süleyman Rüstəm (dəmirçi oğlu), Məmməd Rahim (faytonçu oğlu) sadə ailələrdən çıxmışdılar, Mikayıl Müşfiq yetimliklə böyümüşdü. Uşaq yaşlarında Səməd Vurğun anasını, Rəsul Rza atasını itirmişdi.
Zadəgan nəslindən olanlar da, sadə ailələrdən çıxanlar da sözdə insanların, xalqların azadlığını, bərabərliyini bəyan edən quruluşu şövqlə qarşılayır, alqışlayır tərənnüm edirdilər.
Öz “Göy göl” şeirini Əhməd Cavada ithaf edən Səməd Vurğun eyni zamanda:
Mən nə Sanılıyam, nə də Cavadam,
Onlara düşmənəm, onlara yadam, –
yazanda məqsəd məfkurə, ruh ayrılığını göstərmək idi.
Cümhuriyyət çağını ilhamla tərənnüm edən Əhməd Cavad sovet dövründə küskünlüklə:
Əyil, Kürüm, əyil keç,
dövran sənin deyil, keç, –
deyirdi. Rəsul Rza “Bolşevik yazı” şeirində bu çağırışa qarşı çıxırdı.
Qulaq vermə şairin
Lirik misralarına.
Əyilib keçmə, Kürüm,
yetər əyilib keçdin
Qoca tarix boyunca.
Əhməd Cavadçün Kür əski dövrün, milli dəyərlərin rəmzi idisə, Rəsul Rza üçün yeni dövranın, quruculuğun, yeniləşmənin timsalı idi.
Amma gənc şairlərin yaşlı nəslə asi olması o qədər də bəsit məsələ deyil. Bunu ədəbiyyat tarixlərindən yaxşı bəlli olan “atalar və oğullar”, “ənənə və yenilik” qarşıdurması saymaq da olmaz. Sovet quruluşunu qeydsiz-şərtsiz qəbul edən gənclər və etməyən yaşlılar arasında ziddiyyət də üzdə görünən kimi deyildi.
Elə həmin o tərənnüm və şüarlar illərində Səməd Vurğun qələmindən belə misralar da çıxırdı:
Bu rübabın hər telində
yüz ahım var, amanım var.
Nə dövrana etibarım,
nə insana gümanım var.
“Xan nəvəsi ola-ola ərizə verəsən komsomola” deyə acı etiraf edən Rəsul Rza 30-cu illərdə yazdığı “Kəmiklər” (“Sümüklər”) şeirində xan nəslindən olmasıyla bağlı hansı çətinliklərlə üzləşməsindən yanıqlı bir dillə söz açır.
Elə həmin dövrdə Səməd Vurğun:
“Həyat” dedikləri şübhəli bir şey,
Ölümsə şübhədən çıxmaq deməkdir”, – yazırdı.
Yaxud Rəsul Rzanın:
Doğrudur, “yamanlığa yaxşılıq”
həyat fəlsəfəm olmayıb.
Ancaq hansı günüm var ki,
könlümcə olsa belə
bir anı, hər zərrəsi
qayğı, nigaranlıq,
qəm olmayıb? –
sualına sanki Səməd Vurğunun misralarında cavab tapırıq:
Hansı şair, hansı qələm öz vaxtında xoşbəxt olur?
İndiki “icazəli cəsarət” əyyamında bəzən naşılıqdan, bəzənsə bilərəkdən qəsdən sovet dövründə yazıb-yaratmış bütün şair və yazıçıları damğalamağa, onların bədii irsini ləkələməyə, daha betər, unutdurmağa, ədəbiyyat tarixindən büsbütün silib atmağa çalışanlar da bu doğru fikri heç cür qəbul etmək istəmirlər ki, bir var sosrealist sovet ədəbiyyatı, bir də var sovet dövründə yaranan əsl ədəbiyyat. Bəli, Səməd Vurğunun da, Süleyman Rüstəmin də partiyaya, Stalinə həsr olunmuş yetərincə çox əsərləri var. Mikayıl Müşfiq “Stalin” poemasını, Rəsu Rza “Lenin” poemasını yazıblar.
Amma Səməd Vurğunun elə bir qismi bu kitabda çap olunan şeirlərinin sovet ədəbiyyatına nə dəxli var? Aşıq Ələsgərin “Dağlar” şeiri nə qədər sovet ədəbiyyatıdırsa, Səməd Vurğunun da “Dağlar” şeiri o qədər sovet ədəbiyyatıdır.
Səməd Vurğun:
Bir şairin yalnız ömrü
Tor içində gedir bada.
Nə yazıq ki, bu sirrimi
Nə anlayan, nə duyan var, –
yazanda, ya Rəsul Rza:
Dərdimi kimə deyim,
Dünya dolu adamdır, –
deyəndə bu ovqatın sovet şairinin dünyagörüşündən nə qədər uzaq olduğunun fərqinə varırmılar?
Süleyman Rüstəmin klassik qəzəl janrında yazdıqları sovet ədəbiyyatı sayılmalıdır? Eləcə də Müşfiqin misilsiz “Yenə o bağ olaydı”, ya tragik “Necə əl çəkim?” şeirləri sovet ədəbiyyatının yox, əbədi zamanların yüksək sənət örnəkləridir. Rəsul Rzanın “Çinar”, “Darısqallıq”, “Sarı dana və balaca qız”, bir çox başqa şeirləri, “Rənglər” silsiləsi, “Qızılgül olmayaydı” poeması sovet yox, antisovet ədəbiyyatı sayılsa, daha düzgün olardı.
Otuzuncu illərin birinci yarısında, hətta məşum 37-ci ilin ilk aylarında mətbuat səhifələrində yığıncaqlarda gedən qızğın ədəbi-ideoloji müzakirələr, mübahisələr Azərbaycanda hələ siyasi repressiyalar mərhələsinə keçməmişdi.
Fevralın 11-də Rəsul Rzayla Nigar Rəfibəylinin kiçik mənzillərində toy məclisində çoxusu xanımlarıyla – Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Mikayıl Rəfili, Sabit Rəhman və əlbəttə, Ənvər Məmmədxanlı iştirak edirlərmiş (O dar otağa necə sığışıblar?).
Əski müsavatçılar Əhməd Cavad və Ənvərin atası Qafar Məmmədxanlı qucaqlaşıb öpüşürlərmiş. Hüseyn Cavid onunla ərkyana davranmaq istəyən gənclərə təpinirmiş: cavanlar, öz aranızda zarafat edin. Rəfili: “Ey Nigar, Rza olsun sənə bizdən yadigar” kimi misralar yazıbmış. Məclisin tamadası Kazım Ələkbərliymiş. Anam deyərdi: “Məclisdəkilərin bir çoxu üçün bu axşam, yəqin ki, son xoş xatirələri olub”.
Əli Nazim də toya dəvət olunubmuş, amma üzr istəyib, gəlməyib. Başının üstünü qara buludlar almış tənqidçi, yəqin ki, məclisdəkilərin ovqatını pozmaq istəməyib.
