İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Həyatda ən böyük sərvətin nə olduğunu bilirsinizmi?! Bu, sağlamlıqdır. Düzdür, “sağlamlıq hər şey deyil, amma sağlamlıq olmasa, hər şey heç bir şeydir” (A.Şopenhaur).
Güc və xoşbəxtliyin təməlidir sağlamlıq. Ona görə də xəstələnən kimi tez-tələsik həkim yanına qaçır, keyfiyyətli iynə-dərman axtarışına çıxırıq. Bəs pulsuz-parasız, iynəsiz-dərmansız müalicə usulunun olduğunu da blirsinizmi?!
Bəli, bəli, təəccüblənməyin, belə bir üsul da var. Adı da biblioterapiyadır, yəni kitabla müalicədir. “Əşi, kitabla da müalicə olar”, - deməyin. Diqqətlə oxusanız, özünüz də görəcəksiniz ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur.
Dünya ailmlərinin apardığı araşdırmalar müəyyən edib ki, kitab mütaliəsi insanın, fiziki, zehni və hissi inkişafında, xəstəliklərin müalicəsində vacib vasitələrdəndir. İnsanların həyatında müvəffəqiyyəti gücləndirən başlıca amillərdən olan mütaliə onların ruhi və fiziki sağlamlığının profilaktikasında da əhəmiyyətli rola malikdir. Edvard Hant yazırdı ki, “idmanın bədənə göstərdiyi təsiri kitab beyinə, ruha göstərir”.
Ona görə də bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya ("kitabla müalicə") tətbiq edilir.
Əslində psixoterapiyanın bir forması olan biblioterapiyanın tarixi çox qədim dövrlərə gedib çıxır. Romalılar inanırdılar ki, kitab oxumaq insanın psixi sağlamlığının normadaqalması üçün çox faydalıdır. Qədim yunanlar kitabxanaları “ruhun dərmanı” hesabedirdilər. Tarixçi Diodorus yazırdı ki, antik tibb kitabxanasının girişində “ruhunsağalma məkanı”sözü yazılırmış. Mənbələrə görə, Misir fironu II Ramzesin kitabxanasının girişində də üzərində "Qəlb üçün dərman" sözləri yazılmış lövhə asılıbmış. Qədim yunan filosofu və riyaziyyatçısı Pifaqor da bir sıra xəstəliklərin müalicəsində musiqi ilə yanaşı, kitablardan da (şeirlərdən) istifadə edirmiş. Kitabla müalicə Yunanıstanın ilk kitabxanalarında tətbiq edilib.
Məşhur alim və təbib İbn Sina “Şəfa kitabı”nda loğmanın, təbibin əlində “üç vasitə olmalıdır" yazırdı və onlardan birincisinin söz olduğunu bildirirdi. Orta əsr mənbələrində qeyd olunduğuna görə, 1272-ci ildə Qahirədə Əl-Mənsur xəstəxanasında Qurani-Kərimdən müalicə üsulu kimi də istifadə olunmuşdur.
Avropada isə biblioterapiyanın əsası ilk dəfə kilsə kitabxanalarında qoyulmuşdur. XVIII əsrdə praktika ilə məşğul olan ingilis həkimi T.Seidengen bu məqsədlə öz xəstələrinə Servantesin o dövrdə məşhur olan "Don Kixot" kitabını tövsiyə edirmiş. 1802-1810-cu illərdə amerikalı Benjamin Ruş tərəfindən “biblioterapiya” üsulu irəli sürülüb. Ruş deyirdi ki, biblioterapiya üçün romanlar dini mətnlərdən daha effektivdir. Daha sonra 1853-cü ildə amerikalı həkim Con Minson Qalt, “A Lecture On İdıocy” (“İdiotizm üzrə mühazirə”) kitabını yazaraq biblioterapiya elmində yeni üfüqlərə yol açıb. O, kitabda ruhi xəstələr üçün oxumanın beş faydasını qeyd edib.
Kitabla müalicə metodu elmi cəhətdən ilk dəfə 1916-cı ildən əsaslandırılmağa başlanıb. "Biblioterapiya" termini birinci dəfə 1916-cı ildə Amerika tədqiqatçısı Samuel Crothers tərəfindən istifadə edilmişdir.
1939-cü ildə Amerika Kitabxana Birliyi qurulub və biblioterapiya kitabxanaçılıqda rəsmi status qazanıb. (https://sherg.az/aktual/197083)
Hazırda dünyanın aparıcı klinikalarında və kitabxanalarında həkim, kitabxanaçı, filoloq, psixoloq və sosialoqların yekdil rəyi əsasında müxtəlif xəstəliklərlə əlaqədar oxunması məsləhət görülən bədii ədəbiyyatların tövsiyə siyahıları hazırlanmışdır. Həkimlər və kitabxanaçı mütəxəssislər qəhrəmanların hansı kitablarda oxucu ilə eyni problemləri olduğunu bilir və ona uyğun kitablar təklif edirlər. Və yaxud həmin əsərlər birlikdə ucadan oxunur. Sonra terapevt və yaxud kitabxanaçı ilə birlikdə interaktiv formada müzakirə edilir.
