SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Ömrüm sənsiz olmasın” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

Bir son bahar da düşdü

ömrümün təqvimindən,

Nə sənə məhəbbətim,

nə həsrətim azaldı.

Özüm də heç bilmirəm

niyə bir ömür boyu

Gözüm uzaq yollarda –

sənin yolunda qaldı.

Bir qocaman dağ olsan,

səni vurub yıxardım.

Ürəyimdən ən incə

teli necə qopardım?

Dünyada gözəl də çox,

gözəl ürəklər də çox.

Şirin-şirin arzular,

incə diləklər də çox.

Bir sən oldun könlümün

yaxın dostu, həmdəmi.

Sən olmasan tutmazdı

bəlkə əlim qələmi.

Sən olmasan baharın,

yazın ətri olmazdı.

Sən olmasan bir dünya

sevinc belə çox azdı.

Baharın çiçəkləri

açıb solmasın sənsiz.

Ömrüm sənsiz olmasın,

şeirim olmasın sənsiz.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.