Az sonra ədəbi mübahisələr siyasi repressiyalar müstəvisinə çevrildi, “Pravda” qəzetinin 8 iyun 1937-ci il sayında Q.Rıklin soyadlı jurnalist gileylənirdi ki, Azərbaycan yazıçıları bir-birini ifşa etməkdə ləng tərpənirlər. Q.Rıklin yazır:
“Kazım Ələkbərlidən sonra Yazıçılar İttifaqına Seyfulla Şamilov başçılıq etməyə başlayıb. Demək olar ki, heç nə dəyişməyib. Şamilovla danışın, fəxarətlə rəhbərlik etdiyi İttifaqın düşmənlərə qarşı necə mübarizə aparmasından söz açacaq, “Biz Əli Nazimi, Əhməd Cavadı, Rəfilini xaric etdik”. Sanki hər şey öz qaydasındadır (! – A.), amma məsələ ondadır ki, İttifaqın idarə heyəti düşmənlər başqa təşkilatlar tərəfindən ifşa olunandan sonra həvəslə (! – A.) ifşa edir”.
Fikir verin, məqalə müəllifi narazıdır ki, yazıçılar çekistlərin işini asanlaşdırmırlar, özləri bir-birini bada vermirlər. O ki qaldı millətçiliyə görə İttifaq üzvlüyündən xaric olunan Rəfiliyə, o, repressiya olunmadı, bir müddətdən sonra Yazıçılar İttifaqı üzvlüyünə bərpa edildi, amma daha sonra bu dəfə kosmopolit kimi İttifaqdan xaric edildi. Yazıçılar İttifaqının məsul katibi Səməd Vurğun İttifaqın 27 martda keçirilən plenumunda deyir:
“Son vaxtlar Azərbaycan Sovet Yazıçıları İttifaqında baş verən hadisələr və bu haqda partiya orqanlarımızın yazdığı vaxtlı və haqlı tənqidlər geniş oxucu kütləsini düşündürməyə bilməz. Biz işimizdə buraxdığımız səhvlərə göz yummadan sağlam bolşevik özünütənqidi ilə səhvləri ləğv etməli, sovet ədəbiyyatımızın iti addımlarla inkişafını təmin etməliyik. Bugünkü ədəbi nailiyyətlərimiz hər şeydən əvvəl barışmaz sinfi mübarizəmizin qanuni nəticəsidir. Qabaqca qeyd etməliyəm ki, Azərbaycan Sovet Yazıçıları İttifaqında bolşevik özünütənqidi lazımi yüksəkliyə qaldırılmamışdır”.
Məruzəçi “ifşa” olunmuş yazıçıların “xalq düşmənləri”nin adlarını çəkir.
Filologiya elmləri doktoru Aslan Salmansoy “Səməd Vurğunun “Azərbaycan” epopeyası, yaxud “Qırmızı üzlü albomun tarixçəsi” adlı məqaləsində qeyd edir ki, bu çıxışından bir qədər əvvəl Səməd Vurğunu xalq düşmənləri elan edilən şairləri (xüsusilə H.Cavid və M.Müşfiqi) qanadının altına almaqda günahlandırırmışlar. Məqalədə 1937-ci ilin aprel ayında Səməd Vurğun çıxışında artıq başlarının üstündə qara buludlar gəzən H.Cavidi və M.Müşfiqi xilas etməyə son təşəbbüslər edir.
“H.Cavid faşizm və müharibə əleyhinə yeni pyes yazmış” deyə pozitiv məlumat verir. “Yoldaş Müşfiq canlı insan temasından yazmaq istəyir, – deyir. – Əvvəl o, ziyalılar haqqında yazmaq istəyirdi, mən buna razı olmadım. Elə qərara gəlmişik ki, Müşfiq gedib, bir neçə ay kolxozda oturub kolxoza dair bir şey yazsın”.
Amma bu cəhdlərdən bir şey çıxmır. Az sonra həbs olunurlar və artıq Səməd Vurğunun özü real təhlükə qarşısında qalır, odur ki, növbəti plenumda “xalq düşmənləri” haqqında ən kəskin ifadələri işlətməli olur, haqqında artq ən kəskin sözlər deməli olur.
Hüseyn Cavidin həbsiylə bağlı Səməd Vurğun çox dəqiq, çox dərin və faciəvi söz demişdi: “Kaş Cavid əfəndi həbsindən bir gün qabaq öləydi. Onda ona əzəmətli abidə qoyulardı”.
Aslan Salmansoy “Görünən və görünməyən Vurğun” adlı məqaləsində yazır:
“Səməd Vurğunun qəribə taleyi olub: bir tərəfdən hələ sağlığında əfsanələşdirilib, nağıl, dastan qəhrəmanları ilə eyniləşdirilib, yaradıcılığı yüksəklərə qaldırılıb, digər tərəfdən isə hücumlara, təqib və təzyiqlərə tuş gəlir, yazdıqları inkar edilir, şəxsiyyətinə kölgə salınır və qəribəsi odur ki, usta şairə qarşı ikili münasibət elə əlinə qələm aldığı illərdən başlayıb və demək olar ki, ömrünün sonuna kimi davam edib.
1956-cı ildən 1990-cı ilə qədər şairin ruhu narahat edilməyib. Müstəqillik qazandıqdan sonra isə müəyyən qüvvələr tərəfindən Vurğuna qarşı hücumların yeni mərhələsi başlayıb və fasilələrlə indi də davam etməkdədir. Paradoks odur ki şair sağlığında sovet quruluşuna qarşı çıxmaqda, Kommunist Partiyasının rəhbərlik rolunu danmaqda, millətçilikdə, “xalq düşməni” elan edilmiş H.Cavid, Ə.Cavad, M.Müşfiq, H.Sanılı kimi şairləri müdafiə etməkdə günahlandırılır və cəzalandırılırdısa, indi əksinə, sovet quruluşunu və Kommunist Partiyasını mədh etməkdə, kosmopolitlikdə, milli dəyərləri güdaza verməkdə ittiham edilir”.
Məqaləsinin başqa bir yerində Aslan Salmansoy yazır:
“S.Vurğunu “Mən nə Sanılıyam, nə də Cavadam. Onlara düşmənəm, Onlara yadam” misralarına görə ittiham edənlərə təqdim etdiyimiz bir neçə cümləni nəzərə alsınlar: yazılan bütün məqalələrdə S.Vurğunun H.Cavidin, xüsusilə də H.Sanılı və Ə.Cavadın təsiri altına düşməsi, üstəlik onların “havalarını daha ustalıqla çalması” qeyd olunur. Bu, səbəbsiz deyildir. Həqiqətən də, S.Vurğunun, eləcə də Ə.Cavad və H.Sanılının təbiət şeirləri arasında bir yaxınlıq, doğmalıq var idi. Amma o illərdə Ə.Cavad və H.Sanılı “burjua və qolçomaq şairləri” adlandırılırdı, Vurğunun ünvanına deyilən “kəndi təsvir edərkən ondan bir qolçomaq ləzzəti alır” və başqa ittihamlar onun da Ə.Cavad və H.Sanılı kimi burjua və qolçomaq şairi olduğunun təsdiqinə istiqamətlənmişdi. Bundan əlavə, 1920-ci illərdə həm Sanılı, həm də Cavad hər biri bir neçə dəfə həbs edilmişdi. O dövrdəki tənqidin onlara münasibəti daha kəskin və qorxulu idi. Öz taleyi təhlükə altında olan Vurğun, təbii ki, əlavə təqib və təzyiqlərə məruz qalmaq istəmir və özünü bu şəkildə müdafiə etməyə məcbur idi”.
Plenumda çıxışında S.Vurğun davam edir:
“Azərbaycan Sovet Yazıçıları İttifaqında bolşevik özünütənqidi lazımi səviyyəyə qaldırmamışıq və məhz buna görə işimizdə böyük səhvlər və nöqsanlar baş verib.
