Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Ulu Öndərin anadan olmasının 102 illiyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə hazırlanıb.

Virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Belə ki materialda Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni təqdim edilir. Virtual kitab sərgisində Ulu Öndərə həsr edilən dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat,  kitab, mütaliə və digər mövzularda qələmə alınan 80-dən çox kitabın tam mətni təqdim edilir. Virtual kitab sərgisi vasitəsilə oxucular kitabxananın elektron kitabxanasında açıq istifadədə təqdim edilən “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti”, “Zamana sığmayan lider”, “Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər”, “Heydər Əliyev və ədəbi irsimiz”, “Qarabağ Zəfərinin tarixi kökləri və Heydər Əliyev”, “Heydər Əliyev və Azərbaycan elmi” kimi kimi kitablar ilə tanış ola bilərlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxanada təşkil edilən “Ulu Öndər Heydər Əliyev” adlı ənənəvi kitab sərgisində Ümummilli Liderin mənalı ömür yolunu, zəngin, çoxşaxəli fəaliyyətini əks etdirən, kitabxananın fondunda saxlanılan və əsasən son illərdə nəşr edilən kitablar sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.