İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir neçə səs tembri ilə Azərbaycan və dünya opera səhnələrində ən çox obraz (49 obraz) yaradan və 5 oktava həcmində səs diapazonuna malik olan İlham Nəzərov M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və "ÜNS Yaradıcılıq Səhnəsi"nin solistidir.
Azərbaycan Respublikasının əməkdar artisti İlham Nəzərov 5 oktyabr 1985-ci ildə Şirvan şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə, musiqiyə böyük həvəs göstərib. İfaçının ilk yaradıcılıq uğurları da uşaqlıq illərinə təsadüf edir. Belə ki, bu illərdə o, bir sıra festival və müsabiqələrdə iştirak edərək müvəffəqiyyətlər qazanıb. Musiqi təhsilinə xanəndə kimi Xalq artisti Ağaxan Abdullayevin sinfində başlasa da, daha sonralar akademik vokalla məşğul olub
İfaçı 2003-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" fakültəsinə daxil olub. 2006-cı ildə "ÜNS Yaradıcılıq Səhnəsi"ndə fəaliyyətə başlaması musiqiçinin yaradıcılığında əlamətdar hadisəyə çevrilərək gələcək uğurlarının başlanğıcını qoyub. Sənətkarın ilk canlandırdığı obraz da həmin teatrın səhnəsində baş tutub
Belə ki, ifaçı T. Quliyevin mahnılarından ibarət "Bakı" musiqili səhnə əsərində iştirak edib. Tamaşa rusiyalı teatr xadimlərinin iştirakı ilə səhnələşdirilib.
Kvazimoda obrazını Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə fransız dilində, 17 – 18 iyun 2010-cu ildə isə Heydər Əliyev adına sarayda rus dilində ifa etməsi İlham Nəzərova böyük uğur qazandırıb. Vokal ifaçısının sənət yolunda Xalq artisti Firəngiz Əlizadənin "İntizar" operası əhəmiyyətli rol oynayaraq yaradıcılığının gələcək istiqamətini müəyyən edən hadisəyə çevrilib.
Belə ki, 2010-cu ildə Heydər Əliyev adına Sarayın səhnəsində Heydər Əliyev fondunun dəstəyi ilə səhnələşdirilən "İntizar" operasında ilk dəfə Yad adam obrazını canlandıran İlham Vəzirov böyük uğura imza atır. Tamaşanın quruluşçu rejissoru Rusiyanın xalq artisti, "Helikon Opera" opera teatrının bədii rəhbəri Dmitri Bertman, dirijoru Vladimir Ponkin, quruluşçu rəssamı H. Şorqhofer, xormeysteri xalq artisti G. İmanova, geyim üzrə rəssamı isə K. Xrome və başqaları olub
Qeyd edək ki, ifaçı Yad adam obrazında 7 dəfə: 2010-cu ildə (ilk dəfə olaraq Heydər Əliyev adına Respublika sarayında), 4 may 2014-cü ildə, 17 yanvar 2015-ci ildə, 11 noyabr 2015-ci ildə, 16 dekabr 2015-ci ildə, 24 may 2017-ci ildə və 19 yanvar 2019-cu ildə (Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında) çıxış edib. Yad adam obrazı İ. Nəzərovun ən sevimli obrazlarından biridir.
Tamaşanın uğurlu premyerasından sonra sənətkarı Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı solist kimi dəvət edir. Burada onun canlandırdığı ilk obraz dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Nofəl olur. 29 may 2009-cu ildə İlham Nəzərov Bakı Musiqi Akademiyasının Böyük zalında ilk solo konsertini verməyə nail olur. O, həmçinin Azərbaycanda 2009, 2011, 2015, 2017 və 2019-cu illərdə də solo konsertlər vermiş, 2009 və 2011-ci illərdə bariton, 2015, 2017 və 2019-cu illərdə isə kontratenor kimi çıxış edib.
2010-cu ildə isə sənətçi Bakı Musiqi Akademiyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək İtaliyanın məşhur musiqi akademiyalarından biri olan "Accademia D'arte lirica Osimo" ya bariton kimi daxil olub. Burada onun kontratenor səs tembri ilə ifa etməyə başlaması yaradıcılığında dönüş nöqtəsinə çevrilib. Akademiyada o, dünyaşöhrətli Vinçenzo de Vivonun sinfində təhsil alıb
Qeyd edək ki, İ. Nəzərov 2011-ci ildən Azərbaycan musiqi mədəniyyəti tarixinə ilk kontratenor kimi daxil olub. Qeyd edək ki, İ. Nəzərov soprano səs çalarına malik ifaçıdır ki, bu da nadir rastlanan haldır. Musiqiçi qısa zaman ərzində kontratenor repertuarının çox hissəsini mənimsəyərək bir sıra müsabiqə və festivallarda iştirak etməyə başlayır. İ. Nəzərovun kontratenor kimi debütü İtaliyada A. Skarlattinin "Passione Secondo Giovanni" oratoriyası ilə (Testo, Pilatus) baş tutur.
Bir çox teatrlar onu öz səhnələrində görmək istəyirlər. 2015-ci ildə təşkil olunan konsertlərdən birində Maestro Rikkardo Muti onu "Ravenna" musiqi festivalında çıxış etməsini istəyir. İlham Nəzərov yaradıcılığında bir neçə janrları müvəffəqiyyətlə paralel şəkildə davam etdirib. Onun ifasında xalq musiqisi, caz, estrada musiqisi nümunələri yüksək peşəkarlıqla təqdim olunur.
İ. Nəzərov Azərbaycan və onun xaricində bir çox opera tamaşalarının, mötəbər festivalların, konsertlərin iştirakçısıdır. Sənətçinin 2015-ci ildə ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində P. Çaykovskinin "Qaratoxmaq qadın" operasından Prilepa partiyasını kontratenor kimi ifa etməsi dünya vokal ifaçılığı tarixində ilk hadisədir.
Sənətçi onlarla mötəbər vokal müsabiqələrinin qalibidir. Burada İnternational Baroque Music Competition, (I yer), The Best Countertenor of the World, (II yer), Vokalçıların M. Maqomayev adına IV Beynəlxalq Müsabiqəsi" (I yer), "Большаяопера" telemüsabiqəsinin finalçısı, İnternational Vocal Coach Competition (I yer), Voice of Astana (III yer), Internazionale Musicale "Citta di Pesaro" (I yer), C. Hacıyev adına Beynəlxalq müsabiqə (Qran-Pri), Best F. Schubert İnterpreter (I yer) və digərlərini göstərmək olar.
5 dəfə Prezident Mükafatına layiq görülüb. 2008-ci ildə hərbi xidmətdə fərqləndiyinə görə Müdafiə Nazirliyinin əmrinə əsasən "Azərbaycan Silahlı Qüvvələrinin Yubiley Medalı" (1918–2008) ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(05.10.2026)