Qoy bizim nəzəriyyə və tənqidlə məşğul olan yoldaşlar ağızlarına su alıb oturmasınlar. Əks təqdirdə onları da müharibə dezertirləri kimi ifşa etməyimiz lazım gələcəkdir. Nə üçün H.Mehdi, Nəzərli, S.Rüstəm, Rza və başqa yoldaşlar özlərinin AZAPP vaxtı buraxdıqları səhvlərdən və averbaxçılığın onlara olan təsirindən danışmayırlar? Nə üçün onlar bu trotskist təşkilatı nəzəri və yaradıcılıq nöqteyi-nəzərindən xalqımız qarşısında ifşa etmirlər?”
Amma az sonra Yazıçılar İttifaqının iclasında S.Vurğunun özünə qarşı da hücumlar olur və o, “Kommunist” qəzetində çap etdirdiyi məqalədə kobud səhv etdiyini boynuna alır.
Rəsul Rza çıxışında deyir: “Mən öz nöqsanlarıma da göz yuma bilmərəm. AZAPP rəhbərliyində bulunduğum zaman dəfələrlə RAPP prinsiplərini hərarətli bir şəkildə müdafiə etmişəm. Öz yaradıcılıq praktikamda dəxi formalizm və sxematizm kimi səhvlərə yol vermişəm, RAPP-ın ləğvindən sonra bu səhvləri düzəltmək üçün çalışmışam”.
Qəzetdə iclasdan məlumat verilir ki, H.Mehdi S.Vurğunla S.Rüstəm arasında qarşıdurma yaratdığı üçün İttifaqın üzvlüyündən namizədliyinə keçirilir.
Vallah, bu hadisələr belə faciəli zamanda baş verməsəydi, bütün bunlara doyunca gülmək olardı.
Bu RAPP-çılıq, RAPP-ın başında duran tənqidçi Averbax, ümumiyyətlə, “averbaxçılıq” Azərbaycan ədəbiyyatı üçün nə böyük bəla imiş ki, yazıçılarımız bunun üstündə bir-birini qırırmış.
Dəqiq bir ifadə var: Moskvada dırnaq tutanda əyalətlərdə barmaq kəsirlər. Moskvada növbəti ədəbi təmayüllü tənqid başlanan kimi dərhal Azərbaycanda onun analoqunu tapır və onun üstünə düşürlərmiş. RAPP-çılıqla mübarizədə bir-birinə hücum edən yazıçılar sonralar Zoşşenko tənqid edilərkən Azərbaycanda öz Zoşşenkomuzu – Sabit Rəhmanı tapdılar və onun üstünə düşdülər. Moskvada nihilizmə və kosmopolitizmə qarşı cəbhə açılanda dərhal Azərbaycan kosmopoliti M.Rəfili, nihilist Cəfər Cəfərov hədəfə alındı. Nəhayət, Xruşşov abstraktsionist (mücərrədçi) rəssamların üstünə düşəndə Rəsul Rzanın “Rənglər”i əllərinə göydəndüşmə girəvə oldu. Döşədilər döşəyə bildikləri qədər.
Uzaq 37-ci ildə isə yazıçıların qovğası müvəqqəti olaraq belə nəticələndi:
“Şamilov sədr vəzifəsindən və Səməd Vurğun Yazıçılar İttifaqının məsul katibi vəzifəsindən azad edilsinlər. Yığıncaq 7 nəfərdən ibarət olan yeni tərkibini seçdi: Əli Məmmədov (sədr), A.T.Rəsulzadə (məsul katib), S.Rüstəm, S.Vurğun, M.S.Ordubadi, Mkrtıçyan, Kamski”.
Partiya işçisi Əli Məmmədov Yazıçılar İttifaqına az müddətdə rəhbərlik edib. Seyfulla Şamilov isə sürgün olunub.
Xoşbətlikdən Stalinin ölümündən sonra sürgündən qayıtdı.
Yazıçılar Birliyinin binasında açdığımız 37-ci il qurbanlarının Xatirə lövhəsində onun da adı var. Lövhəni mənim sifarişimlə Seyfulla Şamilovun oğlu, mərhum heykəltəraş Elcan Şamilov yaratmışdı.
1938-ci ilin may ayında Rəsul Rza Yazıçılar İttifaqının rəhbəri seçilir. 1939-cu ildə onun təşəbbüsüylə çağırılan dil problemlərinə həsr olunmuş müşavirədə məruzə edir, kinayə ilə deyir ki, “Kommunist” qəzetinə bizim dilimizi zibilləməyinə görə birincilik mükafatını vermək olar və bu qəzetdə işlənmiş sözlərin böyük bir siyahısını təqdim edir: “natura, uçastok, mexanizator, sort, pazitsiya, transport, spekulyasiya, ekipaj, produksiya, uçot, avariya, prosent, prostoy, komissariat, avariya, masştab, maşinist, laryok, struktura, instruksiya, buksir”.
Dilimizə bu sözlərlə təcavüzün və təhlükənin səbəbi rəsmi sovet təbliğatının məhz bu yöndə çağrışlarıyla bağlıydı. “Pravda” qəzeti yazırdı:
“Türk terminologiyasından pantürkizm qoxusu gəlir. Bu terminlərin əvəzinə sosialist mədəniyyətinin yaranması prosesində meydana gəlmiş çoxlu sayda sovet (oxu “rus” – A.) terminlərindən istifadə etmək lazımdır”.
Görkəmli ədəbiyyat, elm xadimlərinin millətçilik üstündə məhkum olunmalarından bir il sonra, 1938-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında Səməd Vurğun və Rəsul Rza kəskin surətdə bu təşəbbüsə – Azərbaycan dilinin zibillənməsinə qarşı çıxış edirlər.
Səməd Vurğun deyir:
“Dil millətin şərəfidir, onun tarixi, onun vicdanıdır… dili bulandırmadan, çirkləndirmədən təmiz saxlamaq lazımdır. Nə üçün “səfərbərlik” əvəzinə «mobilizasiya”dan, “maliyyə” əvəzinə “finans”dan, “mədəniyyət” əvəzinə “kultura”dan istifadə olunmalıdır?”
Azərbaycan Ali Sovetinin elə həmin sessiyasında Rəsul Rza çıxışında deyir:
“Öz ana dilini ciddi bilməyən adam yad dili də kifayət qədər mənimsəyə bilməz… Bir neçə adamın dilin taleyini həll etməyə haqqı yoxdur. Dilin ən böyük qoruyucusu xalqdır. Qoy indiki nəşriyyat işçiləri gələcəyin böyük kommunist dilini yaratmağa tələsməsinlər (kursiv mənimdir – A.). Necə deyərlər, çay gəlməmiş çırmanmasınlar, yay gəlməmiş qızmasınlar. Qoy bizim dilimizi öz savadsızlıqları ucbatından zibilləməsinlər”.
Dilin ən böyük qoruyucusu, şübhəsiz, xalqdır, amma onu yazılarında, mətbuatda, yığıncaqlarda, təhsildə yaşadan ziyalılardır və ilk növbədə yazıçılardır. Təsadüfi deyil ki, sovet dövrünün millətçiliklə mübarizə aparılan ən çətin illərində, təhsildə kütləvi “ruslaşma” baş alıb gedəndə bütün Azərbaycan yazıçılarının övladları doğma dillərində təhsil alıblar.
