Kontrabadsa ifa edir İlyas Hüseynov Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Kontrabas Azərbaycanda bəlkə də ən az tanınan musiqi alətidir. Amma simfonik musiqidə, simli alətlərdə onun xüsusi yeri və çəkisi olduğu şəksizdir. Deyəcəksiniz, öz çalğı alətlərimizə nə gəlib, kontrabasa meyl edək. Amma unutmayaq, musiqi aləmi çox zəngindir, hər damlası fərqli və gözəldir.

 

Görkəmli kontrabas ifaçısı İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik edib.

Sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.

İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib.

Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar. Daha sonra ailəsi ilə birgə Almaniyanın paytaxtı Berlin şəhərinə köçüb və yaradıcılığını orda davam etdirib.

 

Mükafatları

1. "Əməkdə fərqlənməyə görə" medalı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

2017-ci il 12 yanvarda Berlin şəhərində vəfat edib. Berlin şəhərində dəfn olunub.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.