Səməd Vurğun Ənvər Məmmədxanlının “Şərqin səhəri” tamaşası barədə Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN,ŞƏRQİN SƏHƏRİ

 

Əzizbəyov adına Azərbaycan Dövlət Teatrı səhnəsində Azərbaycanın ən yaxşı yazıçılarından biri olan Ənvər Məmmədxanlının Böyük Oktyabr Sosialist İnqilabının 30 illiyinə həsr olunmuş "Şərqin səhəri" pyesinin ilk tamaşasına böyük həvəslə baxdım.

"Şərqin səhəri" 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyətinin qurulmasından bəhs etdiyindən əsərin mövzusu Azərbaycan ədəbiyyatı üçün çox aktualdır. Hərçənd Azərbaycan dramaturgiyasında Azərbaycan xalqının inqilabi tarixini təsvir edən əsərlər az deyildir, lakin həmin şanlı dövrü işıqlandıran pyesin olmaması ədəbiyyatımızda böyük bir boşluq kimi görünürdü.

Ənvər Məmmədxanlı mürəkkəb, siyasi və ictimai təzadlarla dolu olan hadisələrin təsvirinə cəsarətlə girişmişdir. Mövzu son dərəcə mürəkkəb və məsuliyyətli olsa da, müəllif tərəfindən ideyaca düzgün həll olunmuş, lazımi bədii yüksəkliyə qaldırılmışdır. Pyesin yüksək ideyası və bədii keyfiyyətləri bizə haqq verir deyək ki, bu əsər Azərbaycan dramaturgiyasında ən yaxşı əsərlərdən biridir.

Pyesdə bir tərəfdən Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda Lenin partiyasının rəhbərliyi altında Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi, gənc Sovet Rusiyasının Azərbaycan xalqına köməyi göstərilmiş, digər tərəfdən, ingilis müdaxiləçilərinin müstəmləkəçilik siyasəti amansızcasına ifşa edilmişdir.

Pyesdə ingilis imperialistlərinin Qafqazı, ilk növbədə isə Azərbaycanı Sovet Rusiyasından ayırmaq kimi alçaq niyyəti aydın və inandırıcı göstərilmişdir. Lakin daxili əksinqilabçıların nifaqına və ingilis imperializminin alçaq fitnə-fəsadlarına baxmayaraq, Azərbaycan xalqı və onun görünməmiş məşəqqətlərə dözmüş Bakı proletariatı kimi avanqardı vaxtında və fədakarcasına hərəkət edərək – Sovet Rusiyasına qardaşlıq əlini uzadır – Həştərxana benzin yola salır. Özü də bu kömək o zaman əksinqilabi qiyamı yatırmaqda Qızıl Orduya çox vacib idi.

Müəllif Şərqdə proletar inqilabı və milli-azadlıq bayrağını ilkin qaldıran Azərbaycan xalqını vətəndaşlıq iftixarı və sovet vətənpərvərliyi hissi ilə tərənnüm edir.

“Şərqin səhəri” pyesi belə bir tarixəzidd əksinqilabi uydurmanı da inandırıcı şəkildə rədd edir ki, guya inqilabı Azərbaycan xalqı özü eləməmişdir, guya inqilab Azərbaycana kənardan gətirilmişdir.

“Şərqin səhəri” pyesinin Sovet Şərqi uğrunda partiyamızın apardığı tarixi mübarizənin ən lazımlı bir dövrünü doğru-düzgün və sənətkarlıqla göstərdiyini, Azərbaycanda inqilabın Böyük Oktyabrın bəhrəsi olduğunu sübuta yetirdiyini nəzərə alsaq, onda aydın olar ki, bu pyes öz ideyası və mövzusuna görə Azərbaycan milli ədəbiyyatı çərçivəsindən kənara çıxır və bütün sovet dramaturgiyasının nəzər-diqqətini cəlb edir.

Müəllifin xidməti ondadır ki, o, Bakı və Azərbaycanda inqilabi hərəkatı məhdud bir milli hadisə kimi deyil, Leninin və böyük rus xalqının dühası ilə yaranmış Böyük Oktyabr Sosialist İnqilabının üzvi bir hissəsi kimi mənalandırır. General Tomsonla bolşevik Fərhad arasındakı dialoqda oxuyuruq:

General Tomson: – Bakı! Bakı! Bakının gurultusu bütün Yaxın Şərqin yuxusunu qaçırmışdır. Bu şəhər susmasa, birdəfəlik səsini qeyb edəcək!

Fərhad: – Tarix boyu hansı ölkədən insanı azadlığa çağıran bir səs yüksəlibsə, siz dərhal onu boğmağa yüyürmüsünüz! Lakin artıq bu, mümkün olmayacaq. Sabah Bakının ardınca bütün Şərq elləri sizin üstünüzə qalxacaq!

General Tomson: – Avropanın hamisi, Qərbin lideri olan London qarşısında Bakının üsyanı ən azı ağılsızlıqdır.

Fərhad: – London qarşısında Bakı tək deyil, general. Qızıl Moskva bizim dayağımızdır.

General Tomson: – Moskva bütün ölkələrə qiyam və üsyan toxumu səpir. Bizim idealımız humanizm, Qərbin uca idealı isə demokratiya və əmin-amanlıqdır.

Fərhad: – Qərb demokratiyasının riyakarğı artıq köhnəlmiş silahdır, general. Humanizmdən dəm vuran müstəmləkəçilər qanlı əllərini ağ əlcəklərdə gizlədə bilməyəcəklər!

