RƏSUL RZA: “Bir dəfə soruşdum ki, Səməd, niyə sərbəst yazmaq istəmirsən?” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA. XATİRƏLƏR DƏFTƏRİNDƏN

 

Səməd Vurğunla harda, haçan tanış olduğumu deyə bilmərəm. Qalaq-qalaq günlərin arxasından bu ilk tanışlıq günlərini arayıb tapmaq çətindir. Səməd Vurğunu bir şair, bir insan kimi uzun illərin axarında, əgər belə demək olarsa, pillə-pillə, səhifə-səhifə tanıdım. Mübahisəmiz, birgə mübarizəmiz, fikir, zövq uyarsızlığımız, dostluğumuz, soyuqluğumuz da oldu. Mən xatirimdə qalan bəzi epizodları xəyalımda yenidən canlandırıram.

Bu xatirələr xronoloji olmayacaq. Mənim gündəliyimə bəlkə də aydalıq, ildəlik demək daha doğru olardı. Ayrı-ayrı qeydlərimin tarixləri arasında bəzən yaxın, bəzən də çox uzun zaman var. Vaxtaşırı edilmiş bu qeydlərdə gərəkli olanlarla yanaşı, az əhəmiyyətli, təsadüfi, ötəriləri də az deyil.

Bakı, “Kommunist” qəzetinin Stalin adına klubu. Ədəbi gecə. Mübahisələr. Bir-birini inkar edən fikirlər... Mikayıl Rəfilinin bir şeiri qızğın mübahisəyə səbəb oldu.

 

Nəşədir yaşamaq,

Nəşədir həyat.

Alqış sənə, ey ölməyən kainat.

 

Mikayıl Rəfilinin bu sətirri Səməddə kəskin etiraz doğurmuşdu. O, insanların ağır zəhmətini, yer üzündə milyonlarla adamın iztirab və məşəqqətdə yaşadığını şahid çəkərək, həyatın, yaşamağın nəşə olmadığını söyləyirdi.

Səmədin fikri ilə razı olanlar da, olmayanlar da vardı. Mehdi Hüseyn, mən M.Rəfilinin fikrinə səs verdik. Dedik ki, bütün çətinlik və iztirablara baxmayaraq, kainatda həyatın hərəkət yönü nəşəyə-sevincə, daha işıqlı günlərə doğrudur. Mübahisə bitmədi. Tərəflər öz mövqeyində qaldı. Sonralar bu mübahisələri xatırlayanda mən bu qənaətə gəldim ki, bu fikirlərdəki uyarsızlıq məsələnin mücərrəd, qeyri-müəyyən məkan və zamanda qoyuluşundan gəlirmiş. Hər iki fikir ayrı-ayrı baxımdan doğrudur.

Bir dəfə soruşdum ki, Səməd, niyə sərbəst yazmaq istəmirsən?

O gülümsündü: “Yazacağam, yazacağam, – dedi. Bir qədər fikirləşəndən sonra əlavə etdi: – Sərbəst şeiri hələ geniş oxucu kütləsi qavraya bilmir. Doğrudur, bu formanm üstünlükləri var. Fikri dəqiq demək, yeni söz birləşməsi yaratmaqda sərbəst şeir geniş imkan verir. Lakin heca vəznində hələ də istifadə olunmamış imkanlar çoxdur. Heca vəzni ən sadə oxucuya da doğma və aydındır. Tez əzbərlənir. Bizim el havaları, muğamat kimi xalqın iliyinə, sümüyünə işləmişdir. Mən heca, bəzən də əruz vəzni ilə yazıram ki, oxucu mənə inansın, şeirimi sevsin. Əlbəttə, mənim əsas yolum heca vəzni olaraq qalacaq. Ancaq sərbəst şeir forması da mənə yad deyil”.

Sonralar Səməd sərbəst şeir də yazdı, həm də bu şeirlər məna dəyəri, ictimai pafosu ilə onun yaradıcılığında müəyyən yer tutdu.

 

***

Yerevana, David Sasunlunun yubileyinə gedirdik. Ermənistan yazıçılarından bir qrupu bizi Ağstafa dəmiryol stansiyasında qarşıladı. Maşın qatarı Qazaxdan keçib Dilican yoluna çatdı.

Səməd fikirli görünürdü. Nigar soruşdu ki, ay Səməd, nə olub, gəmilərin qərq olub, nədir?

Səməd fikir içində köks ötürdü:

Cavanlığımı yadıma saldım, a Niyar, bu, Dilican dərəsidir axı.

Mən bu qəmli xatirələrdən uzaqlaşmaq üçün gülə-gülə dedim:

Yoxsa belin bükülüb, qocalıq səni haqlayıb?

Səməd dinmədi, arıq əli ilə saçını sığalladı. Onun saçına dən düşmüşdü. Maşınımız dağ yolu ilə yoxuşa qalxırdı. Səməd dodaqaltı zümzümə edirdi:

 

Fələk möhür basdı düşmən deyənə,

Bəs mənim verdiyim yadigar hanı?

