Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
QƏZƏLLƏR
Könlün yenə min dərdinə bir çarə tapılmaz,
Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
Axşam qızaran göylərə endikdə qaranlıq
Könlüm evini yandıran odlarə tapılmaz.
Bir incə gülün, bir çiçəyin aşiqiyəm mən,
Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.
Çıxdım gecələr seyrinə ahəstə o mahın,
Gördüm ürəyimtək alışan narə tapılmaz.
Aşiqlərə sordum, dedilər: Ey qəmi-pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.
Min tən eyləyib eşqinə, öldürdü Nigarı,
Bilməm necə oldu o gözü qarə tapılmaz.
***
Unudulmuş da, atılmış güli sevda kimiyəm,
Gözlərindən çəkilən bir dəmi-röya kimiyəm.
Hicr əlindən ürəyim qanə dönər şamü-səhər,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.
Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın,
Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.
Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.
Sənə bel bağladım, atdın məni, ey munisi can,
İndi sənsiz yaşaram, tariki-dünya kimiyəm.
Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)