Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.
Sindh Courier — bu, Pakistanın Sind əyalətinə əsaslansa da, qlobal diqqəti cəlb edən onlayn xəbər jurnalıdır (veb əsaslı xəbər dərgisi). Saytda təkcə Sind əyaləti deyil, həm də bütün dünyada baş verən hadisələrə dair təhlili məqalələr, ictimai-hüquqi, təhsil, səhiyyə, mədəniyyət və texnologiya bölmələri mövcuddur.
Sindh Courier saytı sosial müdafiə, səhiyyə, təhsil, incəsənət, mədəniyyət, ədəbiyyat və siyasət kimi geniş mövzuları işıqlandırır. Saytda jurnalistik, bədii və analitik yazılara xüsusi diqqət yetirilir.
Azərbaycanlı şair-publisist, araşdırmaçı-yazar, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru Əkbər Qoşalı ilə müsahibəm Sindh Courier-də dərc edilibdir və mən məmnuniyyətlə həmin müsahibəni azərbaycanlı oxucuların da oxumasını istəyirəm.
1. Keçmişlə bu gün arasında dayanaraq, bu yola necə bir ruhi tərif verərdiniz? Bu yol sizi necə bir insana çevirdi?
- Müsahibə üçün, müsahibəyə belə bir sualla başladığın üçün sözümə təşəkkürlə başlamaq istərdim. Çox sağ ol! Zamanında Anadolunun ozan ruhu olmuş Aşıq Veysəl deyərmiş:
“Uzun, incə bir yoldayım,
Yürüyorum gündüz-gecə”...
Bir yandan da, mənim rəsmi soyadım Yolçuyev, ən çox sevdiyim şüar isə “ortaq keçmişdən- ortaq gələcəyə!” kəlamıdır.
Beləliklə, dediyin keçmişlə bu gün arasındakı yolu mən, sonsuz bir sahildə yürüyüş kimi görürəm. Görürəm, Abay demiş, “Atəş də, buz da var yanaqlarında”…
Su torpaqla, qayalarla rəqs edər, bəlkə onlara nəğmə deyər, cilvə atar da, amma ən ilginci, su atəşlə rəqs edincə, daha cazibədar olur - elə deyilmi?.. Su öz suluğunda, atəş atəşliyində və də torpaq öz torpaqlığında qalsın… Ruhun izini torpaqda deyil, sözlərdə, insanlarda və hadisə kimi dəyərlərdə, dəyər kimi hadisələrdə axtarmaq daha doğru olar yəqin. Ədəbiyyat, jurnalistika, mədəniyyət və rəsmi xidmət mənim üçün bir-birindən ayrılmaz həyat damarlarıdır. Bu yol bir deyən, iki “dinləyən” adama çevirir bizi – ulusu dinləyən, zamanın nəfəsini eşidən, milli yaddaşa üz tutan adam kimi adama… Yeri gələndə, yazı masasında əyləşən, yeri gələndə uzaq yollara çıxan, yeri gəlincə də cəbhə bölgəsində əsgərlə çörək bölən, ümumən bölüşən, paylaşan birinə dönürük: dədələrimiz necə deyib? - “Sevinci bölüş - çoxalsın, kədəri bölüş - azalsın”… Beləliklə, ulu yol bizi bir növ fədakarlığın, bununla belə, şərəfli məsuliyyətin yolçusuna çevirmiş olur... Bu özlüyündə özəl yolçuluq və də gözəl aqibətdir!..
2. Sizcə, bir yazıçının ürəyində necə bir yanğın olmalıdır ki, o, xalqın qəlbində də od qalaya bilsin?
-İlginc sualdır.
Belə bir yanğın, hər halda, təkcə qəzəb və ya ehtiras olmayıb, habelə məhəbbətin, haqsızlığa qarşı üsyanın, gözəlliyə və həqiqətə bağlılığın birləşdiyi ruhi təcalla hallarıdır. Bu od, necə deyərlər, özünü yandırmaq bahasına işıq verən bir od olmalıdır. Ustad İsa Muğannanın “Yanar Ürək” qavramı və əsəri yadıma düşür.
Bir ulusun od-ocağını yalnız öz ürəyini külə döndərənlər qalaya və odqoruyan ola bilər. Yazıçının içindəki yanğın, tarixə, mədəniyyətə, ləyaqətə qarşı duyduğu sevgidən, həyəcandan və məsuliyyətdən doğmalıdır. Nazim Hikmət demiş:
-“Sən yanmasan,
Mən yanmasam,
biz yanmasaq,
Necə çıxar
qaranlıqlar aydınlığa”?..
3. Əkbər Qosali üçün “Sükut ölkəsi” necə bir yerdir?