Təbii ki, Azərbaycan dilinin yaşamasında yazıçılarımız ilk növbədə öz əsərləriylə xidmət göstəriblər. Amma əsərlərindən başqa XX əsrin 30-60-cı illərində cəsur çıxışlarıyla, ardıcıl addımlarıyla dilimizin qorunub saxlanmasında bu dövrün üç qələm sahibinin rolu xüsusi qeyd olunmalıdır: Səməd Vurğunun, Mirzə İbrahimovun, Rəsul Rzanın.
Rəsul Rza Yazıçılar İttifaqının rəhbəri olarkən yalnız dilimizə deyil, ümumən milli varlığımıza daha bir ciddi təhlükə yaranıb. Ən azı o dövrün yazıçıları, o cümlədən, mənim valideynlərim bu olayı tək dilimizə, yazımıza qarşı yox, həm də ümumiyyətlə milli varlığımıza ciddi təhlükə kimi, yəni ruslaşdırma yolunda daha bir mühüm addım kimi qavrayırlarmış. Söhbət latın qrafikasından kirilə – rus əlifbasına keçməkdən gedir. Bu hadisələri Xalq şairi Mirvarid xanım Dilbazi “Kiril əlifbasını necə qəbul etdik” adlı yazısında belə xatırlayır:
“Əlifba haqqında ilk söhbətin mən ilk şahidiyəm. 1939-cu ilin fevral ayında Səməd Vurğunu, Məmməd Arifi, məni ordenlərlə təltif etdilər. Ordenləri Kalinin verirdi, Stalin də o təltif məclisində idi. O günün səhəri bizi universitetin filologiya fakültəsinə çağırdılar. Bizi orda bir rus alimi ehtiramla qarşıladı, xeyli söhbətdən sonra dedi: Məsləhət belədir ki, siz gərək kiril əlifbasına keçəsiniz.
Səməd Vurğunla Məmməd Arif əvvəlcə kül rəngi aldılar, sonra üzlərinə boğuq bir qızartı çökdü. İlk söhbətə Səməd Vurğun başlayıb dedi: “Bu, mümkün deyil, kiril əlifbasındakı bir çox səslər dilimizə uyğun deyil. Biz gərək onların əvəzinə başqa dillərdən sözlər götürək. Həm kiril əlifbasına yamaq vuraq, həm də öz əlifbamızı yükləyək”.
Məmməd Arif də xeyli tutarlı danışdı, ciddi səbəblər göstərib bu dəyişikliyin xalqımıza, mədəniyyətimizə böyük zərbə olacağını sübuta yetirdi. Deyilənlərin qarşısında söz tapmayan rus alimi dedi: Mən sizi başa düşürəm, ancaq nə etmək olar, artıq qərar verilib. Bu, Stalinin göstərişidir”.
Mirvarid xanımın bu qiymətli şəhadətinə anamdan eşitdiklərimi əlavə edirəm. Anam danışırdı ki, bir gün Rəsul evə Səmədlə gəldi. Üzlərinə baxanda ürəyim düşdü, ikisi də bir haldaydılar ki, çırtma vursan, sifətlərindən qan damardı. Bağırovun yanından gəlirmişlər, Bağırov onları əlifba məsələsi üçün çağırıbımş. Qabaqlarına yemək qoydum, içki istədilər, içdilər və dərdləşməyə başladılar. Bağırov deyib ki, rus əlifbasına keçirik, özü də burda daha heç bir o yan-bu yan ola bilməz, bu, şəxsən Stalin yoldaşın göstərişidir. Bu qorxunc sözlərə baxmayaraq, etiraz etməyə çalışıblar. “Axı ermənilər, gürcülər öz əlifbalarından əl çəkmirlər”, – deyiblər. Bağırov: “Yaxın zamanlarda onlar da rus əlifbasına keçəcəklər, – deyib, – Stalin yoldaşın fikri budur ki, bütün sovet xalqları eyni əlifbadan istifadə etməlidirlər”.
Söhbətin davamını Ənvər Məmmədxanlının dilindən eşitmişəm:
“Faruq (Abdulla Faruq – A.) mənə dedi ki, mən bu əlifbanın dəyişdirilməsini səhv hərəkət hesab edirəm, bu, Bağırovun işidir, ona məktub yazacam. Dedim, yazma, bu, Bağırovun işi deyil. Stalindən gələn məsələdir. Faruq qulaq asmadı, yazdı. Məktub Bağırova çatan kimi tufan qopdu. Bağırovun bir xasiyyəti vardı, bir kəs bir iş tutan kimi o saat deyirdi ki, bu, tək sənin işin deyil, sənin dalında hansısa bir qrup, bir təşkilat dayanıb və bu, hazırlanmış təxribatdır. Bəli, o saat zirək xəbərçilər Bağırova çatdırdılar ki, bəs Faruq Rəsul Rzanın qohumudur və Rəsul da Yazıçılar İttifaqının sədri olduğu üçün bu məsələni o, təşkil edib. Bağırov bütün Yazıçılar İttifaqını darmadağın etdi”.
Göyçaylı Abdulla Faruqun Rəsul Rzaya qohumluğu belə çatır ki, atamın böyük bacısı Kübra xanımın əri Əbdülkərim Əfəndiyevlə əmioğludurlar.
Yenə də Mirvarid xanımın xatirələrinə müraciət edirəm:
“Stalinin adını eşidib qorxuya düşənlər bu əlifbanı (kiril əlifbasını – A.) tərifləməyə söz tapdılar. Əleyhinə olanlar isə öz cəzalarına çatdılar. Bu etirazın ilk qurbanı çox istedadlı şair Abdulla Faruq oldu. Onu Yazıçılar İttifaqından xaric etdilər, heç yerdə iş vermədilər, müharibə başlananda ön sıraya döyüşə göndərdilər, orda məhv oldu. Abdulla Faruq Rəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı da Yazıçılar İttifaqının sədrliyindən çıxartdılar. Abdulla Faruqun bu faciəsi çoxlarına görk oldu”.
Atam danışırdı ki, bir gün Bağırov məni çağırdı, gözündən, ağzından od tökülürdü, mən hələ başa düşmürdüm ki, niyə qəzəbə keçmişəm, çünki Faruqun məktubundan, doğrudan da, xəbərim yoxdu. Məsələ açılanda, deyəndə ki, Faruqu sən öyrətmisən, sənin qohumundur, cavab verdim ki, bəyəm siz öz qohumlarınızın hər bir hərəkəti üçün cavabdehsiniz? Daha da özündən çıxdı: Mən bax bu əlimlə öz qohumlarımı güllələmişəm, – dedi.
Mirzə İbrahimov bir müsahibəsində xatırlayırdı: “Rəsul Rza Mir Cəfər Bağırovun kəskin iradlarına qarşı çıxır, sualına iti cavablar verirdi. Bir dəfə yığıncaqda Bağırov Məmmədxanlılar nəslinə qarşı işlətdiyi ifadəyə görə Rəsul: “Sən get öz bacının cilovunu yığ”, – dedi. Ancaq əksər yazıçılar tənqid olunanda sakit dururdular (“7 gün” qəzeti, 18 iyun 1993).
Mirzə müəllimin yaddaşına inansam və hörmət etsəm də, atamı yalnız xoş niyyətlə xatırlamasını başa düşsəm də, məncə, bu sözlərdə bir mübaliğə var. Əvvəla, Azərbaycanda, gərək ki, Ordubadidən və M.Mirqasımovdanbaşqa heç kəs Bağırova “sən” demirmiş. Hətta Üzeyir bəy də ona “siz” deyərmiş. Yaşca Bağırovdan çox cavan olan atam da, təbii ki, ona “sən” deməzdi və belə kobud şəkildə cavab qaytarmazdı. Amma bununla bərabər, o da doğrudur və ən müxtəlif adamların şəhadətiylə təsdiqini tapır ki, Bağırovla ən sərt, ən cəsarətli danışan tək-tük adamlardan biri Rəsul Rza olub.
