1 Oktyabr – Beynəlxalq Musiqi Günüdür Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

1 oktyabr Beynəlxalq Musiqi Günüdür. Bu gün YUNESKO-nun Musiqi Şurasının təşəbbüsü ilə 1975-ci il oktyabrın 1-də Lozannada Şuranın XV Baş Assambleyasında təsis edilmişdir.

 

Musiqi gününün əsas məqsədi insanlar arasında sülh, dostluq və qarşılıqlı anlaşmanı təşviq etmək, musiqi sənətini gənc nəslə aşılamaq və mədəni irsi qorumaqdır. Müxtəlif xalqlar və mədəniyyətlər arasında dostluq əlaqələrini gücləndirmək, sülh və qarşılıqlı anlaşma ideallarını musiqi vasitəsilə bəşəriyyətə çatdırmaq, musiqini cəmiyyətin bütün təbəqələri arasında yaymaq və tanıtdırmaq, fərqli xalqların musiqi irsinə və estetik dəyərlərinə qarşılıqlı hörmət mühiti yaratmaq da onun məqsədlərinə daxildir.

Musiqi, yer üzündə min illərdir mövcud olan, bəşəriyyətin ən böyük ixtirasıdır. Bu unikal mədəniyyət dili, insanların özünüifadəsinin ayrılmaz hissəsidir, müxtəlif xalqların mədəni ənənələrini və adətlərini özündə əks etdirir. Musiqinin dili milliyyətindən və dil mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün sadə və başa düşüləndir.

Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Hələ vaxtı ilə Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilmişdir. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarmışlar.

Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır. Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır.

Musiqi intəhasız, heç bir ölçüyə sığışmayan gücə malikdir. Bir çox məşhur bəstəkarlar daxili dünyalarını, duyğularını, istək və arzularını ifadə etmək üçün musiqidən istifadə ediblər. Onların adı məhz musiqinin qüdrəti sayəsində tarixə və gələcək nəsillərin yaddaşına yazılıb.  

Beynəlxalq Musiqi Günü bütün dünyada hər il ən yaxşı sənətkarların və bədii kollektivlərin iştirakı ilə böyük konsert proqramları ilə qeyd olunur, həmçinin dünya mədəniyyəti xəzinəsinə daxil olan bəstələr dinlənilir. Eyni zamanda, bəstəkarlar, ifaçılar, musiqişünaslarla yaradıcılıq görüşləri keçirilir, tematik sərgilər və maarifləndirici tədbirlər təşkil olunur ki, bu da musiqinin bir sənət kimi müxtəlif icmalarda yayılması məqsədinə xidmət edir. Beynəlxalq Musiqi Günü həm də xalqlar arasında yaxınlaşma və dostluq, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi ideyasını həyata keçirir.

Beynəlxalq Musiqi Günündə bütün dünyada olduğu kimi Azərbaycanda da bir çox mədəniyyət ocaqlarında, konsert zallarında, mədəniyyət evlərində, kitabxanalarda, muzeylərdə konsertlər təşkil olunur, maraqlı tədbirlər keçirilir, dünyaca məşhur sənətkarların əsərləri dinlənilir, dünya musiqi atətləri ilə tanış olunur, bəstəkarlar, ifaçılar, musiqişünaslarla yaradıcılıq görüşləri keçirilir, tematik sərgilər, maarifləndirici tədbirlər təşkil olunur.

Musiqi heç vaxt qocalmır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət var olduqca yaşayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2026)

 

 

                                                                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.