RƏSUL RZA: “Azərbaycanın böyük oğlu, mərd oğlu Səməd Vurğun” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

Səməd Vurğunun anadan olmasının 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Rəsul Rzanın çıxışı

  20 may 1966

 

Doğma Vətənimizin, Azərbaycanın hörmətli qızları, oğulları!

Əziz vətəndaşlarımız!

Əziz və hörmətli qonaqlarımız!

Bu gün Bakıda, Azərbaycanın paytaxtında, tarixi şərəfli qızıl səhifələrdə yazılmış şəhərdə Azərbaycanın sevimli oğlu, həməsrimiz, unudulmaz, böyük, gözəl şair Səməd Vurğunun anadan olmasının 60 illiyini bayram etmək üçün toplaşmışıq. Səməd Vurğun o xoşbəxt sənətkarlardandır ki, xalqın dərin hörmət və məhəbbətini qazandı, bu məhəbbət və hörmətin təzahürünü özü gördü. Bu gün elə bir kənd, elə bir oba, elə bir şəhər, elə bir qəsəbə tapmaq olmaz ki, orda Səməd Vurğunun adı təkrar-təkrar çəkilməsin, orda Səməd Vurğunun şəkli asılmamış olsun, orda Səməd Vurğunun kitabları oxunmamış olsun. Bu böyük xalq məhəbbətinə Səməd Vurğun öz atəşli qələmi, soyumayan qəlbi, özünün böyük humanist ideyaları ilə nail olmuşdur.

Səməd Vurğun böyük bir poeziya tarixinə malik olan Azərbaycan xalqının yetişdirdiyi ən qüdrətli sənətkarlardandır. Onun arxasında ulu babaları – Nizamilər, Füzulilər, Mirzə Fətəlilər, Sabirlər, Cəlil Məmmədquluzadələr, onun yanında, onunla bərabər işləyən Cəfər Cabbarlılar və onunla birlikdə qələm çalmış, bugünkü ədəbiyyatın yaradıcıları, onun dostları, yoldaşları yaşamışdır, ondan irəli onun qabağa baxan şahin gözlərinin işlədiyi ənginliklərdə tələbələri, onun çox sevdiyi gənclər yaşamışdır və yaşayır, onlar da həmin bu nəcib ədəbi ənənələri davam etdirir və davam etdirəcəklər. Əgər Səməd Vurğun Azərbaycan xalqı üçün ədəbi ənginliklər yaradıb getmişdisə, Azərbaycan xalqı bununla fəxr edirsə, Səməd Vurğun da bütün ömrü boyu Azərbaycan xalqına məhz inqilabi ənənələrlə, millətlər dostluğu ilə, xalqlar qardaşlığı ilə, öz tarixi səhifələrini bəzəmiş olan bir xalqa mənsub olduğu ilə, bu xalqın övladı olduğu ilə fəxr edirdi.

Səməd Vurğun qısa bir ömür yaşadı, lakin bu qısa ömründə o, çox böyük işlər gördü. Biz bu gün Səməd Vurğunun məzarı üstündəki abidənin açılışı mitinqində iştirak etdik. Onun məzarı üzərində bu gün qranit daşlar qoyulmuşdur. Bəlkə küləklər, yağışlar, zamanın isti-soyuğu bu qranitləri ovxarlayacaqdır, onları toza döndərə biləcəkdir. Lakin sənətkarın sözü xalq yaşadıqca, xalq durduqca yaşayacaqdır və Azərbaycan xalqı da ölümsüz olduğu üçün, daim yaşadığı üçün Səməd Vurğun şeiri də, Səməd Vurğun sənəti də, qranitlər parçalansa da yaşayacaq, davam edəcək, nəsillərdən-nəsillərə gözəl bir yadigar kimi keçəcəkdir.

Biz Səməd Vurğunu ona görə sevirik ki, o, xalqın qəlbinin necə döyündüyünü, bu döyüntülərin ən incə, ən zərif cəhətlərini hiss və tərənnüm edə bilirdi.

O, xalqla bağlı bir insan idi. Əgər təbir caizsə, Səməd Vurğun xalqın bir parçası idi. O, özündə mənsub olduğu xalqın ən nəcib cəhətlərini təcəssüm etdirirdi. Bu nəcib sifətlər millətlər qardaşlığı, insanlara məhəbbət, hər zaman, hər yerdə böyük və dərin bir humanizm hissilə zəhmət çəkən insanlara, xeyirxah insanlara, nəcib insanlara dost olmaq, qardaş olmaq hissləri idi. Bu sifətlər Azərbaycan xalqının yaşayıb-yaratması, dinc əməyi sevməsi sifətləri idi. Bunlar Səməd Vurğun şeirində özünün yüksək ifadəsini, yüksək poetik keyfiyyətini tapmışdı.

Səməd Vurğunun anadan olmasının 60 illiyini bir el bayramı kimi qarşılayırıq. Bu salona yalnız Bakı zəhmətkeşləri deyil, Azərbaycanın bütün rayonlarından zəhmətkeşlər gəlmişlər. Onların bura gəlməyi, bu təntənəmizdə iştirak etməyi göstərir ki, Səməd Vurğunun 60 illiyinin bayramı ümumi bir xalq bayramına çevrilmişdir.

Əziz yoldaşlar! Elə sənətkarlar var ki, onlar haqqında nə qədər danışsan, nə qədər yazsan, yenə də azdır. Çünki bu sənətkarların qoyub getdiyi irs yalnız mənsub olduğu dövrdə deyil, ondan bir çox illər sonra, on illər, bəlkə əsrlər sonra hələ təsdiq olunacaq, hələ açılmamış səhifələri, sirləri açılacaq, o sənətin ən gizli səhifələri aydın olacaq. O, gələcəkdə də nəsillərə ilham verəcək, onları həyatda yaşamağa, mübarizəyə çağıracaq. Səməd Vurğun belə sənətkarlardandır. Onun əsərləri indi bizim gəncliyimizin tərbiyəsində böyük rol oynadığı kimi, gələcək nəsillərimizə də bir dərs kitabı kimi, masa üstündə hər gün oxunan kitab kimi əziz olacaqdır.

Mən bu gün böyük bir iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan şeirinin dünya miqyasında qazandığı böyük şöhrətində bizim dostumuz, qardaşımız, bizdən çox erkən ayrılmış, lakin çox böyük irs qoyub getmiş Azərbaycanın böyük oğlu, mərd oğlu Səməd Vurğunun çox böyük, çox böyük, çox böyük rolu vardır.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.