Kiril əlifbasına keçmək məsələsinə həsr olunmuş müşavirədə M.C.Bağırov məruzə edir, Stalinin adıyla başlayıb, Stalinin adıyla bitən məruzənin müzakirəsi başlanır. İlk çıxışı Səməd Vurğun edir, Stalin demokratiyasının dünyada ən mütərəqqi demokratiya olduğunu qeyd elən natiq deməyə məcbur olduğu sözlərlə eyni zamanda bununla belə ərəb əlifbasının, sonra latın əlifbasının tariximizdə çox mütərəqqi rol oynadığını da qeyd edir. Kiril əlifbasının qəbul edilməsinin balalarımızın rus dilini yaxşı mənimsəməsi üçün əhəmiyyətli olduğunu göstərir. Azərbaycan ziyalılarını çox narahat edən bir məsələnin üstündə Səməd Vurğun xüsusi dayanır:
“Dilimizin bir nöqtəsinə, bir vergülünə də xələl gəlməyəcək, çünki dil əlifbanın deyil, əlifba dilin üstündə qurulur. Ona görə də bu işdə biz çox ehtiyatlı və məsuliyyətli olmalıyıq ki, yalançı “ura, beynəlmiləlçilik” tərəfə aparmaq istəyən addımlara yol verməyək”.
O dövrdə, o şəraitdə əlifba dəyişikliyi ilə bağlı o həngamə şəraitində şairin bu sözləri çox vacib və cəsarətli bəyanat idi. Yuxarıdan endirilən hökmü dəyişmək mümkün deyildi, amma onun zərbəsini yumşaltmaq, qoruyub saxlana bilənləri qoruyub saxlamaq ziyalının, şairin borcu, vəzifəsi idi.
Bu baxımdan Səməd Vurğunun rus əlifbasından bəzi hərflərin yeni əlifbaya daxil edilməsinə etirazı çox mühümdür.
Səməd Vurğun я, ю, е, щ, ъ hərflərinin yeni əlifbaya daxil edilməsinin əleyhinə idi. Şair: “Bu hərflərə heç bir ehtiyac yoxdur və onlar dilimizi süniləşdirə bilər”, – deyir.
Təəssüf ki, hələ uzun zaman əlifbamızda (qəbul edilmiş kiril əlifbasında) qalan я, ю, е hərflərinə görə dilçilərimiz arasında məzəli lətifə dolaşırdı: “Azərbaycan dili bəlkə də yeganə dildir ki, üç hərflə mürəkkəb cümlə qurmaq olar: я, е, ю, я, ю, е – ya yu ye, ya yu ye).
O vaxtın şərtlərinə görə, Rəsul Rza hələ “yaxşı” qurtarmışdı. Onu Moskvaya növbəti dekadaya nəinki aparmamışdılar, kitablarını aparmağa da yasaq qoymuşdular, adı mətbuatda hər yerdən çıxarılırdı. Bağırov Yazıçılar İttifaqından xaric olunmuş, işsiz qalmış Abdulla Faruqu da tutdurmadı. Bunu etməməsinin səbəbi birdən-birə insafa gəlməsində, rəhmdilliliyində deyildi, 37-ci il qırğınlarından sonra tutulma, sürgün planları artıqlamasıyla doldurulmuşdu və 39-cu ildə bütün SSRİ-də repressiya kampaniyası səngiməkdə idi. Amma yenə də çekistlərin iti gözləri müəyyən adamları güdməkdən yorulmurdu.
Azərbaycan daxili işlər komissarı Yemelyanov və komitənin əməkdaşı Qriqoryan donos verirdilər:
“Yazıçı Ənvər Məmmədxanlı deyir: Biz balaca xalqıq, bizi əlifba vasitəsilə ruslaşdırmaq istəyirlər. Məlumat var ki, Səməd Vurğun və Rəsulov (sənəddə belədir – A.) Rza Moskvadan qayıdandan sonra yeni əlifbaya qarşı kəskin çıxışlar ediblər”.
Bu sənəddə məşum famili keçən Qriqoryan ailəmizin tarixinə düşmüş murdar adlardandır:
Nakam dostu Mikayı Müşfiqin xatirəsinə həsr etdiyi “Qızılgül olmayaydı” poemasında Rəsul Rza yazırdı:
Doğrudur,
ona namərd şilləsi kimi
vurulan imzalar içində
mənim imzam olmadı.
Heç kəs məndən iltizam almadı,
Lakin necə sakit deyim ki,
səsim gəldikcə bağırmadım,
Xalqı ədalətsiz bir hökmü pozmağa çağırmadım.
İndi sakit deyirəm bu sözu,
heç bilmirəm düzü:
bağırmaq olardımı,
çağırmaq olardımı?
Elə bir gündə ki,
Xorenlər iş başındaydı
Ruhullalar zirzəmidə can üstündə.
Bu sətirlərdə murdar adı keçən Xoren həmin o Azərbaycan daxili işlər nazirinin müavini Xoren Qriqoryandır ki, M.C.Bağırovun məhkəməsində üzə çıxarılan gizli məktubunda qohumlarına hesabat verirmiş ki, neçə türkü məhv edib.
Elə M.C.Bağırovun məhkəməsində haqqında ölüm hökmü çıxarılan həmin bu Xoren Qriqoryan vaxtilə Bağırova belə bir raport vermişdi.
“Rəfibəyova Cəvahir xanım 1888-ci il təvəllüdlü. Keçmiş Gəncə general-qubernatoru, sovet hökuməti tərəfindən 1920-ci ildə güllələnmiş X.Rəfibəyovun arvadıdır. Oğlu Rəşid son vaxtlaradək Moskvada təhsil alırdı, ikinci oğlu Kamil müsavatçıdır, Türkiyəyə mühacirət edib. Hazırda Kars şəhərində yaşayır. Türk ordusunda xidmətdədi. Müsavatın İstanbul komitəsi və türk kəşfiyyatı ilə əlaqədar SSRİ-yə qarşı fəal kəşfiyyat işi aparır.
Qızı Nigar Xudadat bəy qızının indi Türkiyədə mühacirətdə yaşayan iki əmisi var. Ana və qız 1936-cı ilə qədər xariclə yazılı əlaqə saxlamışlar. Hazırda sovet hökumətinə qarşı düşmən münasibətdədilər.
Sürgün edilsinlər. Qriqoryan”.
Bu məşum sənədə Mir Cəfər Bağırov “Оставить!”, yəni “saxlansınlar” dərkənarı qoyub. Artıq tanınmış bir şair olan Rəsul Rzaya vaxtaşırı xoş münasibət bəsləməsindənmi, ya kefinin hansısa duru vaxtında günahsız bir ailəni dağıtmaq istəməməsindənmi belə bir qərar verib. Kim bilir? Hər halda bu cümləylə bir ailənin neçə nəslinin taleyini həll edib. Çünki elə bu vaxtlarda – 40-cı illərin sonunda yeni sürgünlər kampaniyası başlamışdı və anamın doğma dayısı aqronom Fərrux bəy Rəfibəyli arvadı Rəxşəndə xanımla bir yerdə Sibirə sürgün olunmuşdular. M.C.Bağırovun xilasedici dərkənarından xəbərsiz Nigar xanım anası Cəvahir xanımın da sürgün ediləcəyinin qorxusu içində bütün günü nənəmgildə olurdu. Gecə evə gəlir, səhər açılan kimi nənəmə zəng edib, guya ki, nəvəsi Rüstəmin qızdırmasını soruşurdu, Cəvahir xanımın bu gecədən də salamat çıxmasını bilib bir günlük sakitləşirdi. Bütün bunları çox yaxşı xatırlayıram. Axı artıq on yaşındaydım. Valideynlərimin təlaşları, evimizə gələn hər nabələd adamı “yonca” saymaları, xısın söhbətlər – hamısı yadımda qalıb (“Yonca” hər yerdə bitir. Bu söz ancaq bizim ailəmizdə ÇK agentlərinə aid edilən məxfi söz kimi işlənirdi).
