Bayağı musiqinin mənəviyyatımıza təsiri Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Musiqi bəşəriyyətin yaranışından bəri insanın daxili aləmini təsvir,  duyğularını ifadə edən, ruhunu qidalandıran və saflaşdıran ən güclü incəsənət növlərindən biridir. O, sadəcə səs dalğalarının ahəngdar birləşməsi deyil, həm də insanın mənən formalaşmasında, estetik zövqünün inkişafında və xarakterinin cilalanmasında müstəsna rol oynayan mənəvi fenomendir. Insan hansı musiqini dinləyirsə, bir növ daxili aləmini də həmin səslərlə inşa edir. Bu səbəbdən mənəviyyatca zəngin, xeyirxah və yetkin şəxsiyyətin formalaşmasında doğru musiqi seçimi mühüm əhəmiyyət kəsb edir.

 

 Təəssüf ki, son dövrlər gənclər arasında bayağı musiqiyə meyl güclənməkdədir. Bu isə yalnız zövq məsələsi deyil; sosial, psixoloji və texnoloji faktorların kəsişməsində baş verən kompleks bir prosesdir. Cəmiyyətin mənəvi və intellektual gələcəyi ilə birbaşa bağlı olan ciddi sosial məsələdir.

 Bəs bayağı musiqiyə gənclərin maraq və meylinin artmasının səbəbləri nədir? Həmin səbəbləri aşağıdakı kimi qruplaşdırmaq və ümumiləşdirmək olar:   

* müasir gənclik qısa, bəsit və dərhal təsir edən kontentə vərdiş edib. Bayağı musiqilər mürəkkəb harmoniya və dərin mətn tələb etmədiyi üçün beyni yormur və dərhal "meyil" yaradır,

* dərin fəlsəfi mətni və ya mürəkkəb instrumental quruluşu olan əsərləri dinləmək diqqət və səbir tələb edir. Bayağı musiqi isə ritmik təkrar üzərində qurulduğundan tez mənimsənilir,

*  TikTok, Instagram Reels və YouTube Shorts kimi platformalarda 15–30 saniyəlik dinamik, diqqətçəkən və rəqs edilə bilən ritmlər öndə olur. Musiqinin bütöv bədii dəyəri yox, yalnız bir parçası trendə çevrilir,

* alqoritmlər kütləvi şəkildə kliklənən sadə ritmləri daha çox önə çıxarır, bu da gənclərdə "hər kəs buna qulaq asırsa, mən də dinləməliyəm" psixologiyası yaradır,

* yeniyetmə və gənclər üçün həmyaşıdlarının mühitinə - məclisinə  daxil olmaq önəmlidir. Həmin məclislərdə və ya əyləncə məkanlarında ən çox səslənən musiqi isə avtomatik olaraq ünsiyyət vasitəsinə çevrilir,

* bayağı musiqilərin ritmik və ya hadisələri həddən artıq primativ şəkildə təqdim edən mətnləri gənclər üçün bir növ "gecə-gündüz" əyləncəsi və ya gündəlik düşüncələrdən, qayğılardan qaçış rolunu oynayır,

* peşəkar bəstəkarlıq, keyfiyyətli aranjiman və dərin poeziya böyük zəhmət və resurs tələb edir. Səthi ritmlər və primitiv qafiyələr isə ev şəraitində, minimal xərclə tez bir zamanda kütləvi şəkildə istehsal olunur,

 * alternativlər az təbliğ olunur; keyfiyyətli musiqinin, klassik irsin və ya peşəkar estraddanın gənclərin anlayacağı modern dildə təqdim edilməməsi də aradakı məsafəni böyüdür.

Zövqsüz musiqi gənclərin daxili aləminə, dəyərlər sisteminə və gündəlik davranış modellərinə düşündüyümüzdən daha çox təsir edir. Çünki yeniyetməlik və gənclik dövrü şəxsiyyətin formalaşdığı, psixoloji həssaslığın ən yüksək  mərhələsi olduğu üçün bu yaş qrupunda şüuraltı təsirlər daha sürətlə kök salır. 