 

Bizim nümayəndə heyətinin bir dəstəsi bir gün qabaq Yerevana getmişdi. Böyükağa Qasımzadə, Mirvarid Dilbazi, yanılmıramsa, Abdulla Faruq da bu dəstədə idi. Yerevana gələndə uşaqları bir az məyus gördüm. Bizi görəndə sevindilər.

Yetim kimi qalmışdıq, dedilər.

Səməd:Biz ölmüşdük ki, siz yetim qalasınız, deyə çırtıq çaldı, oyuna girəcək kimi əllərini qaldırdı. Hamı gülüşdü.

Tanışlar, dostlarla görüşdük. Aleksandr Fadeyev özünəməxsus sirayətedici gülüşü ilə bizi qarşıladı. Gürcüstan, Ermənistan yazıçıları ilə əl tutduq. Salamlaşdıq.

Gün günortadan xeyli əyilmişdi. Yeməkxanaya getdik. Nümayəndə heyətimizi qonaqlar və ev yiyələri alqışlarla qarşıladılar.

Bizim üçün ayrılmış stol ətrafında oturduq. Səməd hara isə getdi, bir neçə dəqiqədən sonra o, restoranın çalğıçıları ilə gəldi. Çalğıçıları süfrəmizə dəvət etdik. İlk əvvəl Azərbaycan mahnıları, sonra gürcü, rus, erməni havaları səsləndi.

Məclis get-gedə qızışdı. Səməd:

Kirvə, bir “Yallı” ver gəlsin, – dedi.

Adamlar salonun ortasında halaylandı. Böyük bir dəstə “Yallı2 gedirdi. Səməd onun həm dirijoru, həm rejissoru, həm də baş oyunçusu idi. “Yallı”nın ritminə uyğun tez-tez: “Ha, gözünə dönüm”, deyə ucadan səslənirdi. Qadınlar süfrə arxasından durub oynayanlara baxmaq üçün dörd tərəfdə düzülmüşdülər. Birdən Səmədin səsi musiqi səslərini yarıb ucaldı:

Ha varpetcan[1], gəl görək.

İsahakyan əlində dəsmal oynayanlara qoşuldu. Çəpik, gülüş səsləri, “ay yaşa”, “vasa”, “getso” sədaları salonu tərpədirdi. Bütün bu şənliyin, bu məclisin canı Səməd idi.

Axşam şeir gecəsində tamaşaçılar Səmədi hərarətlə qarşıladılar. Mehmanxanaya qayıdarkən Səməd üzünü bizim uşaqlara tutub gülə-gülə: “Hə, lələşinizi necə gördünüz?” – dedi.

 

***

Samur–Dəvəçi kanalının açılışı da yadımdadır.

Səmədlə Qubaya getdik. Kanalın açılışı gurultulu, təntənəli keçdi. Axşam mehmanxanada bugünün hadisələrindən, sadə adamların hər yerdə bizə hörmət və məhəbbətindən xeyli daşdıq.

Yuxumuz gəlmirdi. Səməd, həmişəki kimi, narahat idi...

SamurDəvəçi kanalının açılışına hər birimiz bir neçə sətirlik şeir yazıb, bir növ, ürəyimizi boşaldırdıq. Təəssüf ki, o şeirləri indi axtarıb tapa bilmirəm. Bəlkə də mənim şeirim Səmədin arxivindədir. Onun yazdıqlarından ancaq bu misralar yadımda qalıb:

 

Gün keçər, zaman gələr

Göyərər əkilənlər.

Qəmli günlərə düşər

Özünü tək bilənlər.

Nə qədər yaşasa da,

İnsan adını almaz,

Şöhrət üçün, ad üçün

Yeddiqat bükülənlər.

 

 

***

Ovçuluq Səməddə bir ehtiras idi. Biz, onun ov yoldaşları Səmədlə ayaqlaşa bilmirdik. “Siz bir balaca burda qızının, mən, bax, oraya baxım, gəlim”. Bu sözlərlə Səməd ovçu yoldaşlarını tonqalın yanında qoyub bir anda yox olardı. Onun “bir macal”, “bir qınnax” dediyi vaxt bəzən saatlarla çəkərdi. Qayıdıb gələndə, adətən, kəmərindən, heç olmasa, bir-iki quş asılmış olardı. Sonra hamımız yeni ovlağa gedərdik. Səməd yorulmaq nədir bilməzdi. Səməd Vurğun onda ov vaxtı, elə bil, cavanlaşırdı.

Bəzən ov uğursuz olanda Səməd yorulardı. O, sərrast atar, qabağına çıxan ovu əldən buraxmazdı.

