.Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“MƏNDƏ İXTİYAR OLSA”
Mən istəyirəm:
buludlar ağlasın, uşaqlar ağlamasın –
analı, ya anasız!
Mən istəyirəm:
güllər açılsın, güllələr açılmasın –
amanlı, ya amansız!
Mən istəyirəm:
qapılar qapansın soyuq olanda hava –
gözlər qapanmasın,
sözlər qapanmasın!
Mən istəyirəm:
yanğınlar sönsün, ümidlər sönməsin!
Meyvələr dəysin öz fəslində,
Bəhər – meyvə, məhsul.
Ürəklərə söz dəyməsin.
Bəhərdən budaqlar əyilsin,
insan başı əyilməsin
xəcalətdən, ya gücsüzlükdən!
Axsın bulaqlar göz yaşı kimi
torpağın üzərində.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində.
Hər şey insana baxsın,
insan ələ baxmasın!
Gecələr ulduzlar oyaq olsun,
insanlar yatıb dincəlsin!
Qüvvət toplasın sabahın xeyirli işlərinə!
Açsın gözlərini gələcəyin ümidli səhərinə!
Mən istəyirəm;
sevinc, səadət bol olsun!
Ürəkdən ürəyə, ölkədən ölkəyə
açıq yol olsun!
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)