Uşaqlıq illərimdən yadımda qalan bu ailə təlaşlarının, nigarançılıqların əbəs olmadığı çox sonralar aşkarlıq dövründə açılan sənədlərlə təsdiq olundu.
(Tarix elmləri doktoru professor Eldar İsmayılov “Mərkəz” qəzetində (16-23 fevral 2000) dərc etdirdiyi “Tariximizin “şanslı dövrü” adlı yazısında o vaxtın bəzi sənədlərini gətirir. Həmin sənəd 1950-ci il oktyabrın 6-da tərtib olunub. Türkiyəyə qarşı təəssübkeş olan şəxslər və Türkiyədə qohumları yaşayan məsul işçilər və ziyalılar barəsində təkliflər:
“Rəsul Rza – Yazıçılar İttifaqının üzvü, çekist nəzarətinə alınsın”.
Çekist nəzarətinə alınan Rəsul Rza həmin siyahıda adları olan və şübhəli sayılan 18 ziyalı və məsul işçilərdən biridir.
Tutalım, bu, Stalin dövrünün fəsadlarıdır. Stalinin ölümündən və onun ifşasından çox-çox illər keçir və Azərbaycan DTK-sının məsul işçisi, sonralar sədri olan general İlhüseyn Hüseynov Rəsul Rza haqqında “dəniz qırağı”na verilən donoslardan söz açır:
“Əgər səmimi etiraf etsək, yazıçıların özlərinin donoslarına görə süni surətdə Rəsul Rzanı dissident eləməliydik. Donos verirdilər ki, o, Türkiyəyə meyillidir, şeirlərində türk sözlərindən istifadə edir. Yeri gəlmişkən, donosçuların arasında elələri də vardı ki, indi Türkiyəyə alovlu məhəbbətini və sədaqətini bəyan edir, deyir ki, biz qardaşıq. Yalnız DTK əməliyyat işçilərinin və rəhbərliyinin Azərbaycan KR MK tərəfindən dəstəklənən inadı bu görkəmli insanı, həqiqi Azərbaycan vətənpərvərini elə öz kolleqalarının təqibindən xilas etdi”.
(Əsildar Hüseynovun “Kəşfiyyat generalı ilə müsahibə” kitabından)
Ta 1953-cü ilin martında Stalinin ölümünə qədər bir çox başqa ailələr kimi, bizim ailələrimiz də “çekist nəzarəti altında” hər an tutulmaq ya dağılmaq kabusunun kölgəsində yaşamışlar. Atamın dediyinə görə, M.C.Bağırov ovqatının bir dəmində “Müşfiqi nahaq verdim” deyirmiş, gah da yazıçılara xitab edərək “Sizə bir divan tutacam ki, 37 yalan olacaq”, – deyə hədələyirmiş.
Stalinin ölümü və bundan az sonra Bağırovun devrilməsi Səməd Vurğunu mümkün təhlükələrdən xilas etdi, amma eyni zamanda, yaradıcılıq irsinin Stalinlə bağlı xeyli hissəsini dövrədən çıxartdı. Bu barədə şairin oğlu Vaqif Səmədoğlunun “Məndən sonra dəniz qalacaq” adlı kitabında belə bir qeyd var:
“XX qurultaydan sonra tez-tez depressiyaya düşən Aleksandr Fadeyev ümidsiz bir diaqnozla Kreml xəstəxanasında yatırdı. Macar şairi Antal Gidaş ona baş çəkməyə gələndə onun necə sönük gözlərlə baxdığını və qəm-qüssə içində suallar verdiyini xatırlayır: “Bizim axırımız necə olacaq? Qonşu palatada Səməd Vurğun ölüm ayağındadır. Onun yaradıcılığının böyük bir hissəsi heç olacaq. Doğrudanmı, biz yanlış yaşamışıq?”
A.Fadeyev öz sualına cavab tapmadığına görə intihar etdi. Rəsmi təbliğat bunu yazıçının içki düşkünlüyüylə izah etdi və uzun zaman onun intihar ərəfəsində yazdığı məktubu gizli saxladı.
Artıq Bakıda öz evində sağalmaz xəstəliyə düçar olmuş Səməd Vurğunun yubileyinə toplaşmış qonaqlardan, o cümlədən, Simonovdan şair: “Kak Saşa?” – deyə soruşurmuş.
Bu vaxt Saşa – Aleksandr Fadeyev artıq dünyada yoxdu.
Amma Fadeyevin Səməd Vurğunun yaradıcılıq irsinin böyük qisminin heç olması fikri düz çıxmadı. Əvvəla, Vurğunun Stalinə, partiyaya həsr etdiyi əsərlərin də çoxusunun bədii dəyəri danılmazdır. Bunlar indi qapalı qalsa da, haçansa siyasi yox, bədii cəhətdən tətqiq olunacaqlar. İrsinin böyük hissəsi pyesləri, bir çox poemaları, o cümlədən, “Komsomol poeması”, şeirlərinin önəmli qismi ədəbiyyatımızın sərvəti olaraq qalacaqdır.
***
Təbii ki, mən bu təlaşlar, nigarançılıq barədə öz ailəmizin timsalında daha ətraflı yazıram, çünki bütün bunların canlı şahidiyəm. Amma istər sonralar açılmış sənədlərdən, yazılı mənbələrdən, istərsə Xavər xalanın, Yusifin, Aybənizin, Vaqifin söhbətlərindən Səməd Vurğun ailəsinin də necə səksəkəli günlər yaşamaları haqqında çox təfərrüatlar bilmişəm.
Xavər xala danışırdı ki, hələ otuzuncu illərdə Səmədi bəzən bütün gecə ta səhərəcən məlum idarəyə “söhbətə” çağırırlarmış. Bilmirdik ki, səhər qayıdacaq, ya birdəfəlik aparacaqlar.
Dövrün izahsız paradoksu ondaydı ki, bir tərəfdən Səməd Vurğun heç kəsin çata bilmədiyi bir şöhrətə malik idi. Xalq sevgisindən başqa hökumət tərəfindən də təqdir olunurdu. Vaqif Səmədoğlu atası haqqında xatirələrdə Səməd Vurğunun Bağırovun hakimiyyəti dövründə ən yüksək mükafatları, adları, ordenləri aldığından, SSRİ Ali Sovetinin bütün çağırışlarda deputatı seçilməsindən, illərlə Yazıçılar İttifaqına rəhbərlik etməsindən yazır. Səməd Vurğun 39 yaşında 29 yaşlı Mirzə İbrahimovla birlikdə Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən olur. Vaqif danışırdı ki, indi Atatürk Mərkəzi yerləşən ovaxtkı Ziyalılar evini Bağırov Səməd Vurğuna mənzil kimi təklif edibmiş: Müxtəlif yerlərdən hörmətli qonaqların çox olur, – deyirmiş. Ancaq Xavər xalanın qəti etirazına görə (bu boyda ev nəyimizə gərəkdir?) şair bu töhfədən imtina edir. Danışırdılar ki, o vaxt Kişi Səmədə qaz göndəribmiş. Səməd Vurğun özünə məxsus yumorla “bu, qaz deyil, ilham qanadlarıdır”, – deyirmiş.