-“Sükut ölkəsi”! – Çox ilginc tapıntıdır - poetik amma kədərli tapıntıdır… Səsin-sözün yox, ÖZün, dərinliyin eşidildiyi məkandır yəqin. Orası mənim içimdə bir qocaman çınar ağacının dərin köklər atdığı məkan olsa gərək… Nə mahnıların çalındığı, nə də göz yaşlarının axdığı yerdir “Sükut ölkəsi”.. – Amma hər ikisinin izləri orada yaşayır. Ora, yazılmamış misraların, deyilməmiş duaların və unudulmuş kəlmələrin ünvanıdır yəqin. Orada söz deyil, bəlkə niyyət danışar. O ölkədə sükut hayqırır bəlkə də - bəli, sükutun dərinliyi elə hayqırış deyilmi? - Ariflər qatında belə olmuş olmazmı?.. – Lakin elə incə, elə içdən ki, həmin hayqırtını yalnız ürək eşidə bilər, ürək!..
4. Elə misralarınız varmı ki, göz yaşınızı əvəz edib? Bizə onlardan danışa bilərsinizmi?
- Yox, bu barədə yazmaq, danışmaq istəməm. Hətta yazmaq istəməmişəmsə, danışmamaq daha yaraşıqlı olmalı… Yazını yalnız özüm oxumuş ola billəm, danışıq isə o deməkdir, ən azı bir muhatab vardır… Əgər beləsə, deməli, sənin verdiyin sualı doğuran səbəblər mövcud olub, bu danılmazdır; bununla belə, ədəbiyyatın, poeziyanın mandat-missiyasında ağlamaq yoxdur mənimçün; mən onu başqa kateqoriyalara həvalə edərdim. Türk şeirinin xarakterində inama çevriləcək ümid var, əzm-iradə var; hətta “ağı” deyincə də, başıdik, gözü yaşsız olmuşuq; bizim “ağı”mız mərsiyyəyə dönüşdüyü yerin özü bizim ən ağlamalı yerimizdir - oranı qurutmamız lazım.
5. Sizcə, bu gün türk poeziyasının ən böyük dərdi və ən böyük qazancı nədir?
-Ən böyük dərdi – parçalanmışlığın və bir-birindən uzaq düşmüşlüyün ruh halımızda yaratdığı təlatümlər və yaddaşımıza ən azı son 200 ildə hopan - üst-üstə qalaqlanan kədərdir. Biz bir ağacın budaqları kimiyik, amma çox zaman öz kökümüzü görmürük, elə bil. Dilimiz birdir, amma bəzən qəlbimiz sanki bir-birinə “tərcümə” olunur. Qazancı isə – bu qırıq ümidlər içində yenə də danışan, yazan, dirənən şairlərin şeir-sənət, ədəbiyyat bayrağıdır! Örnəyi, dəmir pərdələr, rəsmi sınırlar meydana çıxınca, bir köyümüz o sınırın digər tərəfində qalınca, iqtisadiyyat, siyasət, hətta, hərbi və b. strukturlar qəbullansa da, şeirimiz, sənətimiz o halı qəbul etməyib! -
“Orda bir köy var - uzaqda,
O köy bizim köyümüzdür,
Getməsək də, varmasaq da,
o köy bizim köyümüzdür” - demişik…
Demişik ki,
“Qafqazlardan aşacağız,
Türklüyə şan qatacağız!
Türkün şanlı bayrağını
Turan eldən asacağız”! Asmışıq da çox şükür!
6. Qəlbinizdə hansı sükunətlər, hansı qorxular, hansı arzular gizlidir?
-Qəlbimizdə nələr yoxdur?..
Hər dəfə ulusumuza, ulusumuzdan olmasa belə, hər hansı bir günahsız insana haqsızlıq ediləndə qəlbimizdə fırtınalar qopur. Qəlbimiz - bəlkə özümüzü aldada, ovuda bildiyimiz, amma başqalarını aldatmadığımız - aldatmış olsaq belə, öz vicdanımıza hesabat verdiyimiz divanımız, həmçinin mənəvi-ruhi sığınacağımızdır.
Bu arada, qorxularımız da var – öz ulusuna, qardaşına biganələşən gəncləri görürük, bəzən; bəzən sözün dəyərdən düşməsi, texnologiyanın ruhi gücü zədələdiyi hallarla rastlsşırıq… Bunlar, əlbəttə, düşündürücüdür.
Diləklərim: Türk xalqlarının birlikdə sabaha - eyni mənəviyyat Günəşinə oyanması, Turan balalarına hər bir yurd yerimizdə ortaq - Göy bayraq altında türkcə layla çalınması, şeirlərimizin Altaylardan Balkanlara qədər oxunması və bu kimi mübarək işlərdir.
