Seçmə şeirlər – RƏSUL RZA, Son şeirləri Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA

SON ŞEİRLƏRİ

 

Səhərlərim açılır,

Könlüm açılmır nədən?

Nəfəs alıb-verdikcə

Ömürdür keçib gedən.

Sarı-sarı yarpaqlar

Budaqlarda titrəşir.

Onları yavaş-yavaş

Yuyur yağış mürdəşir.

Mart, 1981

 

***

Ölümündən (1 aprel 1981) bir gün əvvəl yazdığı son şeiri

 

Ömrün qəmli günlərindəyəm,

Xəstəliyin ucundan,

Qocalığın üzündən.

Həkim deyir:

– Yorulub ürək.

Deyirəm:

– Yorulmusan, ürəyim!

Keçən günlər gözümdə

Bir xəyal dünyasıdır,

Göynədir göyüm-göyüm.

O günlər doğmam idi,

bu günlərim ögeyim.

Günlər var çeşid-çeşid;

inciklisi bu yanda,

fərəhlisi o yanda.

Belə olurmuş demək,

ömür-günün sonunda.

31 mart 1981

                        Mərdəkan, Xəstələr evi

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.