Gənclər Kitabxanasında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar materiallar hazırlanıb

Dünən - iyunun 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü idi. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və “Yaşıl dünya-sağlam gələcək” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, biblioqrafik icmalda ətraf mühitin, ekologiyanın mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması kimi aktual mövzulara dair qəbul edilən rəsmi sənədlərin tam mətni, “Ümumdünya Ətraf Mühit və ya Coğrafiyaçılar Günü” başlığı altında bu günün təsis edilməsi, beynəlxalq aləmdə və ölkəmizdə ekoloji mövzuların aktuallıq dərəcəsi, bu sahədə görülən işlər və nəzərdə tutulan gələcək planlar haqqında məlumatlar təqdim edilir. Biblioqrafik icmalda yer alan “Heydər Əliyev və Azərbaycan təbiəti” adlı məqalədə Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş və ölkəmizdə təbiətin qorunmasına yönəlmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar haqqında məlumat verilir, onun hakimiyyəti illərində təməli qoyulan təbiətə qayğı, ekoloji problemlərə həssaslıq mövzularının bu gün də ölkə siyasətinin prioritet hədəflərindən biri olduğu vurğulanır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda “Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resursları və onların landşaft-diaqnostik xüsusiyyətləri”, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları”, “Ətraf mühitin çirklənmə mənbələri” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir.

“Yaşıl dünya-sağlam gələcək” adlı ənənəvi kitab sərgisində mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış biblioqrafiq icmal sərgilənməkdədir.

5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.