Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan muğam sənətinin ən parlaq və sevilən nümayəndələrindən biri, Xalq artisti Könül Xasıyevanın sənət yolu nə qədər zəngindirsə, şəxsi həyatı da bir o qədər ağır sınaqlar və ağrılarla doludur. Onun ifalarındakı dərin hüzn və emosionallıq, əslində təbiətin ona bəxş etdiyi istedadla yanaşı, yaşadığı real həyat acılarının musiqidəki əks-sədasıdır.
Könül Xasıyeva hələ uşaq yaşlarından məsuliyyət yükünü çiyinlərində daşımağa başlamışdır. O, cəmi 11 yaşında olarkən ailəsinə maddi cəhətdən kömək etmək və dəstək olmaq məqsədilə el şənliklərində, toylarda çıxış etməyə qərar verir. Bu erkən yaşda başlayan sənət fəaliyyəti onun gələcəkdə böyük muğam ustadı kimi yetişməsində mühüm rol oynasa da, uşaqlıq illərini zəhmətlə keçirməsinə səbəb olur.
Sənətçinin həyatını və səhhətini kökündən dəyişən hadisə isə 2000-ci ildə Bakıda baş vermiş dəhşətli zəlzələ olur. Həmin təbii fəlakət zamanı keçirdiyi güclü qorxu və sarsıntı xanəndənin sağlamlığında dərin izlər buraxır. Mhz bu hadisədən sonra onun sinir sistemində və səhhətində ciddi fəsadlar yaranır. Könül Xasıyeva gecələr yata bilmir, ürək döyüntülərinin hədsiz dərəcədə yüksək olması səbəbindən hər gecəni yuxusuz keçirməyə məhkum olur. Bu bitmək bilməyən yuxusuzluq onun həm fiziki, həm də mənəvi gücünü tükədir.
Lakin taleyin xanəndəyə hazırladığı ən ağır sınaq hələ irəlidə idi. Bir müddət sonra onun yeganə oğlu da ağır xəstəliyə yaxalanır. Övladının ağrıları qarşısında öz canını unudan fədakar ana, dərhal öz müalicələrini yarımçıq saxlayır. O, bütün diqqətini, enerjisini və imkanlarını övladının sağalmasına xərcləyir. Öz səhhətini tamamilə arxa plana atan Könül Xasıyeva, övladı üçün canını sipər edərək böyük bir ana fədakarlığı nümayiş etdirir.
Bütün bu dözülməz fiziki ağrılara, ailə qayğılarına və ağır xəstəliklərə rəğmən, o, sənətdən və musiqidən əsla qopmur. Yaradıcılığının vizit kartına çevrilən və dinləyənlərin qəlbini sarsıdan "Gecələr" mahnısı da elə bu ağrıların məhsuludur. Xalq artistinin özünün də etiraf etdiyi kimi, o, bu mahnıda başqasının yox, məhz özünün keşməkeşli taleyini, yuxusuz qaldığı o uzun gecələri və çəkdiyi acıları oxuyur. Könül Xasıyevanın ifasındakı "Gecələr" sadəcə bir musiqi deyil, bir sənətkarın real həyat dramıdır.
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)


