Sanki cəmi 5 gün yaşadı... Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

AşıqKamandartam 68 il yaşadı, öz sənəti ilə ustad kimi ad qoydu, dastanlar yaratdı, yüzlərlə şəyird yetişdirdi, o qədər işlər görməyi düşünürdü ki. Ömür sürətlə keçdi, çox işləri də yarımçıq qaldı. Niyə cəmi 5 gün yaşayıbmış kimi qiymət veririk yaşadığı ömrünə?

Sanki simvolikdir, 21 oktyabrda doğuldu, 26 oktyabrda da vəfat etdi. 68 ili saymasaq, cəmi 5 gün yaşadı...

 

Bu günə anım günü təsadüf edən Aşıq Kamandar 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.

Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparıb. 15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak edib. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılıb. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləyib.

O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülüb. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olub. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olub.

Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri", "Qaragöz balam" "Doğma Gürcüstanım" və s. Onun ifasında 34 dastan audo, video kasetlərə yazılmış və sənətsevərlərə çatdırılıb. Aşıq Kamandarın Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu lent yazıları saxlanılır.

Ustadın anadan olmasının 60 və 65 illik yubleyləri Gürcüstanda və Azərbaycanda hökumət səviyyəsində qeyd olunub. Gürcüstan prezidentinin fərmanı ilə anadan olmasının 65 illiyi şərəfinə "Şərəf"ordeni verilib. Universal el sənətkarı və şairi kimi daha da məşhurlaşdı, 1989-cu ildə Bakıdakı "Yazıçı" nəşriyyatı tərəfindən onun ilk "Borçalı laylası" adlı şeirlər kitabı işıq üzü gördü.

Aşıq-el sənətinə bütün varlığı ilə bağlı olan, Azərbaycan xalqının XX əsrdə yetirdiyi filosoflardan biri – əslən Borçalıdan olan mudrik alimimiz Camal Mustafayev bu kitaba yazdığı ön sözdə qeyd edir: "Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət təşkil edir. "Borçalı laylası"nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnib". Bu, dağ bulaqlarının saflığını və sağlamlığını öz misralarına hopdura bililb.  Ustad aşığın yazmış olduğu şeirlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur.

 

Mərd olan düşər zəhmətə,

Namərd yetişməz ziynətə,

Çörək itirən müxənnətə,

Haqq özü "qənim" olaydı!

 

Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında Azərbaycanın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq yaradıcılığı tərənnüm olunub:

 

Aşıq Kamandaram, dedim hər zaman,

Sazın hikmətini nadandı danan.

Gecələr yuxusu gözündə yanan,

Analar laylası telli sazdadı.

 

 

Kitabları

- "Borçalı laylası"

- "Bənövşə"

- "Mən ellər aşığı xan Kamandaram"

- "Kamandar dünyası"

- Xan Kamandar. Bakı, "Elm və təhsil", 2012. 392 səh. (+16 səh. şəkil) (Tərtib edəni və nəşrə hazırlayanı: Musa Nəbioğlu

 

Ulu ozan sənətinin azmanı 2000-ci il oktyabrın 26-da uzun sürən xəstəlikdən sonra vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.