Və – (təzad da budur) – elə həmin illərdə şairin hər addımı məlum orqanlar tərəfindən diqqətlə izlənirmiş. Bundan da betər, onu müxtəlif şəkildə təxribatlara çəkmək, ondan gələcək ittihamlarçün söz almaq təşəbbüsləri də ardıcıl şəkildə davam edirmiş.
O çətin dövrlərdə şairi sığorta edən amillərdən biri də Bağırovun onu Stalinə təqdim etməsi olub. Şair Stalinin hüzurunda “Rəhbərə salam” şeirini oxuyub. Amma “Çadrasız, boyasız türk qızlarından salam gətirməsi”, “türk” sözü baha başa gəlib, Stalin “Siz türk deyilsiniz, azərbaycanlısınız” deyə hələ də içindən çıxa bilmədiyimiz bir hökm verib. Əlbəttə, bunda Səməd Vurğunun heç bir təqsiri yoxdu. O illər millətimizin adı rəsmi şəkildə türk adlanırdı.
Amma həm xalq arasında qeyri-adi şöhrəti, həm Bağırovun hər halda xoş münasibəti və Stalinlə tanışlığın sığortası şairi arxayınlaşdırmayıb, hətta o, triumf illərində də nigarançılıq, təhlükəli məqamlar içində yaşayıb və bu barədə hamıdan dəqiq özü deyib:
Artıq can üstəyəm, artıq ölürəm,
Şöhrətim quru bir sözdur, “a dostlar”.
Müxtəlif dövrlərdə Səməd Vurğunu gah əzizləyib, gah hədələyən Bağırovun ona münasibəti 50-ci illərin birinci yarısında tamamilə dəyişir.
Əvvəlki bir çox illərdə Səməd Vurğunu yetərincə dəyərləndirən, qaldıran, ona mükafatlar, adlar verən, Stalinə təqdim edən Mir Cəfərin son illərdə şairə münasibəti kəskin şəkildə başqalaşır.
Onu güdməkdən başqa hədələyirmiş. Bu, bəlkə şairin gündən-günə artan şöhrətiylə, hətta Londona, Berlinə səfərlərindən sonra beynəlxalq miqyasda tanınmasıyla və Kişinin buna qısqanc münasibətilə bağlıdır. Bəlkə də ayrı faktorlarla, tutalım, Fadeyevlə dost olmasıyla əlaqədardır. Bu barədə Türkiyəyə birgə səfərimiz zamanı mənə Səməd Vurğunun yaxın dostu Konstantin Simonov da danışırdı. Konstantin Mixayloviç deyirdi ki, o illər Səməd Moskvaya gələndə Fadeyevə və mənə Bağırovdan şikayətlənirdi. Bağırovun onu təqib etməsindən danışırdı.
Mir Cəfərin Səməd Vurğuna münasibətinin dəyişməsinin səbəbi Fadeyevlə yaxın dostluğu ola bilər. Çünki Bağırov həmişə ziyalıların, özəlliklə yazıçıların onun başı üstündən Moskva qələm sahibləriylə yaxın əlaqələr qurmalarına qısqanc münasibət bəsləyirmiş. Elə Heydər Hüseynov müsibətinin səbəbi də onun Kişidən xəbərsiz kitabının Fadeyev tərəfindən Stalin mükafatına layiq görülməsiydi. Sovet tarixində bəlkə yeganə dəfəydi ki, Stalinin imzasıyla Stalin mükafatına layiq görülmüş əsərin mükafatı ləğv olunurdu. Az sonra görkəmli alim intihar etdi.
Heydər Hüseynov faciəsindən sonra Bağırov Fadeyevə açıq düşmən münasibəti bəsləməyə başladı. Partiyanın XIX qurultayında Bağırovun tənqidiylə razılaşmayan və ona cavab qaytaran Fadeyev sonrakı iclasda Mir Cəfərdən üzr istəməli olmuşdu. Burda, əlbəttə, Beriya faktorunun da əhəmiyyəti vardı. Bağırovun Beriyayla yaxın dostluğu Azərbaycan ziyalıları üçün daha bir təhlükə mənbəyi idi. Doğrudanmı, bəzilərinin dediyi kimi, əllinci illərdə Səməd Vurğunun həbs olunmaq təhlükəsi vardı? Bəziləri hətta onun qısa müddətdə olsa da tutulmasından bəhs edirlər. Nə atamgildən, nə Səməd Vurğun ailəsinin yaxın olduğum üzvlərindən bu barədə heç bir vaxt heç bir söz eşitməmişdim. Əgər, doğrudan da, əllinci illərdə şair lap bir gün belə həbs olunsaydı, bu xəbər məxfi qala bilməzdi.
Məhkəməsində Bağırova bu sualı verəndə, o: “Səməd Vurğunu tutmaq istəsəydim, tutardım” cavabını verir.
Axı SSRİ adlanan ölkədə siyasi həbslər də fərdi xarakter daşımırdı, kampaniyalarla əlaqələndirilirdi. Moskvada tutatut başlasaydı, şübhəsiz, Azərbaycanda da bunun qurbanları olardı. Amma Bağırov, məsələn, bir vaxtlar ərköyünü sayılan, haqqında “hazır ideoloji katibdir” dediyi Heydər Hüseynova münasibəti kökündən dəyişəndən sonra “səni məhv edəcəm” desə də, onu tuta bilmədi. Amansız mənəvi işgəncələrlə böyük alimi intihara sövq etdi. Ola bilsin ki, Səməd Vurğuna qarşı da belə taktika nəzərdə tutubmuş. Buna sübut odur ki, hətta öz məhkəməsində belə Səməd Vurğuna qarşı siyasi ittihamlar irəli sürür.
1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: “Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad olub geri dönmələrinin bir yolunu tapmaq olmazmı?” Ondan ötrü ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə “Musavat” partiyasının liderlərindən idi (Bu, düz deyil – A.). Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir. Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm. O, necə vardısa, görünür, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardır”.
Təbii ki, bütün bu izləmələr, təhlükələr, kabuslar Səməd Vurğunun və onun ailəsinin başının üstündə qara buludlar kimi toplaşırmış.
Göründüyü kimi, edam ayağında belə M.C.Bağırov yanlış əqidələrindən və yalan üzərində qurulmuş ittihamlarından əl çəkmir. Əvvəla, Hüseyn Cavid də, Abbas Mirzə də “Müsavat” partiyasının nəinki lideri, heç üzvü də olmayıblar. İkincisi, Vurğunu “xalq düşməni” elan olunmuş H.Cavidin tələbəsi kimi səciyyələndirmək, onun hələ də qatı millətçi kimi qalmasını söyləmək yeni siyasi donos idi. Axı Bağırovun məhkəməsi zamanı nə Stalinin bəd əməlləri ifşa olunmuşdu, nə də “xalq düşmənləri” günahsız insanlar kimi bəraət almışdılar. Deməli, məhkum kürsüsündən belə Bağırov Səməd Vurğuna meydan oxuyur, onu sovet quruluşunda hələ də müdhiş kabus kimi yaşayan “millətçilik”də suçlayır və kimdənsə intiqam almaq istəməsinə işarə vurur.