Kitab oxumaq insana stresli vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Müəyyən edilib ki, müntəzəm olaraq mütaliə ilə məşğul olan insanlar stress və depressiyaya daha az məruz qalırlar, daxili ləyaqət hissinin çatışmazlığından əziyyət çəkmirlər, çətin situasiyalardan daha yaxşı çıxa bilirlər, daha sağlam yuxu yatırlar. Mütaliənin stresi azaltdığı elmi araşdırmalar nəticəsində də sübut olunmuş bir həqiqətdir. Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
Bəzi məlumatlara görə, hər ikinci insult və infarktların 40%-ə qədərinə səbəb artan stress səviyyəsidir. Sasseks Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, kitab oxumaq, bəlkə də, dünyada ən sakitləşdirici prosesdir – bu, stressi 68 faiz azaldır. Əsəb sisteminə faydalı təsirləri baxımından kitab oxumağın havada gəzməkdən daha yaxşı olduğu ortaya çıxıb.
Kitablar beyni tonlayır. Araşdırmalar göstərir ki, müntəzəm kitab oxuma, beynin məlumat saxlama qabiliyyətini artırır və çətin problemləri həll etməyi asanlaşdırır. Mütaliə həmçinin beyində stres hormonunu azaldaraq zehnin rahatlaşmasına kömək edir. Alimlərhesab edirlər ki, mütaliə beynin səkkiz bölgəsini vəonların arasında sinir əlaqəsini aktivləşdirir. Görkəmli fransız yazıçısı D.Didro deyirdi: “Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz”. Doğrudan da, ən dərin, əhatəli bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır.
Mütaliə sayəsində yaşlı insanlar demans (Alzheimer xəstəliyi) kimi xəstəliklərə daha az məruz qalırlar. Kitab oxuyan qocaların beyinləri məşq edir və onların idrak qabiliyyətləri kitabları unudan yaşıdlarına nisbətən xeyli dərəcədə yüksək olur.
Yatmazdan əvvəl kitab oxumaq dincəlməyə, daha yaxşı yuxuya getməyə və daha sağlam yatmağa kömək edir. Yeri gəlmişkən, dünyanın əksər tədqiqatçıları hələ də hesab edirlər ki, kağız kitabları oxumaq (və ya ekstremal hallarda elektron mürəkkəb daşıyıcılarından istifadə etməklə) telefon və ya kompüterin ekranından məlumat almaqdan qat-qat yaxşıdır.
Tədqiqatlara əsasən, gün ərzində 5-10 dəqiqə kitab oxumaq infarktdan yaxa qurtarmaqüçün kifayətdir. Kitab oxumaq insultdan sonra daha sürətlə bərpa olunmağa kömək edir. Mütəxəssislər bildirirlər ki, insult keçirmiş kitab həvəskarları kitab oxumayanlarla müqayisədədaha tez sağalırlar. Tədqiqatçılar kitab həvəskarlarının yaddaşın zəifləməsi ilə əlaqədarxəstələnmək riskini 40 faiz azaltdıqlarını söyləyirlər, çünki oxumaq beyin hüceyrələrini məhv olmağa qoymur.
Mütaliənin effektivliyi depressiya, yüngül alkoqol asılılığı, narahatlıq, qidalanma pozğunluğu və ünsiyyət problemləri kimi xəstəliklərinmüalicəsində də sübut edilib. Maraqlı bir fakt da aydın olub ki, mütaliə qızlara nisbətən oğlanlara, onların gizli hissləri duymaq qabiliyyətinin inkişafına daha yaxşı təsir edir.
Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir.
Nevroloqlar tədqiqatlar zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut ediblər. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman veriblər. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürütmək qabiliyyəti sürətlənib.
Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R.Mar uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar.
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompyuter vermir, əksinə televizor onları itirir...
London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda 53-75 kişi və qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir. Amerikalı ekspertlər belə qənaətə gəliblər ki, ən azı hərdən əllərində kitab tutan insanlarda oxumayan həmyaşıdları ilə müqayisədə erkən ölüm riski dörddə bir dəfə azdır.
Yel Universitetinin alimləri sübut ediblər ki, həftədə ən azı 210 dəqiqə (gündə cəmi yarım saat) kitab oxuyan insanların erkən ölmə ehtimalı 23% azdır. Bu müşahidə ekspertlərin 12 il ərzində müşahidə etdiyi bir test qrupu üçün doğru çıxmışdır.
Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.
Mütaliə insanların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında da əvəzsiz vasitədir. Kitab oxumaq həm də diqqət və konsentrasiyanı gücləndirir, bu isə təhsil və iş həyatında daha yaxşı nəticələr əldə etməyə kömək edir. Kitab oxuma yaradıcılığı da artırır. Beynin həm sol, həm də sağ yarımkürəsini hərəkətə gətirərək, həm məntiq və dil, həm də vizual düşüncəni stimullaşdırır.
Nə isə. Söhbəti çox da uzatmayaq, yəqin ki, mütaliə etməyin sağlamlığımıza nə qədər faydalı olduğu aydın oldu. Gəlin, yolumuzu tez-tez kitabxanalardan, kitab mağazalarından salaq. Kitab oxumaqdan usanmayaq. Antik yunan filosofu Sokrat demişkən, mütaliəni vərdişə çevirək! Kitab oxuyaq ki, sağlam olaq!
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)