İlk növbədə kritik düşüncənin və diqqətin zəifləməsi baş verir. Bayağı musiqilər adətən eyni, təkrar olunan bəsit ritmlər və mürəkkəb sintaksisi olmayan sözlər üzərində qurulur. Belə səs strukturları beyni intellektual gərginlikdən azad edir, lakin daimi dinlənildikdə analitik düşünmə və konsentrasiya qabiliyyətini kütləşdirir. Nəticədə gənc hər hansı bir mövzuya dərindən nüfuz etməkdə, uzunmüddətli diqqət tələb edən işlərlə (kitab oxumaq, tədqiqat aparmaq və s.) məşğul olmaqda çətinlik çəkir.

Bayağı – səviyyəsiz musiqi mətnlərində çox vaxt zərərli tendensiyalar üstünlük təşkil edir, mənfi həyat modelləri normallaşdırılır. Orada qanunsuzluğun, güc nümayişinin, tərki-dünyalılığın və ya psixotrop maddələrin dolayısı ilə təbliği gənclərdə bu cür davranışların cəlbedici görünməsinə səbəb olur. Mətnlərdəki həddindən artıq bədbinlik, mübarizəsizlik, hər şeyi "taleyin boynuna yıxmaq" anlayışı onlarda ruh düşkünlüyü və passivlik yaradır. Bu da gəncləri çətinliklər qarşısında dayanıqsız edir. İnsani keyfiyyətlər əvəzinə sırf maddiyyatın, dəbdəbənin və səthi həyat tərzinin ön plana çəkilməsi əxlaqi-mənəvi və etik dəyərlər sistemini aşındırır.

Səthi və aqressiv ritmlər gənclərdə empatiya hissini azaltmaqla yanaşı, səbəbsiz həyəcan, gərginlik və ya laqeydlik hissi yaradır. Bayağı musiqi dinləyən gənc öz emosiyalarını dərinləşdirə bilmir, çünki bu musiqilər ona hisslərini anlamağa deyil, onları səthi yaşamağa şərait yaradır. Bu isə həm ailə daxilində, həm də cəmiyyətdə ünsiyyət problemlərinə və mənəvi özgələşməyə gətirib çıxarır.

          Musiqi həm də sosial identikliyin göstəricisidir. Bayağı musiqinin formalaşdırdığı kütləvi zövq gənclərin jarqon sözlərdən istifadə etməsinə, kobud rəftar modellərini mənimsəməsinə və etik normalara riayət etməməsinə təkan verir. Bu proses gəncin asudə vaxtını səmərəsiz keçirməsinə və sosial baxımdan faydalı fəaliyyətlərdən uzaqlaşmasına zəmin yaradır.

Halbuki dərin məzmuna malik musiqi nümunələri insanı pis vərdişlərdən, aqressiyadan uzaqlaşdıraraq onu daha xeyirxah və humanist edir. Müsbət və həzin melodiyalar insanda mərhəmət, empatiya, sevgi və dinclik kimi hissləri oyadır. Bəstələrin ahəngini dinləyərkən insan öz daxili dünyasına nəzər salır, kədərini və ya sevincini musiqi vasitəsilə yaşayır. Bu proses emosional intellektin inkişafına şərait yaradır; insan başqalarının hisslərini daha yaxşı anlamağı və öz emosiyalarını idarə etməyi öyrənir. Bu cur musiqini duymaq və anlamaq qabiliyyəti  dünyagörüşünü genişləndirir, insanı dayazlıqdan və səthi düşüncələrdən qoruyur.