Bunun müqabilində Səməd Vurğun Bağırovun məhkəməsində şahid sifətində onu ifşa etmək təklifindən imtina edir, məhkəmədə iştirak və çıxış etmir. Bu, şairin rəftarı, bu da “kişi”nin hərəkəti.
Kişinin Səməd Vurğunla ən xoş münasibətləri olduğu vaxtlarda belə “Bağırov rejimi”nin şairə qarşı hansı üsullarla davranmasının çox sayda örnəklərindən biri də yazıçı Süleyman Vəliyevin xatirələrində əks edilib. Vətən müharibəsində əsirlik taleyini yaşamış, sonra da bu suçdan Sibir sürgününün acısını çəkmiş Süleyman Vəliyev Birliyin rəhbəri olduğum zaman mənim təklifimlə başına gələnlər haqqında “Qanadı sınmış quş da uçarmış” adlı sənədli roman yazdı. Romanda müharibə illərində Səməd Vurğunun onun ailəsinə maddi və mənəvi yardımını minnətdarlıq hissiylə xatırlayan Süleyman Vəliyev sürgündən dönəndən sonra təhlükəsizlik orqanlarına çağırıldığını xatırlayır:
Məni sorğu-suala çəkən müstəntiqin bu sözləri indi də qulağımdadır:
“Səməd Vurğunun evinə gedin. Ona ağır həyatınızdan danışın. O. ürəyi rəhmlidir, kömək edər… Ona yeni əsərlərinizi oxuyun, elə edin ki, ürəyi sizə qızsın… Söhbətarası eşidəcəksiniz ki, o, millətdən danışır, pantürkistləri müdafiə edir və sonra... Bu sözləriniz bizə çox lazımdır. Mən qəti etirazımı bildirdim”.
“Azərbaycan” jurnalı, 1988, № 3
Səməd Vurğunun yaxşılıqlarını unutmamış Süleyman Vəliyev bu “iblis” tapşırığını, təbii ki, yerinə yetirməyib.
Ömrünün müxtəlif illərində özünə qarşı təxribatlar gözləyən şairin bu məsələyə son dərəcədə həssaslıqla, ayıq-sayıq yanaşması bəzən istənilməyən nəticələrə də gətirib çıxarırdı.
Tarixçi Nəsiman Yaqublu “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” kitabında məlumat verir ki, Azərbaycan Dövlət Universitetinin tələbəsi Gülhüseyn Abdullayev (sonralar Gülhüseyn Hüseynoğlu adı ilə tanınan Xalq yazıçısı) və İsmixan Rəhimovun təşəbbüsü ilə “İldırım” təşkilatı yaradılır.
“Başlıca məqsədi Azərlaycan Sovet Respublikasının Konstitusiyasında təsbit olunmuş Azərbaycan dilinin dövlət dili olması ilə bağlı mübarizə aparmaqdır”.
N.Yaqublu qeyd edir ki, “İldırım”ın təşkilatçıları Səməd Vurğuna imzasız gizli məktub yazaraq azyaşlı uşaq vasitəsilə şairə çatdırırlar. Onlar düşünürlərmiş ki, S.Vurğunun razılığını alıb onu bu təşkilatın rəhbərliyinə cəlb edəcəklər.
“Məktub Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının əlinə düşür”.
Ekspertər məktubun İsmixan Rəhimov tərəfindən yazıldığınımüəyyənləşdirirlər. İsmixan və təşkilatn digər üzvləri həbs olunurlar. İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, Hacı Zeynalov 25 illik həbs cəzasına, qalan üzvləri 10 illik həbsə məhkum edilirlər.
Yazıçılar Birliyinin rəhbəri kimi mənim təqdimatımla Xalq yazıçısı adını almış Gülhüseyn müəllim Səməd Vurğuna göndərdikləri məktub haqqında danışırdı ki, məktubda belə bir işarə var idi: əgər S.Vurğun təkliflərinə razıdırsa, yaxın günlərdə qəzetlərdə Azərbaycanla bağlı yeni bir şeir yazıb çap etdirsin və o zaman təşkilatçılar onun razı olduğunu biləcəklər.
Gülhüseyn müəllim (eləcə də tanış olduğum İsmixan Rəhimov) bu məktubun dövlət təhlükəsizlik orqanlarının əlinə keçməsinə görə heç vaxt S.Vurğunu günahlandırmırdılar, ona daima böyük hörmətlə yanaşırdılar. Onsuz da hər addımı izlənilən şair bu məktubu elə həmin orqanların onu tələyə salmaq üçün təxribat xarakterli aksiya olduğunu əsaslı şəkildə zənn edə bilərdi.
Bu hadisə Nazim Hikmətlə bağlı bir əhvalatı yadıma saldı. Nazim həbsdən azad olunandan az sonra bir gün əmniyyət işçilərindən bir cavan zabit onun evinə gəlir və şairin heyranı olduğunu söyləyir, hansı kitabları oxuması haqqında şairdən məsləhət almaq istəyir. Nazim bu zabiti xüsusi tapşırıqla göndərmiş provokator sayaraq onu qovur və bu barədə polisə telefon açır ki, məndən niyə əl çəkmirsiniz? Nazim Hikmətin həqiqətən pərəstişkarı olan və heç bir bəd niyyət güdməyən gənc zabit cəzalandırılır. Nazim bu “təqsirsiz xəta”sını hər zaman böyük təəssüf hissiylə xatırlayırdı.
Nəsiman Yaqublu dövlət təhlükəsizlik orqanlarının xaricdəki, özəlliklə Türkiyədəki təşkilatlarla Azərbaycandakı ziyalıların hər hansı münasibətlərini diqqətlə izləmələrini xüsusi qeyd edir.
O vaxt Azərbaycanın dövlət təhlükəsizlik naziri Yemelyanovun imzaladığı arayışda deyilir: Amerikanların və ingilislərin tapşırığı ilə müsavatçıların yaratdıqları yeni antisovet təşkilatlar Sovet İttifaqının qatı düşməni olan xarici kəşfiyyatların agentləri Məhəmməd Əmin Rəsulzadə, Mir Yaqub Mehdiyev, Rəfibəyov qardaşları və digərləri tərəfindən idarə olunur (Rəfibəyov qardaşları babam Xudadat bəy Rəfibəylinin əmisi oğulları – Səməd bəy və Eyyub bəydir – A.).
Səməd Vurğun ailəsində də, Rəsul Rza ailəsində də, əlbəttə, bir çox başqa ailələrdə yetişən uşaqlar məhz bu qorxunun, vahimənin, yaxınlarını itirmək xofunun içində boya-başa çatıblar.
Bu uşaqların hansı ildə doğulmasından asılı olmayaraq, 1937-cı ilin müdhiş kabusu onların doğum ili sayıla bilər. Bu kitaba daxil etdiyim “O gecənin səhəri” hekayəm elə bu barədədir.
Amma ömrümüz boyu ayıqlıqda da, xəyallarımızda da, yuxularımızda da bizi daima təqib edən bu kabus haqqında ən ifadəli misraları Vaqif Səmədoğlu yaradıb:
yenə kəsib ümid keçən yolları
tikilməmiş türmələrin hörülməmiş hasarı.
Elə ömrümüzün böyük hissəsi, ən yaxşı illərimiz “tikilməmiş türmələrin hörülməmiş hasarları”nın kölgəsində keçmədimi?
Aprel, 2024
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)