Sazaqlı bir qış günü bir neçə yoldaşla Cəngiyə getdik. Deyirdilər, Cəngidə, Bakı yolunun sağ tərəfındə, təpələrin dalında, çay qırağında kəklik olur. Ovçular bilir ki, kəklik ovu çətindir. Bu çətinlik Səmədi daha artıq həvəsə salırdı. Səhərə bir az qalmış Cəngiyə çatdıq. Üç dəstəyə ayrıldıq. Sağa, sola və qabağa yol aldıq. Səmədlə mən qabaq tərəfə, çay qırağına yönəldik. Bu dəfə Reks (onun ov iti) yox idi. Bir müddət qabaq maşın altında qalmışdı. Biz irəlilədikcə hava açılır, alatoranlıq əriyirdi.

Səməd dodaqaltı nə isə deyirdi. Yaxınlaşdım. Səməd “Ay Reks, ay Reks”, – deyə ah çəkirdi. Sanki onun ov həvəsi də yoxdu. Çox kədərli görünürdü. Birdən sağ tərəfdən bir kəklik pırıltı ilə qalxdı. Mən tüfəngimin qayışını çiynimdən keçirmişdim. Hə-hü eləyib tüfəngi əlimə alınca Səmədin tüfəngi gurladı. Kəklik yerə düşdü. Səməd yaralı quşun ardınca yüyürdü. Kəklik uça bilmirdi. On-on beş dəqiqədən sonra Səməd yorğun addımlarla geri döndü. Mənə baxıb güldü.

Səməd, niyə gülürsən? – dedim.

Ayə, ov yerində tüfəngi dəyənək kimi saxlamazlar. Həmişə əlin tətikdə olsun.

Səmədin yaxşı yolluğu vardı. Yol boyu gülüb-danışar, zarafat eləyərdi. Bu dəfə ovumuz uğursuz oldu. Nə qədər gəzdiksə, bir sərçə də tapmadıq. Səməd dinməz-söyləməz geri qayıdırdı. Dindirəndə könülsüz cavab verirdi. Ov onunçün təkcə əyləncə deyildi. Ov zamanı sanki bütün böyük-kiçik qayğılarından azad olur, fikri, diqqəti ancaq bir şeyə – ova bağlanırdı. Ov uğurlu olanda kefı kökəlirdi.

Səmədin tərcüməsində “Yevgeni Onegin”in yeni nəşrini redaktə etməyi mənə tapşırdılar. Bu tərcümə ciddi zəhmətin, həvəs və ilhamın nəticəsi idi.

Puşkinin məşhur “Onegin bəndləri”ndə orijinalın özünəməxsus formasını saxlamaq çətin iş idi. Səməd bu işin öhdəsindən gəlmişdi. Bununla belə, təkrar nəşrdə ayrı-ayrı misraları dəqiqləşdirmək, bəzi yerlərdə deyimləri (ifadələri) daha da səlisləşdirmək gərəkdi. Bunların çoxunu Səməd özü qeydə almışdı. Bəzilərini redaktə zamanı düzəltmək lazım idi.

Tərcümənin mətnində düzəlişləri Səmədlə müzakirə edirdik. Razılaşdığı da, razılaşmadığı da olurdu. Bir də görürdün ki, gecənin bir vaxtı telefon zəng çaldı. Yuxulu-yuxulu dəstəyi götürürdüm. “Ayə, bu tezdən yatarlar?” Saata baxıb: “Yaman tezdir, saat üçə işləyib”, deyirdim. Səməd gülürdü: “Ömür elə uzun deyil ki, onun çoxunu yuxuda keçirəsən. Ayə, o gündüz dəyişdiyimiz misralar belə olsa yaxşı deyilmi?” Mən diqqətlə onu dinləyirdim. Çox vaxt yeni variantın daha səlis, daha orijinal olduğunu təsdiq edirdik. Bəzən də razılığa gələ bilmirdik. Səməd mübahisəmizi zarafatla qurtarırdı: “Görürəm yuxulusan. Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır”.

Bu yaradıcılıq nigaranlığı Səmədin xarakterinə xas olan mühüm cəhət idi.

Bəzi əsərlərinin taleyi son illərdə Səmədi çox düşündürürdü. Müəyyən səbəblərdən poeziyamızda yaranmış birtərəflilik, müəyyən fikir, deyim çərçivəsi onun nigaranlığının əsas səbəbi idi. O, dəfələrlə söhbət zamanı ölümdən beş-on il möhlət istədiyini bildirirdi. “Sinəm doludur, yeni şeirlər yazmaq istəyirəm”, – deyirdi. Bu ürək çırpıntısının şeirə çevrilmiş misraları onun “Şair, nə tez qocaldın sən”, “Mən tələsmirəm” kimi şeirlərində yüksək poetik ifadəsini tapmışdır.

Heyif ki, araya əbədi ayrılıq düşdü. Neçə-neçə belə gözəl əsərləri, yeni “Vaqif”ləri, “Komsomol poemaları”nı, “Zəncinin arzuları”nı Səməd sinəsində apardı...

1976

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 



[1] Varpet (ustad) ermənicə. Avetuk İsahakyanı belə adlandırırdılar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.