Gənclər arasında bayağı musiqinin yayılmasının qarşısını inzibati qadağalarla almaq effektiv deyil; çünki qadağa çox vaxt əks-reaksiya və maraq doğurur. Bu meylin qarşısını inzibati qadağalarla almaq mümkün olmadığı üçün əsas yük ailənin, məktəbin və media mühitinin üzərinə düşür. Ən doğru yol isə alternativlər təklif etmək, estetik zövqü formalaşdırmaq və gənclərdə tənqidi təfəkkürü inkışaf etdirməkdir.  

Erkən yaşlardan ailələrdə estetik mühitin yaradılmasına nail olmaq lazımdır. Uşağın eşitmə yaddaşı və zövqü kiçik yaşlardan formalaşır. Ailədə keyfiyyətli xalq musiqisinin, klassik əsərlərin və ya dərin məzmuna malik bəstələrin dinlənilməsi uşaqda baza zövqünü formalaşdırır. Həm də ailələrdə musiqi sadəcə fon olaraq qalmamalı, dinlənilən əsərlərin sözləri, mənası və emosional təsiri haqqında övladlarla vaxtaşırı söhbətlər aparılmalıdır.

Təhsil müəssisələrində musiqi dərsləri yalnız nəzəriyyə və ya sadə mahnı oxumaqla məhdudlaşmamalıdır. Dərslərdə gənclərə musiqinin psixologiyası, səslərin insan beyninə təsiri və keyfiyyətli musiqi ilə bayağı musiqi arasındakı fərqlər praktiki şəkildə izah edilməlidir. Musiqi mətnlərini mütaliə və mənimsəmə (oxuyub anlama) vərdişləri gücləndirilməlidir. Şeir, poeziya və ədəbiyyat sevgisi olan gənc bayağı musiqinin mənasız, qafiyə xatirinə yazılmış sözlərini qəbul edə bilmir. Mətnin dərinliyini anlamaq bacarığı bəsit musiqiyə qarşı təbii immunitet yaradır. Məktəb və universitet tədbirlərində həmçinin bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, canlı ifalara, məktəb xorlarına və instrumental ansambllara üstünlük verilməlidir.

Sosial media platformalarında (TikTok, YouTube, Instagram) klassik, caz, muğam və keyfiyyətli etno-caz nümunələrini gənclərin anlayacağı müasir, maraqlı və dinamik formatda (qısa videolar, podkastlar) təqdim etmək lazımdır. Müzikoloqlar və gənc bloqerlər tərəfindən bayağı musiqi mətnlərinin "analizi" aparılaraq, oradakı məntiqsizliklər, dil qüsurları və mənfi mesajlar yumoristik və ya analitik dildə gənclərə göstərilməlidir.

Gənclərin musiqi alətlərində çalmağı öyrənməsi üçün pulsuz və ya əlçatan dərnəklərin, gənclər mərkəzlərinin sayı artırılmalıdır. Özü hər hansı bir alətdə ifa etməyi öyrənən gənc musiqinin yaranma çətinliyini dərk edir və bəsit səs-küyə marağını itirir.

Gənclər arasında canlı konsert mədəniyyətinin inkişafına da önəm verilməlidir. Simfonik orkestrlərin, xalq çalğı alətləri ansambllarının gənclər üçün əlçatan (və ya güzəştli) canlı konsertləri tez-tez təşkil olunmalıdır. Sirr deyil ki, canlı ifanın yaratdığı akustik və emosional təsiri heç bir bayağı lent yazısı əvəz edə bilmir.

Ailədən başlayan baza zövqü, təhsildə formalaşan poeziya sevgisi və canlı sənət mühiti  gənclərdə bayağılığa qarşı sarsılmaz mənəvi immunitet yaradır.

Yüksək estetik zövqə və zəngin daxili aləmə yiyələnmiş gənclər isə cəmiyyətin mədəni kodlarını gələcəyə daşıyan sarsılmaz sütunlara çevrilirlər. Onlar təkcə öz ruhlarını qorumur, həm də cəmiyyətin mədəni gələcəyini inamla inşa edirlər.  

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.