Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan teatr, kino sənətinin inkişafında mühüm rolu olan, böyük bir aktyor nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərən, adı bu gün də dillərdən düşməyən Adil İsgəndərovun anadan olmasının 115 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə Adil İsgəndərovun həyat və yaradıcılığı, təltif və mükafatları, teatr və kino sənətinin inkişafı üçün göstərdiyi xidmətləri haqqında məlumat verilib. 

Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/adil-isgenderov-115 kitab sərgisində Adil İsgəndərovun Azərbaycan aktyorluq sənətinin korifeyləri ilə “Arxadan vurulan zərbə”, “Qanun naminə”, “Axırıncı aşırım” və s. filmlərdə yaratdığı obrazları haqqında məlumat verilib, çəkildiyi “Uzaq sahillərdə”, “Dərviş Parisi partladır” kimi filmlərdən fraqmentlər öz əksini tapıb. Sərgidə Adil İsgəndərov haqqında qələmə alınmış kitabların qısa annotasiyası, eləcə də “Sənət naminə...”, “Adil İsgəndərov kadr arxasında” və s. kimi dövrü mətbuatda çap olunmuş məqalələr, mətbuat nümunələri təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.