RƏSUL RZA: “Yaxşı bir ənənə yaranıb ki...” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

Səməd Vurğunun xatirəsinə həsr olunmuş mərasimdə Rəsul Rzanın çıxışı

Səməd Vurğunun ev-muzeyi

21 mart 1978

 

Yaxşı bir ənənə yaranıb ki, biz böyük şairimiz Səməd Vurğunun ev-muzeyinə heç olmazsa ildə bir dəfə yığılırıq. Bir halda ki ayda, həftədə bir dəfə də bura gəlmək vacibdir. Yığılırıq və burda onun dostları, onunla bir yerdə işləmiş yoldaşları, onu ürəkdən sevən adamlar arzularını, xatirələrini deyirlər.

 Mənə elə gəlir ki, çox qəribə bir hadisə baş verir, onu da mən demək istəyirəm. Adətən, illər keçdikcə hadisələr uzaqlaşır, xatirələr yavaş-yavaş sönür, insan müəyyən bir tarixi, ədəbi faktdan uzaqlaşır, ayrılır. Bu da çox təbiidir. Ancaq təbii və qəribə, diqqətəlayiq olan bir məsələ, bir iş də var; o da budur ki, biz Səməddən ayrıldıqca, illər keçdikcə daha da ona yaxınlaşırıq. Yaxınlaşırıq ona görə ki, Səməd yaradıcılığının yeni çalarlarını, onun yeni cəhətlərini həyat bir daha açır, onun poeziyasının incəliyini bir daha biz yenidən duyuruq və hər dəfə bu yeniliklər onu bizə, bizi ona yaxınlaşdırır. Ölümsüzlük elə bu deməkdir! Bu o deməkdir ki, o, sağkən xalqın zehnində, qəlbində özünə necə yuva qurmuşdusa, bu gün də cismən aramızda olmadığı halda, mənən aramızdadır, mənən xalqın qəlbindədir və hamımızın xatirində canlı bir heykəl, canlı bir insan kimi yaşayır.

 Mən elə bilirəm ki, hər dəfə biz bura gələndə, Səməd haqqında xatirələrimizi, arzularımızı dedikdə eyni zamanda xalqımızın ona olan böyük məhəbbətini də bir daha təzələyir, bir daha isbat etmiş oluruq.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.