Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
NİGAR RƏFİBƏYLİ
MƏNİ DƏNİZ GÖZLƏYİR
Məni yoldan eləməyin,
məni dənizim gözləyir.
Dalğaları gümüş kimi
o xoş bənizim gözləyir.
Hər gün bir libas geyinir,
gah şal, gah atlas geyinir.
Məxmər geyir qış fəslində,
yaşıl donu az geyinir.
Qəzəblənir insan kimi,
kədərlidir cahan kimi.
Bəzən də məst olub qalır,
tez dəyişir dövran kimi.
Hərdən eşqin xoş rüzgarı
əsib könlümü aldadır.
Məni yoldan eləməyin,
dənizin gözü yoldadır.
Sevdalı, gözəl dənizim,
sənə bulud kölgə salır.
Canım səndən ayrılsa da,
məhəbbətim səndə qalır.
Kinin, nifrətin də açıq,
eşqin, niyyətin də açıq.
Gözlə məni, canım dəniz,
gülə-gülə sahilə çıx.
Dostumla baş-başayam,
bircə dəyməyin mənə,
Dənizimlə qoşayam,
bircə dəyməyin mənə.
Dəniz dərdi ovudar,
sakit edər insanı.
Dənizin çox gücü var,
dəniz sevir tufanı.
Səni oxşayar dəniz
nazlı körpələr kimi.
Bəzən qovar yanından,
qovar dərbədər kimi.
Tufanlı, canlı dəniz,
min bir lisanlı dəniz.
İnsan kimi vəfalı
və istiqanlı dəniz.
Bircə dəyməyin mənə,
dostumla baş-başayam.
Bircə dəyməyin mənə,
mən dənizlə qoşayam.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)