Seçmə şeirlər – RƏSUL RZA, “Dördümüzün söhbəti” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA

 

DÖRDÜMÜZÜN SÖHBƏTİ

 

Sığınmışıq qəlbimə:

Ümid,

Şübhə,

Kədər

və mən.

Xeyli keçib gecədən.

Yağış yağır,

külək əsir,

Ümid deyir:

        Yağış kəsəcək,

külək kəsəcək.

Qaranlıq əriyib

sabah olacaq.

Günəş doğacaq,

qızıl telləri saçaq-saçaq.

 

Şübhə deyir:

– Haçaq?

Haçaq

Yağış qara çevrilə bilər,

külək tufana dönə bilər,

gecə uzana bilər?

 

Kədər deyir:

– Yağış qurusa da,

səhər olsa da,

külək kəssə də,

nə təsəlli var,

nə son var

içimdəki yetim səsə.

 

Ümid deyir...

Şübhə yeyir...

Şübhə deyir...

Kədər yeyir...

 

Mən dinləyirəm:

Ümidi,

Şübhəni,

Kədəri.

Gözləyirəm səhəri.

Doğsun günəş

qızıl telləri saçaq-saçaq.

Soruşmuram: "Haçaq?"

Danış, ümid!

Danış!

Köhnə tanış!

                  Moskva, iyul, 1960

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.