Sergey Mironoviç Kirov obrazını müəllif böyük ehtiram və məhəbbətlə yaratmışdır. Gözümüzün qabağında Həştərxanda XI Qızıl Orduya rəhbərlik etmiş S.M.Kirovun – kommunizm uğrunda çarpışan bir insanın, inqilab tribununun mərd obrazı canlanır. Kirov bolşevikə məxsus prinsipiallıq və cəsarətlə hər cür çətinliyi aradan qaldırır, öz yoldaşlarını qəhrəmanlığa, fədakarlığa ruhlandırır. Bu nəhəng inqilab xadimi mübarizədə yoldaşlarına qarşı özünün şəxsi cəsarəti və igidliyi ilə, təvazökarlığı ilə, qayğıkeşliyi və məhəbbəti ilə bizi valeh edir.

Pyesdə biz görürük ki, S.M.Kirov Həştərxandan Bakı bolşeviklərinə rəhbərlik etməklə, Həştərxan cəbhəsində Denikin generallarının darmadağın olunmasını təşkil etməklə proletar inqilabının böyük nəzəri məsələlərini inqilabçı kütlənin əməli mübarizəsi ilə necə də bacarıqla əlaqələndirir. Özünəməxsus bir sayıqlıqla o, Trotskinin Həştərxanı qvardiyaçılara təslim etmək barədəki xəyanətkar əmrinə tabe olmur və beləliklə də, həmin şəhərdə sovet hakimiyyətini xilas edir.

Proletar inqilabının mahiyyəti və xalqlarımızın sovet hakimiyyəti uğrundakı mübarizəsi pyesdə qırmızı bir xətlə keçir. Biz böyük rus xalqının, Azərbaycan, gürcü, erməni və digər xalqların ən yaxşı övladlarının inqilab uğrunda birgə mübarizəsinin şahidi oluruq... Bu pyes gənclərimizi Lenin dostluğu, xalqlar qardaşlığı ruhunda tərbiyə edir.

Müəllif Bakı fəhlə sinfı nümayəndələrinin ümumiləşmiş obrazını yaratmağa nail olmuşdur. Azərbaycanlı fəhlə Fərhad və rus qızı Nataşa obrazlarında biz inqilabçı proletariatın xarakterik cəhətlərini, onun işıqlı və möhtəşəm ideallarını, xalqın düşmənləri ilə, əksinqilabla mübarizədəki sarsılmaz iradəsini görürük. Bu adamlar hər şeydən keçməyə, kommunizmin təntənəsi uğrunda həyatlarını belə qurban verməyə hazırdırlar.

Fərhad deyir: “Mən dünyada hər şeydən keçərəm, təkcə zəhmətkeş bəşəriyyətin səadəti naminə gedən mübarizədən başqa”. Fərhad və Nataşa obrazları timsalında biz yeni dünyagörüşün nümayəndələrini, zəmanəmizin qabaqcıl sinfinin fəlsəfəsini, həmin sinfin mənəvi aləmini, humanizm və coşqun həyat sevgisini, xalqın səadətini xalqlar qardaşlığı ruhunda tərbiyə edir və azadlığını boğan düşmənlərə – imperialistlərə, müstəmləkəçilərə və hər cür kapitalistlərə qarşı sonsuz nifrətini və barışmaz düşmənçiliyini görürük.

Bütün bunlarla yanaşı, müəllif sovet hakimiyyəti düşmənlərinin kapitalist Ağalarov, ingilis general Tomson, daşnaklar, menşeviklər və başqalarının da mövqeyini doğru-düzgün vermişdir. Bu tüfeylilərin hamısı bədbəxtlik və rəzillik mücəssəməsi kimi, miskin eqoistlər kimi, özlərinin xırda, şəxsi ehtiraslarının qulu kimi, öz xalqının mənafeyini satanlar kimi bir-bir tamaşaçının gözü qarşısında canlanır.

Pyesin möhkəm süjet xətti, onun qəhrəmanlarının parlaq və gerçək obrazı, gərgin dramatik situasiyası və konflikti, dilinin xəlqiliyi və şairanəliyi əsəri geniş xalq kütləsinin malı etmişdir.

Tamaşaçıların pyesi hərarətlə qarşılaması fikrimizi bir daha təsdiq edir.

“Şərqin səhəri” pyesi bir də ona görə qüvvətlidir ki, ordakı hadisələr və xalq kütlələrinin inqilabi hərəkatı sxematik-xronikal planda verilməmişdir. Müsbət qəhrəmanların arzu və düşüncələrində, onların fədakar əməllərində, iradəli və ideyalı adamların xarakterində bizim ümumxalq inqilabımıza məxsus və yeni, xüsusi biçimli insanlar olan bolşevik qəhrəmanların xarakterindəki inqilabi pafos və romantik vüsət bədii cəhətdən öz əksini tapmışdır.

Mübaliğəsiz deyə bilərik ki, “Şərqin səhəri” pyesi aşağıdakı fikrimizə ən yaxşı sübutdur: inqilabi romantizm olmadan kamil sosializm realizmi əsəri yaratmaq mümkün deyil.

Azərbaycan SSR Xalq artisti Adil İsgəndərovun bir quruluşçu rejissor kimi təcrübəsi və teatrın yaradıcı kollektivinin əməyi sayəsində Ə.Məmmədxanlının bu gözəl pyesinin poetik və inqilabi mahiyyəti böyük ustalıqla açılmışdır.

Şübhə etmirik ki, “Şərqin səhəri” pyesi inqilabımızın və dövlətimizin tarixini təsvir edən ən yaxşı bədii abidələrdən biri kimi teatrlarımızın repertuarlarında uzun illər yaşayacaqdır.

"Ulduz" jurnalı, 1984, №3

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.