7. Sizcə, bu gün insanlar hansı ədəbiyyata ehtiyac duyur?
-Vicdanlı ədəbiyyata!.. Sadəcə intellektual deyil, mənəvi ədəbiyyata!.. Mənəvi yön ədəbiyyatçün intellektualdan daha yüksək istək və tələbdir. Ancaq nə ruhaniyyatdan, nə elmdən, fəlsəfədən, tarixdən, nə də bir başqa kateqoriyadan danışmayıb, daha qapsayıcı, daha ülvi, daha emosional və ruhi hünərlə söyləyib, yazdığımız öz yerimizin-göyümüzün, kainatımızın adı Ədəbiyyatdır. Orada hər şey öz yerində, öz göyündə və dərəcəsində olunca, insanlar estetik dəyərlərin bilicisinə yox, zövq alanına çevrilir. Oxucuya zövq verməli ədəbiyyat - ruh aşılamalı və öz ədəbiyyatlılığından çıxmamalı!..
İnsanların qəlbindəki səssiz çığlıqları eşidən və onları utanmadan dilləndirən ədəbiyyatdan danışırıq həm də. Bugünkü insan texnologiya ilə deyil, ruhun qucaqlaşacağı sözlə təskinlik tapır, məncə. Gələcək üçünsə bizi birləşdirən, köklərimizi xatırladan, ümid verən ədəbiyyat üstünlük qazanacaq yəqin...
8. İnsanpərvərlik – həyat və yaradıcılıq yolunuzda necə bir yer tutur?
-İnsanpərvərlik elə ulu sözün zirvə başlanğıcıdır. Yazarkən bəlkə tam da gözləməmiş ola bilərik, natural halı daha sərt olar - lakin ən azı oxuyunca, redaktə edincə özümüz müəyyənləşdirməliyik: “Bu söz insanı yaralayacaq, yoxsa, ruhlandıracaq”?
İnsanpərvərlik ilham verdiyi kimi əzab da verə bilər. Çünki insanı sevmək asan deyil – amma onu anlamaq istəyən bir ürəyə sahib olmaq həm bir bəxşiş, həm də bir sınamadır.
9. Bu gün Qarabağ məsələsi sizin qəlbinizdə necə səslənir?
-Qarabağ mənim üçün yalnız bəlli kvadraturada torpaq sahəsi deyil – Qarabağ ləyaqətdir, ulusumuzun sınaqdan keçmiş hekayəsidir.
Qarabağ artıq yenidən doğuluşun, ruhi dirçəlişinin simvoludur.
Qarabağ - Azərbaycan Dənir Yumruğunun yaratdığı yeni gerçəkliklərdir. O gerçəkliklər ki bütün Türk dünyasının belini dikəldib.
10. Sözlərinizin insan qəlbini dəyişə bildiyini dərk etdiyiniz zaman özünüzə hansı məsuliyyətləri yükləyirsiniz?
- O anda artıq mənəviyyatın, millətin və qoca tarixin qarşısında yazıçı yox, daşıyıcı olursan. Söz ox kimidir, bəli – amma yönünü düzgün seçməzsənsə, o, dostu da yaralaya bilər. Bu məsuliyyət hər kəlməmin içində dürüstlük, mərhəmət və vicdan yükü tələb edir. Yazar yalnız danışan deyil – həm də duyan olmalıdır.
11. Ədəbiyyatın birliyin körpüsünə çevrilməsi üçün hansı amilləri vacib sayırsınız?
- İlk amil – qarşılıqlı tanıma və tərcümədir. Türksoylu xalqlar bir-birinin ədəbiyyatına susayıb – amma su çatmır...
Digəri – mədəni platformaların təşkili və birgə layihələrin gücləndirilməsidir. Amma ən vacibi – ortaq ruhun, ortaq ağrının və ortaq arzunun dilə gəlməsidir. Ədəbiyyat bu birliyin dili ola bilər, əlbəttə, biz onu diplomatiyanın deyil, qəlbin dili kimi yaşada bilsək...
TÜRKSOY, Beynəkxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və digər ortaq rürk qurumları, o cümlədən sanballı vətəndaş cəmiyyəti institutları gələcək nəsillərə ümid verir, inam aşılayır, üfüq açır.
12. Gənc ədiblərə hansı məsləhətinizi “qızıl qayda”nız kimi tövsiyə edərdiniz?
-13 il öncə oxuduğum qərib bir tövsiyyə var: “Gənclərə tövsiyəm odur ki, heç kimin tövsiyəsinə qulaq asmasın”…
Biz özümüz də gənc olmuşuq və bu yaşımızda dəxi gənclərə belə bir tövsiyədən uhulət-suhulətlə uzaqda dayanaraq, hansısa tövsiyələri versək, qüsur olmasın gərək. Birincisi, ürəklərinin səsini dinləsinlər - ürək qulaq deyil, göz deyil, əl deyil, hətta ağıl da deyil - onun öz dərəcəsi, yolu-yordamı var və yiyəsini heç aldatmır.
Gənclərimizin yazdıqları yalnız öz səsini deyil, ulusunun ruhunu eşitdirmək gücündə olmalı. Özünü göstərmək üçün deyil, ruhu ifadə etmək üçün yazmaq - bax, bu, qutsal görəvdir.
Gənclərimizin yolu açıq, qələmi iti, oxucusu çox olsun!
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)